Regionun inkişafında
Azərbaycan aparıcı rol oynayır
Üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə
biznes-forumunda bu fikir bir daha səslənmişdir
Artıq
danılmaz faktdır ki, Azərbaycan-Gürcüstan-Türkiyə
regional əməkdaşlığı strateji əməkdaşlıq
səviyyəsinə yüksəlib. Son 100 ildə dünyada
yaşanan ən böyük sosial-iqtisadi böhran
dövründə bu əməkdaşlığın
böyük əhəmiyyəti vardır. Mütəxəssislərin
bildirdiyinə görə, hər üç ölkənin
dünyanı təhdid edən sosial-iqtisadi böhranı tamam
təsirsiz və ya minimum təsirlə qarşılamağında
aralarındakı əməkdaşlığın da rolu az
olmamışdır. Azərbaycanın, Gürcüstanın və
Türkiyənin iqtisadiyyatının
dayanıqlılığında bu möhtəşəm əməkdaşlığın
da öz yeri, öz əhəmiyyəti var.
Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin Mustafayev zaman keçdikcə
daha da inkişaf edən bu əməkdaşlığın hər
üç ölkə rəhbərinin siyasi iradəsindən
asılı olduğunu bildirir və qeyd edir ki, əgər
ölkələr arasında kiçicik bir problem olsaydı,
şübhəsiz ki, qarşılıqlı sosial-iqtisadi əlaqələrin
regional əməkdaşlıq səviyyəsinə yüksəlməsi
çətin olardı. Bu əməkdaşlığa
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan
obrazlı şəkildə belə qiymət verir: "Hər
üç ölkə təkcə könülləri ilə
deyil, həm də dəmiryolları ilə, enerji xətləri
ilə bir-birinə bağlıdır".
Bu gün
Azərbaycan, Gürcüstan və Türkiyə
arasındakı regional əməkdaşlıq dünyada bir
örnəkdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
üçtərəfli formatda təşkil edilən Azərbaycan-Gürcüstan-Türkiyə
biznes-forumları regional strateji tərəfdaşlığın
mühüm göstəricisidir. Birinci və ikinci
biznes-forumları Tbilisi və Qars şəhərlərində
keçirilib. Üçüncü forumun Azərbaycanın qədim
və gözəl guşələrindən olan və bu
gün inkişafının ən yüksək mərhələsini
yaşayan Qəbələdə keçirilməsi bir daha
sübut edir ki, sosial-iqtisadi yüksəliş təkcə
paytaxt Bakını deyil, bütün ölkəni əhatə
edir.
Yeri gəlmişkən
bir məqamı da qeyd edək ki, biznes-forumlar dördtərəfli
formatda da keçirilə bilərdi - əgər
işğalçı Ermənistan təcavüzkar niyyətindən
və separatçı xislətindən əl çəkib
regionda birgəyaşayış qaydalarına, beynəlxalq
hüquqlara və ən adi insanlıq prinsiplərinə əməl
etsəydi.
Nazir
Şahin Mustafayev: "Bu uğurların fonunda regionda
yalnız bir ölkə - işğalçı Ermənistan
regional proseslərdən kənarda qalmışdır. Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzü,
qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın
genişləndirilməsinə ciddi maneələr törədir
və bu ölkə təcavüzkar siyasəti nəticəsində
regional layihələrdə iştirakdan məhrumdur. Buna
görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma
yuvarlanır. Bu siyasətə son qoyulmayanadək Ermənistanın
hər hansı bir regional layihədə iştirakı
mümkün olmayacaqdır".
Üçüncü
biznes-forumun Azərbaycan-Türkiyə-Gürcüstan
dostluğunun və əməkdaşlığının daha
bir nümunəsi olduğunu, regionun inkişafında Azərbaycanın
yüksək rol oynadığını qeyd edən Türkiyənin
iqtisadiyyat naziri Zəfər Çağlayan ölkəmizin
sürətli iqtisadi inkişafını böyük maraqla
izlədiyini bildirərək xüsusi
vurğulamışdır: "Ermənistan Azərbaycan
torpaqlarını işğaldan azad etməyincə Türkiyənin
Ermənistanla əməkdaşlığından söhbət
gedə bilməz. Türkiyə daim qardaş Azərbaycanı
dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir".
Gürcüstanın
iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili
üç ölkənin regional əməkdaşlığının
əhəmiyyətinin zaman keçdikcə daha da
artdığını qeyd etməklə yanaşı,
bildirmişdir ki, son illər Azərbaycan və Türkiyə
tərəfindən Gürcüstan iqtisadiyyatına irihəcmli
investisiyalar yatırılır: "Hər üç ölkənin
iştirakı ilə reallaşdırılan layihələr həm
regionun inkişafında, həm də ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsində
xüsusi önəm kəsb edir". Gürcüstanlı
nazir üçtərəfli formatda növbəti biznes-forumun
bu ilin oktyabrında Batumidə keçirilməsini təklif
etmişdir.
Bəli,
mayın 25-də Qəbələdə İqtisadi
İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO),
Gürcüstanın "İnvest in Georgia" Milli
İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi
Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı
ilə keçirilən üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə
biznes-forumu qarşılıqlı sosial-iqtisadi əlaqələrin
yeni mərhələsinin müzakirə edilməsi, yeni
planların, layihələrin nəzərdən keçirilməsi
baxımından çox əhəmiyyətli olmuşdur.
Forumda hər üç ölkənin iqtisadiyyat nazirlərinin,
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının baş katibinin və digər rəsmi
şəxslərin iştirakı, sənaye, energetika, kənd
təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət,
ticarət və s. sahələrdə fəaliyyət göstərən
250-dən çox iş adamının tədbirə
qatılması bir daha sübut etmişdir ki, regional strateji tərəfdaşlığın
inkişafı və perspektivi priorotetdir. Regional
inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi
bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial
böhranın neqativ təsirlərinə qarşı yüksək
dayanıqlıq nümayiş etdirilməsində, regionun
imkanlarından daha səmərəli istifadə olunmasında,
eləcə də hər üç ölkənin davamlı
sosial-iqtisadi inkişafında böyük əhəmiyyət
kəsb edir.
AZPROMO-nun
rəhbəri Rüfət Məmmədovun Azərbaycanın
investisiya mühiti və biznes imkanlarına, regional iqtisadi əməkdaşlıq
perspektivlərinə, Sumqayıt Kimya Sənaye Parkının
direktor müavini Zaur Məmmədovun Sənaye Parkının
yaradılması istiqamətində görülən işlərə
və onun perspektivlərinə, Gürcüstanın Milli
İnvestisiyalar Agentliyinin direktoru Georgi Pertayanın öz
ölkəsinin investisiya imkanlarına dair təqdimatları
biznes-forumlararası görülən işlər və
perspektiv imkanları dəyərləndirmə
baxımından da maraq doğurmuşdur. Türk-Gürcü
İş Şurasının sədri Tuğrul Erkin və
Türk-Azərbaycan İş Şurasının sədri
Cengiz Gülün çıxışlarında iş
adamları arasındakı əlaqələrin daha da
genişləndirilməsini önə çəkmələri
bir daha sübut etmişdir ki, qarşıda yetərincə
görüləsi işlər mövcuddur.
Təqdirəlayiq
haldır ki, bu gün Azərbaycan, Gürcüstan və
Türkiyə arasında ticarət əlaqələri,
qarşılıqlı investisiya yatırımları
genişlənir. Möhkəm qanunvericilik bazasının
formalaşması, hökumətlərarası
komissiyaların, AZPROMO, DEİK, ATİB, TUSİAB, AZEBİ,
"İnvest in Georgia", Türkiyədə Fəaliyyət
Göstərən Azərbaycanlı İş Adamları
Birliyi və s. qurumların məhsuldar fəaliyyəti,
müntəzəm olaraq biznes-forumların, sərgilərin və
digər tədbirlərin keçirilməsi iş adamları
arasında əlaqələrin genişlənməsinə əlverişli
zəmin yaradır, ticarət dövriyyəsi və investisiya
qoyuluşları artır.
Ötən
il Azərbaycan və Türkiyə arasında ticarət
dövriyyəsi 20,6 faiz artıb. Hazırda Azərbaycanda
2000-dən artıq türk şirkəti, Türkiyədə
1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət
göstərir. Azərbaycandakı xarici şirkətlərin
36 faizini türk şirkətləri təşkil edir.
Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı
vəsait hesabına həyata keçirilən layihələrdə
podratçı və subpodratçı qismində iştirak edirlər. Azərbaycanda əsas
kapitala türk şirkətləri tərəfindən 2,1
milyard dollar həcmində sərmayə
qoyulub ki, bunun da 1,5 milyardı qeyri-neft sektorunun payına
düşür. Azərbaycanın xarici ölkələrə
yatırdığı investisiyaların həcminə görə
Türkiyə birinci yeri tutur. Təkcə ARDNŞ tərəfindən
Türkiyəyə 2018-ci ilədək 17 milyard dollar həcmində
investisiya yatırılacaq. İri layihələr
sırasında "Petkim" neft-kimya kompleksinin səhmlərinin
alınmasını, "Star" neft emalı zavodunu qeyd etmək
olar.
Ötən
il Gürcüstanla ticarət dövriyyəsi 12,1 faiz
artıb. Azərbaycanda 150-dən artıq Gürcüstan
şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan
şirkəti fəaliyyət göstərir. Azərbaycan
şirkətləri tərəfindən indiyədək
Gürcüstanda 7700-dən artıq iş yeri
yaradılıb. Nazir Ş.Mustafayevin bildirdiyinə görə,
təkcə son 2 il ərzində Azərbaycan tərəfindən
Gürcüstan iqtisadiyyatına 210 milyon dollar həcmində birbaşa
investisiya yatırılıb. Həyata keçirilən layihələr
sırasında inşaat, turizm və nəqliyyat infrastrukturu
layihələrini, Kulevi sənaye zonasında hazırda tikilməkdə
olan Karbamid istehsalı zavodunu misal göstərmək olar.
Hər
üç ölkənin turizm perspektivinin və əlaqələrinin
genişləndirilməsinin vacibliyi də forumda qeyd
edilmişdir. Bir dəfəyə hər üç ölkəyə
turist səfərlərinin təşkili, Birgə
İnvestisiya Fondunun yaradılması, dördüncü bir
ölkəyə birgə yatırımlar qoyulması təklifləri
də səsləndirilmişdir.
Forumda bir
daha vurğulanmışdır ki, hər üç dövlət
başçısının siyasi iradəsi,
qarşılıqlı hörmət və maraq,
xalqlarımız arasında tarixən mövcud olan
qardaşlıq və dostluq münasibətləri, ölkələrimizin
iqtisadiyyatında müşahidə edilən davamlı
inkişaf, makroiqtisadi sabitlik, biznes və investisiya mühiti, əlverişli
coğrafi mövqeyə və böyük tranzit imkanlarına
malik olmağımız Azərbaycan-Türkiyə-Gürcüstan
regional əməkdaşlığının
uğurlarını şərtləndirən əsas amillərdir.
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 2 iyun.- S.7.