Əbülfəz ELÇİBƏY: «Bir
həsirim var, onu da çiynimə salıb hakimiyyətdən
gedəcəm»
Böhrana saldıqları
dövləti xilas etmək əvəzinə prezident belə
lağlağı edir, parlament sədri cinayətkar silahlı
birləşmələrin şərtlərini qəbul etməyi
zəruri sayır, baş nazir hakimiyyətin istefası təklifini
irəli sürür, daxili qoşunların komandanı isə
Gəncəyə əhalinin üzərinə qoşun
yeridilməsi əmrini gözləyirdi.
1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə yalnız növbəti hakimiyyət dəyişikliyi kimi düşməyib. Bu tarixi məqam əsasən xaosdan qurtuluşa, tənəzzüldən intibaha keçidin başlanğıc mərhələsini, parçalanmış dövlətin bütövlüyünün təmin olunmasına zəmanətin verilməsini şərtləndirir. Aradan ötən 20 il uzaq keçmiş olmadığından çoxumuz həmin hadisələrin birbaşa iştirakçısı və o dövrün acı, fəlakətli günlərinin şahidləriyik. İyun hadisələrinin siyasi təsnifatı "qiyama cəhd" kimi qiymətləndirilsə də, bu proseslərdə xalqın o vaxtkı iqtidara inamsızlığı və bunun nəticəsində də AXC-Müsavat iqtidarına qarşı yönəlmiş hərbi-siyasi etirazlara hətta bəzən dəstək verməsi də ciddi təhlil edilməlidir.
Bəli,
o dövrdə korrupsiya, məmur
özbaşınalığı, dövlət rəsmilərinin
himayədarlığı ilə iqtisadi cinayətkarlığın
tüğyan etməsi, hakim komanda arasında mövcud olan
qarşıdurma fəsadlarının birbaşa əhaliyə
qarşı yönəlməsi, Qarabağ cəbhəsində
xəyanətlərin artması kimi faciələrdən
çıxış yolu axtaran xalq yeganə nicatı
Elçibəy iqtidarı ilə vidalaşmaqda
görürdü. Xalqın bu qənaəti antimilli fəaliyyətlərinə
görə AXC-Müsavat cütlüyündən heç də
geri qalmayan qanunsuz silahlı dəstələrə öz məkrli
məqsədlərini reallaşdırmaq üçün imkan
verirdi. Məhz buna görə idi ki, Surət Hüseynovun hərbi
birləşmələri qısa müddət ərzində
heç bir müqavimətə rast gəlmədən Azərbaycanın
rayonlarını qərbdən şərqə doğru öz
tabeliyinə keçirirdi.
4
iyuna gedən yol
Belə gərgin situasiyada - AXC-Müsavat iqtidarının səriştəsizliyinin dövləti iflic vəziyyətə saldığı, həmçinin qanunsuz silahlı dəstələrin Azərbaycanda kriminal dövlət yaratmaq niyyətlərinin reallaşdığı dövrdə xalq üzləşdiyi sınaqlardan müdrikcəsinə nəticə çıxararaq təkidlə Heydər Əliyevi dövlət idarəçiliyinə çağırdı. Nəticəsi isə hamıya məlumdur: etnik separatizm meyilləri aradan qaldırıldı, dövləti təhdid edən parçalanma xofu neytrallaşdırıldı, xaos mənbələri söndürüldü, qanunsuz silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik əldə olundu və bütün bunlara görə Azərbaycan demokratik nailiyyətləri, sosial rifahı, iqtisadi qüdrəti ilə beynəlxalq birliyin aparıcı dövlətləri sırasında inamla addımlayır.
Ancaq bütün bu kimi nailiyyətlərin fonunda iyun hadisələrini bir daha təhlil etməyə ehtiyac yaranır. Araşdırmalar tam təsdiqləyir ki, 4 iyuna gedən yol məhz AXC-Müsavat iqtidarının bacarıqsızlığından və hakim komandanın yüksək vəzifəli məmurlarının xalqa, dövlətə zidd fəaliyyət göstərməsindən başlayır. Elə Surət Hüseynovun dövlət aparatına cəlb edilməsi, ona Milli Qəhrəman adının verilməsi, çoxminli hərbi hissələrin bu qeyri-peşəkarın inhisarına salınması, böyük siyasi-hərbi imtiyazlarla mükafatlandırılması məhz Elçibəy iqtidarının "töhfələri" idi. Faktlara nəzər salaq:
2
iyul 1992-ci il - Əbülfəz Elçibəy prezident idarə
üsulu tətbiq edilən ərazidə Surət Hüseynovu
fövqəladə səlahiyyətli nümayəndə təyin
edir. Növbəti fərmanla Surət Hüseynova həm də
baş nazirin müavini postu həvalə edilir;
7
oktyabr 1992-ci il - prezident Ə.Elçibəy Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində göstərdiyi şəxsi igidliyinə
görə Surət Hüseynovu fəxri fərmanla təltif
edir;
8 oktyabr
1992-ci il - Əbülfəz Elçibəy tərəfindən
Surət Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilir;
10
fevral 1993-cü il - Əbülfəz Elçibəy
Qarabağ ərazisində prezident idarə üsuluna və
fövqəladə səlahiyyətli nümayəndənin fəaliyyətinə
xitam verilməsi ilə bağlı fərman imzalayır;
17
fevral 1993-cü il - Ə.Elçibəy Surət Hüseynovu
baş nazirin müavini vəzifəsindən azad edir;
22
fevral 1993-cü il - prezident Ə.Elçibəyin əmri ilə
Surət Hüseynov II ordu korpusunun komandiri vəzifəsindən
azad edilir;
4
mart 1993-cü il - prezident Ə.Elçibəy "Azəryunsənaye"
Dövlət Şirkətinin yaradılması və Surət
Hüseynovun şirkətin prezidenti təyin edilməsi barədə
fərman imzalayır...
Prezident
Əbülfəz Elçibəyin 8 ay ərzində imzalanan və
bir-biri ilə ziddiyyət təşkil edən bu fərmanları
həmin dövrün anormal idarəçilik xüsusiyyətlərini
və adi "yun polkovniki"nin necə asanlıqla hakimiyyət
olimpinə gətirilməsini nümayiş etdirir. Əvvəlcə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin taleyi, dövlətin mənafeyi müəmmalı,
mafioz imicə malik bir şəxsə həvalə edilir və
AXC-Müsavat hakimiyyəti "yun polkovniki"nin gələcək
siyasi iddialarının yaranması üçün münbit
şərait formalaşdırır. Hakimiyyət cinayətkar
elementləri Azərbaycan ordusuna mütəşəkkil şəkildə
cəlb edən bu şəxsi mükafatlandırmaqla onun
dövlətçilik əleyhinə fəaliyyətinə də
ən ali səviyyədə xeyir-dua verirdi. "Milli Qəhrəman"
dövlət aparatında cinayətkarların himayədarı
olan məmurların ən aparıcı isminə
çevrilmişdi. Artıq Surət Hüseynovun cinayətkar
hərbi birləşmələri "iflic vəziyyətinə
düşən və mafiozların təsir dairəsində
olan dövlət aparatına" (sitat o vaxtkı baş
prokuror İxtiyar Şirinovundur) ciddi maneçilik
yaradırdı. "Dinc əhalinin təhlükəsizliyinin
təmin edilməsində xüsusi xidmətləri" olan
S.Hüseynov çox tezliklə əhalini öz şəxsi və
iqtisadi haqq-hesablarının qurbanına çevirəcək,
tabeliyindəki hərbi birləşmələri
döyüş mövqelərindən geri çəkərək
strateji məntəqələri erməni silahlı birləşmələrinə
təhvil verəcəkdi. Daha sonra isə bu fəxri fərmanı
imzalayan prezidentin özünün Bakıdan qaçmasına
səbəb olacaqdı.
Aciz
iqtidar
AXC-Müsavat hakimiyyəti Surət Hüseynovu və onun cinayətkar elementlərdən ibarət olan qanunsuz hərbi silahlı birləşmələrini zərərsizləşdirmək əvəzinə bu qüvvələrin daha məkrli və qanlı planlara əl atmasına zəmin yaratdı. Bu faktlar sübut edir ki, Ə.Elçibəy iqtidarı səriştəsiz, bacarıqsız və xalq, dövlət mənafeyindən uzaq olmaqla yanaşı, bu hakimiyyətin məmurları korrupsiyaya, iqtisadi cinayətkarlığa, komandadaxili intriqalara aludə olmuşdular. Bu mənzərə 7 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin yanında keçirilən müşavirədə daha aydın şəkildə əks olunurdu.
Gəncə hadisələrinə həsr edilən müşavirəni açan Ə.Elçibəy dövlət rəsmilərinə bildirirdi ki, Gəncədə hal-hazırda hansı proseslərin baş verdiyindən tam xəbərsizdir. "Məlumatların bir hissəsi müxtəlif insanlardan gəlir, bir hissəsi orada-buradakı söhbətlərdən gəlib çıxır, avtobuslardan da nə isə eşidirik. Bizim əlimizdə məlumatlar tam toplaşmayıb. Bunun üçün vaxt lazımdır ki, get-gedə şərait və baş verən hadisə bizim üçün tam aydın olsun"- prezident rəhbəri olduğu dövlətin ərazisində baş verən vətəndaş qarşıdurmasından, günahsız insanların qanının tökülməsindən bixəbər idi.
Bu idi AXC-Müsavat hakimiyyətinin, Əbülfəz Elçibəy komandasının idarəçilik "qabiliyyəti" və "bacarığı"!
Müşavirədə müdafiə naziri Dadaş Rzayev rus dilində etdiyi çıxışında Gəncədə baş verən hadisələrdə hakimiyyətin heç bir təqsirinin olmadığını israrla bildirirdi. Əbülfəz Elçibəyin "Xahiş edirəm, Azərbaycan dilində bizə məlumat verin" replikasından sonra D.Rzayev qeyd edir ki, Surət Hüseynov 709 saylı hərbi hissəni Müdafiə Nazirliyi üçün qapalı zona elan edib və hərbi hissənin yarandığı gündən etibarən ərazisinə bir dəfə də olsun nazirliyin nümayəndələrini buraxmayıb. Bu baxımdan da həmin hərbi hissənin ərazisində məlum əməliyyatın keçirilməsinə ehtiyac yaranıb.
Bu idi AXC-Müsavat hakimiyyətinin yaratdığı ordu!
Daha sonra çıxış edən daxili işlər naziri Abdulla Allahverdiyev Gəncədə baş verən hadisələrdə əsas günahkar kimi Surət Hüseynovu göstərir və qeyd edirdi ki, indiyədək 709 saylı hərbi hissədə məskunlaşan qanunsuz silahlı birləşmələrə qarşı dözüm nümayiş etdirilsə də, bu laqeydliyi aradan qaldırmağın vaxtı çatmışdı. Daxili işlər naziri səlahiyyətində ən böyük güc strukturu olmasına baxmayaraq, məzlumcasına etiraf edirdi ki, "təkrar eləyirəm, şəhərə daxil olmağa heç bir imkanımız yoxdur, bütün postların hamısında hərbi texnika, hərbi qulluqçular, mülki geyimdə olan şəxslər var. Onlar bizə imkan vermir. Şəhərə daxil olmaq polis işçilərinə - başda mən olmaq şərtilə daxili işlər orqanları əməkdaşlarına hələ ki nəsib olmur".
Hüquq-mühafizə orqanları rəhbərlərinin çıxışları bir daha sübut edirdi ki, AXC-Müsavat cütlüyü ölkədə "bespredel", xaos yaradıb və indi bu problemləri həll etmək iqtidarında deyil.
Daha sonra tribunaya dəvət olunan baş nazir Pənah Hüseynov Gəncə hadisələrindən bir neçə gün keçməsinə baxmayaraq, həmin ərazidə əslində nə baş verdiyindən hakimiyyətin xəbərsiz olduğunu bildirirdi. Ölkədə siyasi böhranın da dərinləşdiyini etiraf edən baş nazir Azərbaycanda siyasi hakimiyyətdə olan bütün qüvvələrin birləşməsini, daxili intriqalara son qoymağı tələb edirdi: "Baş vermiş hadisələrdə məsuliyyətimi gizlətmirəm. Prezidentin ətrafında bu gün hakimiyyətdə təmsil olunmayan insanları da birləşdirməliyik. İqtidarda olmayan, ancaq ölkədə siyasi nüfuzu olan qüvvələrdən istifadə etməliyik. Buna görə də, xahiş edirəm, mənim istefamı qəbul edəsiniz. İqtidara yeni qüvvələr cəlb olunmalıdır və bu qüvvələrin cəlb olunması üçün tədbirlər, struktur dəyişikliyi keçirilməlidir". Pənah Hüseynov istefasını siyasi məsələlərlə bağlasa da, tam aydın idi ki, baş nazir fəaliyyətləri müqabilində ölkədə yaratdıqları xaosu həll edə bilmədiklərini etiraf edir və məsuliyyətdən, sadəcə olaraq, qaçırdı.
Daha sonra tribunaya dəvət olunan daxili qoşunların komandanı Fəhmin Hacıyev əvvəlki çıxışçılardan fərqli olaraq sərt bəyanatlar verir, özlərinin yaratdıqları problemləri silah gücü ilə həll etməyə çağırırdı. "Milli Məclisdən də, prezidentdən də xahiş edirəm ki, hərbi qüvvələrə hərbi əməliyyat üçün icazə verəsiniz. Gəncə şəhərində hökmən hərbi əməliyyatlar keçirilməlidir".
Bakı şəhərinin prokuroru Çingiz Qəniyev isə müxalifətə qarşı aqressiv addımlar atılmasını təklif edirdi. "Bakı şəhərində müxalifətin heç bir aksiyasına, mitinqinə, piketinə icazə verilməyəcək və buna cəhd olarsa, biz bu aksiyaların qarşısını silahla alacağıq".
Dövlət katibi Əli Kərimov isə xalqın belə bir sualla hakimiyyətə müraciət etdiyini bildirirdi: "Dövlət niyə belə acizlik göstərir?" Əli Kərimov hüquq-mühafizə orqanlarının baş verən faciənin aradan qaldırılması istiqamətində heç bir addım atmamasını da səhv sayırdı. "Dövlət təhlükəsizliyini təmin etməli olan, onun ərazi bütövlüyünü təmin etməli olan, millətin varlığını, təhlükəsizliyini təmin etməli olan nazirlər silahlı dəstələri tərksilah edə bilmir. Nədir bunun səbəbi?" Bu suala müşavirə iştirakçılarından heç biri cavab vermək iqtidarında deyildi.
Daha sonra tribunaya qalxan Milli Məclisin sədr müavini Tamerlan Qarayev baş verən hadisələrdə iqtidarın məsuliyyət daşıdığını bildirirdi. "Faciə sübut edir ki, haradasa səhvlər olub. Biz haradasa hansısa hərəkətlərə diqqət yetirməmişik. İqtidarda və kənarda olan şəxslər, kimliklərindən asılı olmayaraq, səhvlərinə görə cavab verməlidirlər. Problemin hərbi yolla həll olunmasını təklif edənlər isə yanılırlar. Mən bunun qəti əleyhinəyəm. Düşmən qanımızı artıq tökmür ki, biz də hələ üstündən bir-birimizin qanını tökək. Prezident indi Azərbaycanda siyasi qüvvələrin hamısının birliyinə və onların iqtidarda təmsil olunmasına nail olmalıdır. Hamının birgə fəaliyyətini prezident təmin etməlidir. Çətin vaxtdır. Bəli, bu günləri kim xalq arasında daha çox hörmətə malikdir, xalq daha çox kimin sözünə qulaq asır, onunla işləməliyik. Camaatı bir-birinə qarşı salmaq, yerlipərəstlik salmaq, şayiələr buraxmaq, cinayətkar ünsürlərdən istifadə eləyib xalqın içinə qan salmaqla problemi həll edə bilmərik... Mənim çıxışlarımı televiziyada vermirsiniz. Ancaq xahiş edirəm, indi çıxışımı televiziya ilə göstərin. İmkanımız var ki, kompromisə gedək və vəziyyətdən qansız çıxaq".
Tamerlan Qarayev müşavirədə açıq şəkildə bildirirdi ki, hakimiyyətə ölkədə nüfuzu olan qüvvələr cəlb olunmalıdır. Bu fikri digər hakimiyyət məmurları aşkar şəkildə bəyan etməsələr də, onlara da aydın idi ki, yaratdıqları problemləri həll etmək AXC-Müsavat iqtidarı məmurlarının "xörəyi" deyil.
Baş
nazirin müavini Vahid Əhmədovun
çıxışı daha sərt idi: "Bu gün Azərbaycan
dövlətçiliyi təhlükə
qarşısındadır, bunu gizlətmək lazım deyil. Fəhmin
Hacıyev təklif edir ki, Gəncədə hərbi əməliyyat
aparaq. Buna heç cür icazə vermək olmaz, cənab
prezident, biz bu yola gedə bilmərik, ayrı yollar
axtarmalıyıq. Surət Hüseynov həmin Surət
Hüseynovdur ki, üç ay bundan qabaq biz hamımız onu
milli qəhrəman kimi tanıyırdıq. Biz hamımız
ona yüksək qiymət vermişdik, indi isə birdən-birə
onu yaddan çıxarmaq istəyirik. Güc yolu ilə,
qüvvə ilə gedib Gəncədə məsələni həll
etmək Azərbaycan dövlətçiliyini yox etməkdir.
Kimin vəzifəsindən getməsini şərait tələb
edirsə, kimin vəzifədən getməsi ilə sabitlik
yaranacaqsa, buna hazır olmalıyıq. Əgər hansı bir
siyasi liderin bu gün xalq arasında nüfuzu varsa, qoy gəlsin
otursun dövlət rəhbərlərinin arasında, qoy gəlsin
dövlətə rəhbərlik etsin. Əgər doğrudan
da hansısa siyasi liderin hörməti varsa və bizi bu bəladan
qurtara bilərsə, xahiş edirəm, onu bu işə cəlb
edək".
AXC-Müsavat iqtidarının tragikomediyası
Göründüyü
kimi, hakimiyyətin Surət Hüseynovun yaratdığı
problemi aradan qaldırmaq üçün real mexanizmi yox idi. Yeganə
çıxış yolu ölkədə nüfuzu olan bir
şəxsi (bu insanın Heydər Əliyev olduğunu
artıq açıq etiraf edirdilər) hakimiyyətə cəlb
etmək, problemin həllini onun öhdəsinə buraxmaq idi.
Elə parlamentin sədri İsa Qəmbər də
çıxışında Gəncədə baş
vermiş hadisələrin qarşısını almaq
üçün "reseptlərinin"
olmadığını etiraf edirdi.
"Biz uzun müddət fəxr edirdik ki, Azərbaycanda qardaş qırğınına yol verməmişik. Təəssüf ki, biz bunu sona qədər qoruyub saxlaya bilmədik. Qardaş qanı töküldü. Azərbaycan xalqının oğulları bir-birinə güllə atdı. Bu, vətəndaş müharibəsinin cücərtisidir. Gələcək vətəndaş müharibəsinin qarşısını almaq naminə hətta qiyamçılarla dil tapmalı, onların müəyyən şərtlərini qəbul etməliyik", - bəli, dövlətin ikinci şəxsi öz acizliklərini gizlətmir, hətta cinayətkar elementlərlə əməkdaşlığı da məqbul sayırdı. İsa Qəmbərin çıxışlarında da məsuliyyətdən yayınma halları açıq şəkildə büruzə verilirdi. "Pənah Hüseynovun istefası cəsarətli addımdır. Hakimiyyət dəyişməsi seçkilər yolu ilə, istefalar yolu ilə də həll oluna bilər, daha zorakılıqla, tankla, piketlə yox. Deyə bilərsiniz ki, siz özünüz bu yolu keçmisiniz, bu yolla hakimiyyətə gəlmisiniz. Ancaq hər halda o dövrdə bunu demokratik şəkildə etməyə imkan yox idi..."
Düz bir il öncə - 7 iyun 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy, əslində, bir neçə gün öncədən bu müşavirəni hakimiyyətdə olduqlarının birinci ilinin hesabat müşavirəsi kimi keçirməyə hazırlaşırdı. Ancaq Gəncə hadisələri bu iclasın axarını dəyişdirmişdi. Lakin elə bu müşavirə də Elçibəy iqtidarının hesabatı kimi qəbul oluna bilərdi. Gəncə hadisələri bir il ərzində Azərbaycanda tüğyan edən xaosun, dövlət məmurlarının himayə etdiyi cinayətkarlığın, vəzifəli şəxslərin özbaşınalığının, korrupsiyanın, hüquq-mühafizə orqanlarının əhalinin təhlükəsizliyini təmin etmək əvəzinə xalqı daha çox təhlükə içərisinə atmasının məntiqi nəticəsi idi. Bu acı reallığı tam aydınlığı ilə dərk edən Əbülfəz Elçibəyin müşavirədə söylədiyi son sözlər də özünəməxsus orijinal üslubda oldu. Prezident Gəncə problemi həll olunacağı təqdirdə bütün səhvlərin aradan qaldırılacağına, hətta Qarabağ münaqişəsini həll edəcəyinə söz verirdi:
"Münaqişəni aradan qaldırmaq indi çətin deyil. Müqavilə imzalayacağıq, bir müddət onu gizli saxlayacağıq, bir 10 gündən, 20 gündən sonra onu açıq elan eləyərik. Bu, əslində, mənim təklifimdir. Ermənistana çatdırmışam ki, nədir axı bu böyük dövlətləri salmısan, arada bizi qırdırır və biz bir-birimizi qırırıq. İndi deyirəm ki, Zəngilandan çıxsınlar, otursunlar sərhədlərdə, kəndləri qaytarsınlar. Sonra Qazaxdan, Tovuzdan çıxacaqlar, biz də sərhədləri qıraqlardan bağlaya-bağlaya gəlib çıxacağıq Qarabağa. Onunla da problemi həll edəcəyik" - bu, Ali Baş Komandanın münaqişənin həlli ilə bağlı ən optimal variantı idi ki, bu təklif sonradan illər uzunu xalqın gülüş hədəfinə çevrildi.
Əbülfəz Elçibəyin rabitəsiz çıxışında heç məntiq də yox idi. "Məni yandıran odur ki, Azərbaycanda xaricilərin əli ilə oynayanlar var. Mən bilsəydim ki, Həsəndir, Hüseyndir, gedib deyərdim, sən Allah, bunu eləmə. Onlar elə günə düşüblər ki, geriyə qayıtmağa yol yoxdur. Çox böyük fəlakət gəlir millətin üstünə. Biz də otururuq deyirik ki, hələ görən filankəsə nə olacaq. Biz doğrudan da dövlətimizi itirəcəyik. İtirməyəcəyik, bu dövlət yenə də bir vaxt yaşayacaq. Amma biz qanın içində gedəcəyik. Deyirlər, "Tufan" əməliyyatına mən sərəncam vermişəm. Sizə and içirəm ki, belə sərəncama qol çəkməmişəm. Mən heç kəsə deməmişəm ki, gedin atəş açın. Orada kimin əmri ilə atəş açılmasını da bilmirəm. Mən orada məsələni sülhlə həll etmək üçün vaxtilə 4 ağsaqqal göndərmişdim. Getdilər, danışdılar, barışdılar, qoyun kəsdilər, öpüşdülər, yedilər, Surət də hərbi hissədən çıxdı. Bir həftə keçdi, təzədən qayıtdılar hərbi hissəyə. Sonra yenə getdilər, danışdılar, öpüşdülər, yedilər, içdilər, o da yenə hərbi hissədən çıxıb getdi. Üstündən bir həftə keçmişdi ki, Surət yenə hərbi hissəyə qayıtdı".
Əbülfəz Elçibəy öz məmurlarını ittiham etməyi də unutmurdu: "Azərbaycan hakimiyyətinə qarşı bu gün zidd qüvvələr çoxdur. Onlardan bu zalda oturanlar da var. Dövlətə qarşı dövlətçilik eləyirlər. Azərbaycan dövlətini qurmağa imkan vermirlər. Demokratik, hüquqi dövlət qurun. Bundan sonra mən bu işlərin birinə qarışsam, məndən pis adam yoxdur. Deyirsiniz ki, sessiya çağıraq. O parlamentə bu gün kim gəlirsə-gəlsin, əgər onu iki ay idarə edə bilsə, onda, ümumiyyətlə, mən adımı hər yerdən silib birdəfəlik rədd olub gedərəm (1 həftə sonra parlamentə rəhbərlik edəcək Heydər Əliyev bu strukturla, bu tərkiblə iki il 5 ay işlədi - İ.H.). Parlamentlə işləmək olmaz. Bəlkə də Rusiyada olar. Rusiyanın yaxınına gəlmək olmur, atomu var. Ə, bizim yoxdur axı. O saat ordan biri yumruq vurur, biri bu tərəfdən vurur, içəridən millət dağılır, bəs biz hara gedirik?! Mən bütün bunları millətimə izah edəcəyəm, kəskin qoyacağam millətimin qarşısında. Mən prezidentəmsə, buyam. Qəbul eləmirsənsə, yeni üsullar tapın. Parlamenti isə hamı tanıyır. Yadınızdan çıxıb. Səhnədən az qalırdı tapança göstərsinlər, tribunadan deyirlər ki, gəl dalaşaq, o birisi deyir, mən güləşçiyəm, bu birisi deyir ki, mən də boksçuyam, ağzını dağıdaram. Vaxtınızı çox aldım, üzr istəyirəm. İndi nə olacaq, nə olmayacaq, - bilmirəm. Ancaq mənim ümidim var ki, müəyyən qədər dövrü keçirə bilərəm. Bir dəfə demişəm, indi də deyirəm ki, bir həsirəm, bir də Məmmədnəsir, bu həsirimi ataram çiynimə, hakimiyyətdən gedərəm evimə. Dərviş kimi bir şeyəm..."
Əbülfəz Elçibəy böhran içərisinə saldığı dövləti xilas etmək üçün konkret proqramlar üzərində çalışmaq əvəzinə belə məsuliyyətsiz bəyanatlar verir, ciddi mövzuları lağlağı obyektinə çevirir, ən sonda isə heç bir məsuliyyət daşımadığını bəyan edərək "həsirini çiyninə ataraq hakimiyyətdən gedəcəyini" bildirirdi. Prezidentin bu çıxışı AXC-Müsavat hakimiyyətinin həqiqətən də təsadüfi iqtidar olduğunu göstərdi və bütün tarix boyu Azərbaycan xalqı üçün Elçibəy iqtidarının "seçim utancı" kimi yaddaşlarda yaşamasını təmin etdi.
Ertəsi günü parlamentin iclasında Gəncə hadisələrini müzakirə edib problemdən çıxış yolu axtarmaq əvəzinə Milli Məclisdə bu insanlar əsl tragikomediya nümayiş etdirdilər:
"Etibar Məmmədov: İsa bəy, sizin əliniz qana batıb, ona görə də bu qanı boynunuzdan atmaq istəyirsiniz.
İsa Qəmbər: Etibar bəy, 709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında sizin də əliniz var. Qardaş qırğınına səbəb olan şəxslərdən biri də sizsiniz və bu qardaş qırğınını vətəndaş müharibəsinə çevirmək cəhdi də sizin çıxışlarınızda açıq-aydın görünür.
Etibar Məmmədov: İsa bəy, həyasızcasına yenə də bu işi davam etdirirsiniz, bəsdirin də. Nə qədər olar bu milləti dolamaq?.. Pənah Hüseynov burada çıxış etdi, and verdi ki, kimlərinsə evi yıxılsın. Bəli, evləri yıxmısınız, Pənah bəy. İndi yalançının evini yıxmaq lazım deyil. Yalançı siz özünüzsüz...
Tahir Əliyev: İsa, səni hamımız qəşəng tanıyırıq. Əbülfəz bəy, siz əgər istəyirsinizsə respublikada qarşıdurma yaranmasın, İsa bu gün istefa verməlidir, yoxsa qardaş qırğını başlayacaq...
Faiq Baxşəliyev: İsa, sən prezidentlə xalq arasında konfrantasiya yaradırsan, el arasında buna deyirlər: qaşınmayan yerdən qan çıxarırsan..."
İyunun 7-də prezidentin yanında keçirilən müşavirə və həmin günlərdə Milli Məclisdə aparılan müzakirələr AXC-Müsavat hakimiyyətinin Gəncədə baş verən silahlı qarşıdurmanın qarşısını almaq iqtidarında olmadığını nümayiş etdirir, Surət Hüseynovun bir-birinin ardınca rayonları tutaraq paytaxta doğru irəliləməsi isə ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu təsdiqləyirdi.
Hadisələrin
bu axarda gedişinin qarşısı məhz 9 iyunda, Heydər
Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə
alındı. Və Azərbaycan xalqı bu sınaqdan da
qurtulmağa müvəffəq oldu. 15 iyundan etibarən məmləkətimizin
tarixində və xalqımızın taleyində yeni
qurtuluş səhifəsi açıldı. Ancaq nə qədər
qara ləkəli və millətə başucalığı
gətirməyən məqamlarla zəngin olsa da, tariximizin
köhnə səhifələrini də unutmamalıyıq...
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2013.- 4 iyun.- S.2.