Tarix elmimizin metodoloji problemləri
Görkəmli filosof, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (26 aprel 2013-cü il) dərc edilmiş "Tarixi idrakın elmiliyi problemlərinə dair" dərin elmi-nəzəri və praktik əhəmiyyət daşıyan məqaləsinin ciddi müzakirəyə və təhlilə ehtiyac olduğu qənaətindəyəm. Nə üçün?
Məqalənin
yazılması hansı zərurətdən doğub?
Akademik Ramiz Mehdiyevin məqaləni yazması təsadüfi olmayıb, bir sıra vacib amillərlə şərtlənib. Hər şeydən əvvəl, bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yaranmış şərait və tarix elmimizin qarşısında duran vəzifələrlə bağlıdır. Müəllif yazır: "Biz uzun əsrlər boyu bu və ya digər iri dövlətlərin tərkibinə daxil olmuşuq, nəhayət, XX əsrin axırlarında dövlət müstəqilliyi qazanmışıq. Bu da bizə milli tariximizə kənar diktat olmadan, müstəqil surətdə nəzər salmağa imkan verir. Nəticədə bu gün tarixi idrakda bütövlükdə tariximizin, həmçinin ayrı-ayrı tarixi hadisələrin ənənəvi təhlili və izahı metodologiyasının yeni tənqidi qiymətləndirilməsi baş verir".
Yaranmış vəziyyətdən çıxış yolunu göstərən akademik Ramiz Mehdiyev tamamilə doğru olaraq vurğulayır: "Milli tarixin ayrı-ayrı hadisələrinə səthi yanaşmalara yol verməmək üçün alim öz tədqiqat fəaliyyətində araşdırdığı dövrün və ya hadisənin mənzərəsinin hərtərəfli açılmasında ona lazımi yardım göstərəcək elmi metoda arxalanmalıdır. Tariximizin problemlərini dərindən öyrənməyə diqqətin artırılması çağırışı heç kimi təəccübləndirməməlidir. Təəccüb doğuran yalnız o fakt ola bilər ki, bu məsələ yalnız bu gün meydana çıxmışdır. Düşünürəm ki, bunun da cavabı vardır: əgər keçmişdə millət özünü qoruyub saxlamağın qayğısına qalırdısa, müstəqilliyi bərpa etdikdən sonra o, öz köklərinə qayıtmış, insanın öz "Mən"ini təsdiq etməsi üçün zəruri olan tarixini öyrənməyə qərar vermişdir".
Məlumdur ki, soyuq müharibə şəraitində iki dünya sistemi arasında gedən mübarizə və qarşıdurma tarixçilərin mövqeyinə də müvafiq təsir edirdi. Hansı müttəfiq respublikada yazılmasından asılı olmayaraq, tarixi tədqiqatlar başlıca olaraq böyük bir ölkənin məqsədlərinə xidmətə yönəldilmişdi. Tarixçilik imperializmi mövcud idi. Hakim ideologiya xalqımızın gerçək tarixinin araşdırılmasına və yazılmasına imkan vermirdi. Bu da səbəbsiz deyildi. Çünki milli tarixin olduğu kimi yazılması xalqın milli özünüdərkinin formalaşmasına, milli şüurunun inkişafına və deməli, müstəqilliyinə doğru aparan yoluna işıq salırdı.
SSRİ-nin dağılması və Azərbaycan xalqının yenidən dövlət müstəqilliyini bərpa etməsi ilə tarix elminin inkişafında keyfiyyətcə yeni bir mərhələ başladı. Yabançı marksizm-leninizm ideologiyasının buxovlarından azad olan tarixçilər sərbəst nəfəs aldılar. İdeoloji stereotiplər dağıldı. Artıq tarixçiyə "bunu yaz, onu yazma" hökmü edən yox idi! Yuxarıdan göstərişlərin verilməsi də aradan qalxdı. Tarixçi öz fəaliyyətində azadlıq qazandı! Araşdırılması qadağan edilən mövzular da yox idi!
Dövlət müstəqilliyinin bərpasından keçən dövrdəki tarix araşdırmalarının ümumi təhlili göstərir ki, tarix elmimizdə müəyyən qədər işlər görülüb. Dəyərli əsərlər - monoqrafiyalar və məqalələr yazılıb, hətta müxtəlif dillərə tərcümə də edilib. Müstəqilliyə qədərki tariximizdə heç bir zaman xarici ölkələrdə Azərbaycan tarixçilərinin əsərləri bəlkə də nəşr olunmamışdı. Müstəqilliyin yaratdığı ən böyük imkanlardan biri milli tariximizə dair dəyərli əsərlərin yazılması və tərcümə olunaraq xarici ölkələrdə nəşridir. Lakin iş bununla bitmir! Bir çox tədqiqatçılar tarixı hadisə və prosesləri düzgün qoymaqda, onlara yanaşmaqda və doğru nəticələr çıxarmaqda kobud səhvlərə yol verirlər. Məlum olduğu kimi, tədqiqatçı tərəfindən araşdırılan tarixi hadisə və prosesləri düzgün qoymaq, onlara düzgün yanaşmaq, şərh, təhlil etmək, tutarlı məntiqi elmi əsaslandırılmış nəticələr çıxarmaq və xalqda doğru tarixi bilik formalaşdırmaq xeyli çətin və mürəkkəb bir işdir. Bunun üçün tədqiqatçının yüksək araşdırıcılıq məharəti, tarixi tədqiqatların metodologiyası və metodlarına dərindən yiyələnməsı lazımdır. İstənilən konkret tarixi hadisə müəyyən məkan və zaman daxilində yalnız bir dəfə baş verir. Məkan və zaman çərçivəsindən kənarda heç bir tarix yoxdur! Xalqsız və ölkəsiz tarix olmadığı kimi, yer üzündə tarixsiz də xalq yoxdur! Ən kiçik xalqın belə, tarixi vardır. Deməli, tarix həmişə millidir! Belə olduqda soruşulur: xalqların və ölkələrin digərləri ilə bəzən toqquşan, bəzən də uyğun gələn tarixini yazmaq qədər çətin, mürəkkəb bir iş varmı? Tarixi hadisə və proseslər tədqiqatlarda olduğu kimi təqdim edilirmi? Ümumiyyətlə, tarixi olduğu kimi öyrənməyə və təqdim etməyə tarixçinin bütün imkanları varmı? Yoxdursa, bunun səbəbləri nədir? Belə vəziyyət nə üçün baş verir? Zəngin və qədim tariximizin varisləri və bir hissəsi olan bizlər tariximizi özümüzün bir hissəsinə yaxşı çevirə bilmişikmi? Əgər yox, onda nə üçün?
Buna görə də akademik Ramiz Mehdiyev tarixi hadisə və proseslərin digərlərindən ayrılaraq əlahiddə, lokal qiymətləndirilməsini deyil, onlara bir-biri ilə əlaqəli şəkildə yanaşmanı təklif edir. O, haqlı olaraq vurğulayr: "Hər bir hadisəyə tarixi mövqedə, başqa hadisələrlə, tarixin konkret təcrübəsi ilə əlaqəli şəkildə yanaşmaq lazımdır".
Tarix bir dəfə yaradılır, amma bir neçə dəfə yazılır. Onu yazmaq yaratmaq qədər çətindir! Yazan yaradılanı olduğu kimi yazmağa çalışmalıdır. Bəzən əvvəllər öyrənilən tarixi hadisə və proseslər yeni tədqiqatların nəticəsində təsdiq edilir, bəzən yanlışlıqlar düzəldilir, bəzən isə tamamilə əksinə yazılır. Dünənə qədər doğru hesab olunanlar müəyyən zaman keçdikdən sonra yanlış sayılır.
Tarixdə olan ayrı-ayrı fakt və hadisələr barədə hökm vermək iddiasından uzaq olan görkəmli filosof yanlışlıqlara yol verməmək üçün tariximizə bir bütöv sistem olaraq, fəlsəfi yanaşmanın vacibliyini əsaslandırır. Tarixin fəlsəfəsini və tarix araşdırmalarının metodologiyasını bilməyən şəxslər akademik Ramiz Mehdiyevin məqaləsini dərk etmək səviyyəsində və iqtidarında olmazlar, onların ayrı-ayrı ifadələri götürərək yürütdükləri və heç bir elmi əsası olmayan mülahizələrinin ömrü yalnız sabun köpüyü qədərdir. Bu baxımdan akademik Ramiz Mehdiyevin belə bir fikri ibrətamizdir: "Tarixi idrakın xüsusiyyətləri barədə yalnız o adam düşünə bilər ki, o, bunun üçün zəruri olan idrak sistemini tətbiq etməyi öyrənmişdir". Soruşulur: bu meyara cavab verənlər Azərbaycan tarix elmində neçə nəfər ola bilər? Özlərindən müştəbeh olan "tənqidçilər" tarixin fəlsəfəsinin, tarix elminin əlifbasını bilirlərmi? Elə isə bu "tənqidlər" hansısa konkret siyasi hədəflər güdmürmi?
Tarixi hadisə və proseslər bəlkə də riyaziyyat qədər konkret və dəqiq olurlar. Lakin onların yazılması heç də həmişə gerçəkliyi olduğu kimi əks etdirmir. Tarix ictimai həyatın elə bir sahəsidir ki, insanlar onu oyrənirlər, amma bəzən ibrət almırlar, səhvləri yenidən təkrar edirlər. Bu da səbəbsiz deyildir! Çünki tarixi hadisə və proseslərə siyasi, iqtisadi, milli-mənəvi və s. amillər, maraqlar ciddi təsir edir. Mənafelər toqquşur. Tədqiqatçı isə maraqlar olan yerdə həqiqəti üzə çıxarmaqda, tarixi olduğu kimi yazmaqda çətinlik çəkir. Yaranmış vəziyyətdən çıxış yolu araşdırmaçının tarixin fəlsəfəsini dərindən bilməsidir. Akademik Ramiz Mehdiyevin məqaləsi tarixə yanaşma, düzgün düşüncə, dərin metodoloji əsasa dayanan tədqiqat, tarixin dərk edilməsi və doğru nəticələr çıxarılması haqqında bir əsər olub, tarixçilərə və filosoflara bir dərs verir. Buna görə də akademik tarixçilərə məhz tarixin fəlsəfəsini öyrənməyi tövsiyə edir.
Müstəqillik illərində tarix elmimizin qarşısında çoxlu mühüm vəzifələr durur. Bunları əsasən bir neçə qrupda ümumiləşdirmək olar:
- əvvəlki dövrlərdə yazılmış əsərlərdəki saxtalaşdırmaların və yanlışlıqların aradan qaldırılması;
- uzun illər boyu "tam məxfi", "məxfi" və "xidməti istifadə üçün" saxlanılmış və SSRİ dağıldıqdan sonra istifadəsi mümkün olan arxiv materialları əsasında əvvəlki dövrlərdə mənbə qıtlığı nəticəsində yaranmış çatışmazlıqların düzəldilməsi;
- indiyədək öyrənilməyən və ya öyrənilməsi qadağan edilmiş problemlərin araşdırılması;
- Azərbaycana qarşı yönəldilmiş təhdidlərin və təcavüzün tarixini təkzibedilməz mənbə və faktlarla öyrənilməsi, mahiyyətinin, səbəb-nəticə əlaqəsinin üzə çıxarılması və s.
Bu sahələrdə uğurların qazanılması inkaredilməz olmadığı kimi, həmin uğurların əsasən ayrı-ayrı tarixçilərin gərgin əməyi və səyləri nəticəsində əldə edildiyi də şəksizdir. Amma tarixi tədqiqatlarımızın vəziyyətini ideallaşdırmaq da doğru olmazdı. O, bütün digər ölkələrin tarixçilərinin əsərlərində olduğu kimi, problemlərdən qətiyyən xali deyildir. Bunlar barədə istənilən qədər yazmaq olar. Amma məqsədimiz bu deyildir. Heç kəsə sirr deyil ki, əgər sovet dövründə tarixi tədqiqatlar yabançı ideoloji prinsiplərin təsiri və təzyiqlərindən əziyyət çəkirdisə, indi isə tarixin metodologiyasını bilməsələr də, bəzi tarixçilərin özünə vurğunluğundan, müştəbehliyindən, populizmindən, tarixi fakt və hadisələri, proseslərin səbəb-nəticə əlaqəsini üzə çıxarıb olduğu kimi deyil, statik düşüncə tərzi ilə istədiyi kimi təsvir, şərh, təhlil etmək və nəticələr çıxarmalarından əziyyət çəkir. Bununla əlaqədar akademik Ramiz Mehdiyev tamamilə düzgün olaraq yazır: "... tarix elmimiz hələ faktoloqrafiyadan, eləcə də təsvirçilik metodundan tam xilas ola bilməmişdir".
Tarix tədqiqatlarımızda təəssüf ki, hələ də rəvayətçiliyə, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil edilmədən verilməsinə, çoxlu sayda rəqəm və faktların gətirilərək şərh edilmədən sırıdılmasına və ya "hesabdarlığa", quru sxematikliyə, faktoloji materiala aludə olmağa təsadüf edilir. Belə yanaşma tarixi təfəkkürün ən sadə və primitiv səviyyəsidir. Bunlar bizə sovet tarix elmindən qalan mirasdır. Mürəkkəb hadisə və prosesləri sadə dildə araşdıran, izah edən, proqnozlaşdıran, öyrədən, praqmatikliyə yönələn tarixi tədqiqatlarımız hələ kifayət qədər deyil. Akademik Ramiz Mehdiyev xüsusi ilə vurğulayır: "Tarix elmi yalnız təsviri xarakter kəsb edə bilməz. O, cəmiyyətin elementlərini, əlaqələrini, strukturlarını, tarixi prosesin mexanizmlərini aşkar etməlidir. Faktların toplanması, onların sistemləşdirilməsi və bir-biri ilə əlaqəli şəkildə təhlil edilməsi - bütün bunlar tarix elminin daxili əsasıdır. Bu prosedur bir elm kimi tarixin yalnız bir cəhətidir. Nəticədə təhkiyə və təsvir tarixdə mühüm yer tutur. Lakin tarix elminin dəyəri hadisələrin mahiyyətini anlamağa və izah etməyə cəhd göstərmədən yalnız onları söyləməkdən ibarət deyildir."
Məlum olduğu kimi, tarix sahəsi tədqiqatlarında son nöqtə heç vaxt qoyulmur. Hətta gənc bir tarixçi əvvəllər yazılmış əsərləri və gəlinən nəticələri yeni bir faktı üzə çıxarmaqla dəyişdirə bilir. Yeni bir tarixi fakt və ya faktlar qrupu, onların təhlili tamamilə yeni tarixi bilik formalaşdırmaq gücündədir. Bəşəriyyət tarixi, o cümlədən xalqımızın minilliklər tarixi heç bir zaman əvvəlcədən müəyyənləşdirilmiş sxemlər üzrə inkişaf etməyib. Onda daim enib-qalxmalar olub. Tarix, ümumiyyətlə, ziqzaqlı, dolanbaclıdır. Tarixçi xalqının tarixinin bu və ya digər bir dövrünü sevməyə bilər, amma ona daim hörmətlə yanaşmağa borcludur. Çünki bu, onun öz xalqının tarixidir. Hamar, ütülü tarix olmadığı kimi, ideal tarixi tədqiqat da yoxdur! Xalqın tarixi yalnız şanlı səhifələrdən ibarət olmur. Onda qara, utanc gətirən səhifələr də olur! Tarixi yersiz siyasiləşdirmək, müasirləşdirmək ziyanlıdır. Tarixçinin birinci dərəcəli vəzifəsi tarixi ütülü deyil, olduğu kimi yazmaq, doğru nəticələr çıxarmaq, xalqı üzləşə biləcəyi vəziyyətlərdən itkisiz və ya daha az itkisiz çıxmağa hazırlamaqdır. Buna görə də akademik Ramiz Mehdiyev tarixin fəlsəfəsini öyrənməyin vacibliyini irəli sürür. Akademik xüsusi olaraq qeyd edir: "Tariximizin empirik-faktoloji və məntiqi rasional səviyyələrinin qarşılıqlı əlaqəsinin dərk edilməsi problemi elmi metod kimi tədqiqatlarda bütövlükdə tətbiqini hələ kifayət qədər tapmamışdır".
Akademik məqaləsində tarix elmimizin tarixi hadisələr haqqında elmdən sosial və tarixi proseslər haqqında elmə çevrilib-çevrilmədiyi məsələsinə də münasibət bildirir. Qeyd edildiyi kimi, tarix elmində tarixi idrakın ilk və sadə səviyyəsi olan xronoloji düşüncə üstünlük təşkil edir. Bunun da başlıca səbəbi tarixin fəlsəfəsinin və metodologiya məsələlərinin zəif bilinməsi və ya bilinməməsidir. Bu da tarixçilərin və onları yetişdirən təhsil ocaqlarındakı müvafiq strukturların və şəxslərin "fəaliyyətinin" göstəricilərindən biridir. Akademik Ramiz Mehdiyev yazır: "Tarixi idrakın metodoloji problemlərinin Azərbaycan tarixinin təhlilinə yeni yanaşmaların, keçmişdəki hadisələrin izah olunmasının mühüm şərtinə çevrildiyi bir şəraitdə tarixçilərimiz metodoloji problematika ilə məqsədyönlü məşğul olmaq üçün özlərinə əziyyət vermirlər. Halbuki metodologiya amili tarixi idrakın dərin elmiliyində əsas rol oynayır. Tarixi hadisələr haqqında elmdən sosial və tarixi proseslər haqqında elmə çevirmək meyli Azərbaycan tarixşünaslığında hələ lazımınca təmsil olunmamışdır".
Çıxarılan nəticələrdən biri ondan ibarətdir ki, tarix elmimiz öndə gedərək dərin, tutarlı faktlara, onların təhlilinə əsaslanmalı, düzgün tarixi bilik formalaşdırmalıdır. Məsələn, əsassız erməni iddialarına cavab verilməsində tarixçinin subyektiv baxışından, mülahizələrindən daha çox mötəbər tarixi faktların üzə çıxarılaraq verilməsi, dərindən təhlil edilməsi əhəmiyyətlidir. Əsassız erməni iddialarına qarşı sistemli şəkildə fundamental əsərlərin yazılması heç şübhəsiz, Azərbaycan tarixçilərinin qarşısında duran vəzifələrdən biridir. Biz bədxahlarımızın, düşmənlərimizin yazdıqları saxtakarlıqlara cavab verməklə vaxt itirməkdən daha çox, önə keçib rəqibimizi yazdıqlarımıza cavab vermək üçün düşünməyə, zamanını sərf etməyə çalışan vəziyyətə salmalıyıq!
Açıq söyləmək lazımdır ki, indiyədək xalqımızın itirdiklərinin bir təqsiri də heç şübhəsiz, biz tarixçilərin üzərinə düşür! Əgər tarixçilərimiz tariximizə dair hadisə və prosesləri, xüsusən xarici təcavüz və təhdidlərlə bağlı problemləri olduğu kimi zamanında araşdırıb xalqımızın ixtiyarına buraxsaydılar (sovet dövründə buna imkan yox idi), ona doğru tarixi bilik versəydilər, bəlkə də indiki vəziyyət yaranmazdı! Yaransaydı da az itkilərlə, bəlkə də itkilərsiz çıxardıq.
Məlum olduğu kimi, ölkəmizdə hər
il tarix üzrə onlarla dissertasiya işləri yazılır
və müdafiə olunur. Heç şübhəsiz, az da
olsa, ciddi, dərin analitik təhlilə dayanan əsərlərə
rast gəlinir. Amma dissertant, elmi rəhbər, opponentlər,
aparıcı təşkilatdan başqa dissertasiyaları
oxuyan, demək olar ki, tapılmır. Bəzən
yuxarıda sadaladıqlarımın da heç də
hamısı dissertasiya işlərini oxumurlar. Dissertasiya işlərini kitabxanaların
fondlarında toz basır. Bu isə bizə
köhnə sistemdən keçmiş ziyanlı bir vərdişdir.
Görünür, bu vəziyyətdən xilas
olmağın, daha səmərəli formalarının
tapılmasının, radikal addımlar atılmasının
zamanı yetişib. Dissertasiya işlərinin
bir çoxunda hekayəçilik,
nağılçılıq, uzun-uzadı şərhçilik
üstünlük təşkil edir. Qabaqcıl
dünya ölkələrindəki tarixi tədqiqatlara xas olan
proqnozlaşdırma çatışmır. Yazılan əsərlərin praktik dəyəri bəzən
çox aşağı səviyyədə olur.
Digər bir tərəfdən, tarixçi arxiv
materialı və sənədlər olmadan dərin məzmunlu
dissertasiya işini necə yaza bilər? Bakıda
arxivlərimizin ən yaxşı səviyyədə təmir
edilməsinə və şərait yaradılmasına
baxmayaraq, orada işləyən tədqiqatçıların
sayı ildən-ilə azalır, nə qədər qəribə
olsa da, tarix üzrə müdafiə şuralarında növbəyə
duranların sayı isə artır. Elə gənc tədqiqatçı
var ki, müdafiə şuralarında beş
ildən çoxdur gözləyir. Bu, utancverici
bir haldır.
Dissertasiya işlərində tədqiqatın metodoloji əsasının
yazıldığı hissəsində metod, metodika və
metodologiya məsələləri tamamilə bir-birinə
qarışdırılır. Bu, çox ciddi bir qüsurdur!
Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: ""Metod",
"Metodkia" və "metodologiya"nın bir-biri ilə
sıx bağlılığını, lakin eyni
olmadığını sübut etməyə ehtiyac yoxdur. Metodoloji ədəbiyyatda "tarixi metod"
"tarix elminin metodu" anlayışının özəyi
hesab olunur. Tarixin metodologiyası metoda
çevrilmir, onlar üst-üstə düşmür, necə
ki, elmin predmeti və elmin özü identik deyildir. Tarixin metodologiyası tarixin başa düşülməsi
haqqında elmdir. Metod və
metodologiyanın müqayisə edilməsi predmetin və elmin
müqayisəsinin tipik olmayan hadisəsi kimi təsəvvür
edilir. Metodoloji ədəbiyyatda metodologiya
metod haqqında elm, metod anlayışının özü isə
bu elmin predmeti kimi nəzərdən keçirilir".
Bu fikirləri ilə akademik Ramiz Mehdiyev tarixi tədqiqatlarımızda
olan çatışmazlıqları göstərərək,
keyfiyyətli əsərlər yazmağa dəvət edir. Dissertasiya
işləri yazan, müdafiə etməyə hazırlaşan
gənclərin və onlara rəhbərlik edən alimlərin
haqqında söhbət açılan məqaləni
oxuması, dərk və araşdırmalarında tətbiq etməsi
böyük fayda verərdi.
(Ardı var)
Musa QASIMLI,
Professor
Azərbaycan.-2013.- 4 iyun.- S.5.