Azərbaycan həqiqətləri Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunda diqqətə
çatdırılmışdır
Amerika
Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun iyunun 2-də
Vaşinqtonda keçirilmiş açılış
sessiyasında çıxış etmişdir.
Nazir
Elmar Məmmədyarov forumda Azərbaycanın ABŞ və
İsrail ilə ikitərəfli münasibətləri barədə
məlumat vermişdir.
Azərbaycan ilə İsrail arasında əlaqələrdən danışan nazir xalqlarımızın tarixən formalaşmış münasibətlərinin qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərmişdir.
Beynəlxalq aləmdə Azərbaycanın yalnız enerji resursları ilə zəngin bir ölkə deyil, həmçinin dözümlülük ənənələrinin dərin kök saldığı nümunəvi bir cəmiyyət kimi tanındığını vurğulayan E.Məmmədyarov müsəlman ölkəsi kimi tanınan Azərbaycanın səmavi dinlərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığı nadir məkan olduğunu bəyan etmişdir. Nazir tarixən yəhudi icmasının Azərbaycanda heç bir məhdudiyyətlərə məruz qalmadan yaşadığını və cəmiyyətimizin müxtəlif sferalarında təmsil olunduğunu qeyd etmişdir. E.Məmmədyarov yəhudi icmasının hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan hökumətinin tərkibində səhiyyə naziri postunu tutmuş Aşkenazi yəhudisi olan Yevsey Qindes tərəfindən təmsil olunduğunu, eləcə də yenicə qurulmuş hökumət tərəfindən 1919-cu ildə Yəhudi Xalq Universitetinin təsisi haqqında qərar verildiyinə dair faktları forum iştirakçılarının diqqətinə çatdırmışdır.
Eyni
zamanda, nazir İsrailə rəsmi səfərindən bəhs
edərək Prezident Şimon Peres, Baş nazir Benjamin Netanyahu
və digər rəsmilərlə səmərəli
görüşlər keçirdiyini bildirmiş və iki
dövlət arasında qarşılıqlı maraq
doğuran məsələlərin müzakirəsi məqsədilə
müntəzəm məsləhətləşmələrin
davam etdiriləcəyini söyləmişdir.
Cənubi
Qafqaz regionunda tammiqyaslı əməkdaşlığa əsas
maneənin Ermənistan-Azərbaycan münaqişəsi
olduğunu qeyd edən nazir Azərbaycanın ən qısa
zaman kəsiyində münaqişənin beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qəbul
etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini
dəstəklədiyini bildirmişdir. Nazir, həmçinin
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü olaraq Azərbaycanın dünyanın müxtəlif
məkanlarında, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar
olması üçün səylərini əsirgəmədiyini
söyləmişdir.
Tədbirdə
Azərbaycanın xarici işlər naziri ilə yanaşı,
Çexiya və Polşanın xarici işlər nazirləri
də çıxış etmişlər. Forum çərçivəsində
ABŞ-ın dövlət katibi Con Kerrinin də
iştirakçılara müraciət edəcəyi gözlənilir.
Qeyd
edək ki, eyni gündə səfir Elin Süleymanov Amerika Yəhudi
Komitəsinin gənc liderlərindən ibarət bölməsi
olan ACCESS Forumunun bağlanış toplantısında
çıxış etmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 4 iyun.- S.7.