Bakıda «Sosial-iqtisadi
inkişafda sahibkarlığın rolu: «Türkiyə-Azərbaycan
təcrübəsi» mövzusunda beynəlxalq
praktik konfrans keçirilmişdir
İyunun 3-də Bakı Biznes Mərkəzində "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda beynəlxalq praktik konfrans keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ÜDM-dəki çəkisi 80 faizi ötmüşdür.
Aparat rəhbəri ölkəmizdəki genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən böyük maraq göstərildiyini qeyd etmiş, özəl bölmənin inkişafı sahəsində bir sıra ölkələrlə, o cümlədən Türkiyə ilə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini qeyd etmiş, müxtəlif sahələrdə uğurla inkişaf edən əməkdaşlığımız barədə məlumat vermişdir.
Türkiyənin
Özyeğin Universitetinin rektoru Erhan Erkut ölkəmizin
sosial-iqtisadi inkişafından məmnunluğunu ifadə
etmiş, iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin
genişlənməsində sahibkarlığın xüsusi
rolunu vurğulamışdır.
Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan
Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun
direktoru İsa Alıyev çıxışlarında ölkənin
dinamik iqtisadi inkişafında, dövlət proqramlarından
irəli gələn vəzifələrin icrasında və
sosial məsələlərin həllində sahibkarların
yaxından iştirak etdiyini bildirmiş, sahibkarlıq fəaliyyətinin
daha da genişləndirilməsi sahəsində tədqiqatların
əhəmiyyətini diqqətə çatdırmışlar.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri və ölkə regionlarında sahibkarlığın inkişafı barədə danışmışdır.
Konfransda "Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri", "Sahibkarlıq sahəsində Türkiyə təcrübəsi", "Biznes tədrisinin inkişaf istiqamətləri", "Azərbaycanda ixracın və investisiyaların təşviqində sahibkarlığın rolu", "Kiçik və orta sahibkarlığın inkişafı və ATİB" mövzularında məruzələr dinlənilmişdir.
Konfrans
çərçivəsində Türkiyə nümayəndə
heyəti ilə ikitərəfli görüş
keçirilmiş, sahibkarlığın inkişafı sahəsində
əməkdaşlığın genişləndirilməsi barədə
fikir mübadiləsi aparılmış, bu istiqamətdə
beynəlxalq təcrübənin, o cümlədən
Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti
vurğulanmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 4 iyun.- S.7.