Prezident İlham ƏLİYEV: ABŞ hər zaman Azərbaycanın yanında olmuşdur

 

Son günlər Bakıda keçirilən beynəlxalq tədbirlər sırasında "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunu politoloqlar və iqtisadçı-ekspertlər yüksək dəyərləndirirlər. Reallıq deməyə əsas verir ki, son zamanlar Azərbaycan-ABŞ əlaqələri istər siyasi, istərsə də ictimai-mədəni tədbirlər müstəvisində uğurlu nəticələrlə sonuclanır.

Adi bir misal: Amerikada son dövrlər bir sıra ştatların ermənilərin Xocalıda törətdikləri qətliamı soyqırımı kimi tanıması dediklərimizə bariz nümunədir. Bu nümunə həm də ikili standartlarla oynayan dövlət başçılarına, dünya parlamentarilərinə, sülhpərvər insanlara mesajdır. Bu mənada mayın 29-da Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu iki ölkə arasında bu kimi münasibətlərin inkişafına əlavə pozitiv təsir göstərə bilər.

Forumun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə ABŞ-dan olan qonaqlarla görüşüb. Dövlət başçısı Alman Marşal Fondunun Transatlantik Akademiyasının aparıcı mütəxəssisi, ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqar, ABŞ-ın federal konqresmenləri Maykl Törner, Ted Po, 1998-2001-ci illərdə Birləşmiş Ştatların energetika naziri olmuş Nyu-Meksika ştatının sabiq qubernatoru, ABŞ-ın BMT-dəki sabiq səfiri və Nümayəndələr Palatasının sabiq üzvü Bill Riçardson və digər konqresmenlər Qreqori Miks, Leonard Lans, Cim Brayndştayn, Ruben Hinoyosa, Stiv Stokmən, Mişel Qrişəm, Pol Uolfovitz və Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar ilə söhbət edib.

Forumda ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətindən söbət açan Azərbaycan Prezidenti bildirib ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: "Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40 faizini nəql edirbizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir".

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, ABŞ Konqresinin üzvləri, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dunkan Maknab və digər şəxslər iştirak ediblər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ABŞ-la dostluq və əməkdaşlıq əlaqələri son vaxtlar getdikcə daha da genişlənir. Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə arasında indiyədək 76 dövlətlərarası saziş bağlanıb. Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və beynəlxalq bazara çıxarılmasında ABŞ-ın dəstəyi böyükdür. Eyni zamanda iki ölkənin beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı əlaqələri mövcuddur. Bu əlaqələr ildən-ilə daha da inkişaf edir, Azərbaycanın bölgədə artan iqtisadigeosiyasi rolu fonunda genişlənir.

Bu forumun Bakıda keçirilməsi həm də o deməkdir ki, Azərbaycan ABŞ-a olan münasibətlərinə sadiqdir. Yəni Azərbaycan prinsipial əhəmiyyətli vacib məsələlərdə ABŞ-ladır. Bu kontekstdə tərəflər arasında münasibətlər daha da möhkəmlənir.

Bir sözlə, Azərbaycan-ABŞ münasibətləri müstəqilliyimizin bərpasının ilk illərindən inkişaf edərək strateji tərəfdaşlığa çevrilir. İki ölkə arasında siyasi təmaslar və dialoqlar yüksək səviyyədədir. Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayə yatırımları baxımından Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər. Azərbaycan enerji təhlükəsizliyi məsələsində də ABŞ-la yaxından əməkdaşlıq edir. Hətta iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələlər də ABŞ mütəxəssisləri ilə müzakirə süzgəcindən keçirilir.

Regional təhlükəsizlik və əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə bu sahədə yeni mərhələyə qədəm qoyub. Artıq qlobal təhlükəsizlik məsələlərində Azərbaycan-ABŞ mütəxəssisləri birgə çalışırlar. Azərbaycan hərbçiləri dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edirbu marşrut ən sabit marşrut hesab olunur.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə dövlətimizin başçısına göndərliyi təbrik məktubunda ABŞ Prezidenti Barak Obama iki ölkə arasındakı mövcud əlaqələrdən məmnunluğunu bildirmişdir: "Ölkələrimiz arasında, xüsusilə də enerji və təhlükəsizlik məsələlərində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsinə Azərbaycanın töhfələrini olduqca yüksək dəyərləndiririk".

Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı keçirilən forumda ABŞ-ın hər zaman Azərbaycanın yanında olduğunu, islahatların həyata keçirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi məsələsində də ölkəmizlə yaxın tərəfdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev demişdir: "Bizim münasibətlərin digər bir mühüm sahəsi enerji təhlükəsizliyidir. Bu sahədə biz ABŞ ilə 1994-cü ildən etibarən çox sıx əməkdaşlıq edirik. O zamanlar bizim müxtəlif layihələrdə ABŞ çox fəal iştirak etmişdir. Bildiyiniz kimi, Xəzər dənizi ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycan ilk, mən deyərdim, pioner bir ölkə olmuşdur və 1993-2003-cü illər ərzində bütün proseslərdə ABŞ yaxından iştirak etmişdir. Çünki ABŞ administrasiyası və ABŞ-ın müvafiq güclü dəstəyi olmasaydı, biz uğur qazana bilməzdik. Biz çox güclü dəstəyin şahidi olduq və ABŞ-Azərbaycan tərəfdaşlığı da bu mühüm strateji layihələrin icrasını təmin etmişdir.

Biz sərmayələri cəlb edə bilmişik. Burada sərmayələr üçün münbit şərait yaratmışıq. Onların qanuni cəhətdən qorunmasını təmin etmişik. Azərbaycanda çox münbit biznes atmosferi yaradılıb. Bu da bizim iqtisadiyyatın şaxələndirilməsinə xidmət etmişdir. Enerji gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. ABŞ administrasiyasının dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilmişdir və istifadəyə verilmişdir.

Bu neft kəmərinin tikintisi təkcə Azərbaycan üçün öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı olmamışdır. Bu, yeni bir dəhliz, yeni bir istiqamət, yeni bir marşrut olmuşdur. O zaman bu layihəni həyata keçirəndə biz onun bütün müsbət cəhətlərini görə bilməzdik. Amma bu gün biz onun şahidiyik ki, bu layihə bizim qitənin enerji xəritəsini dəyişmişdir. Biz bütün hasilatımızı ixrac etmək imkanı əldə etmişikbu kəmərdən təkcə Azərbaycan deyil, bizim müxtəlif tərəfdaşlarımız tərəfindən istifadə olunur. Həmin bu dəhliz regional təhlükəsizliyin gücləndirilməsinə xidmət etmişbiznes mühitinin yaxşılaşdırılmasında da müstəsna rol oynamışdır".

Bir sözlə, dövlət başçısının nitqində və "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu iştirakçılarının çıxışlarında Azərbaycanın dinamik inkişafı, beynəlxalq hüquq normalarının, sülhün və tərəqqinin tərəfində olduğu, ölkədə yaradılan demokratik mühit bir daha bütün dünya dövlətlərinə bəyan edildi.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 4 iyun.- S.8.