20-ci dəfə eyni məkanda
Bu gün
Bakıda Beynəlxalq Xəzər neft və qaz, neftayırma
və neft kimyası sərgi və
konfrans işə başlayıb
Bu gün Bakıdakı "EXPO CENTER"də 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı açılır. Tədbir dörd gün davam edəcək və hər il olduğu kimi, yenə də dünya neft sənayesi liderlərini bir araya toplayacaq.
Bu münasibətlə dünən mətbuat konfransı keçirildi. "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon sərgi haqqında geniş məlumat verərək bildirdi ki, "Caspian Oil and Gas"da bu il 28 ölkənin 386 şirkəti iştirak edəcək. Sərgi "EXPO CENTER"in üç pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada baş tutacaq. O, tədbirin hər dəfə yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri dəstəyə görə Azərbaycan hökumətinə, Sənaye və Energetika Nazirliyinə, ARDNŞ-yə öz minnətdarlığını bildirdi.
Mətbuat konfransında sərginin meneceri Tofiq Kərimov da çıxış etdi. O bildirdi ki, ötən illə müqayisədə sərgi meydançalarının həcmi 22 faiz, eksponatların sayı isə 25 faiz artıb. Beş ölkə - Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunurlar. Bundan əvvəl Azərbaycan bazarında fəaliyyət göstərməyən və hazırkı sərginin ümumi iştirakçılarının 20 faizini təşkil edən şirkətlər bu tədbirə marağın azalmadığını göstərir. Tədbirə qatılan yerli şirkətlərin sayının da ildən-ilə artması sevindirici haldır.
T.Kərimov qeyd etdi ki, 20-ci yubiley sərgisinin keçirilməsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Bunu nəzərə alan sərgi təşkilatçıları ulu öndərə həsr olunmuş ayrıca stend düzəltmişlər. Burada ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə keçirilən ilk sərgi haqqında məlumat verilir. Eləcə də sonrakı sərgilərdə ulu öndərin iştirakını əks etdirən şəkil və materiallar nümayiş olunur.
Sərginin daimi iştirakçısı olan BP bu il tədbirdə daha bir yenilik edəcək. Belə ki, şirkət öz pavilyonunda nümayiş etdirdiyi ekspoziyalardan əlavə, "Alıcı ilə tanış ol!" adlanan bir tədbir də həyata keçirəcək. Bu, Azərbaycanda ən böyük neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP-nin ənənəvi tədbirlərindən biridir və yerli şirkətləri əməkdaşlığa daha çox cəlb etmək məqsədi daşıyır. "Alıcı ilə növbəti tanışlığın" məhz sərgi günlərində keçirilməsi isə əməkdaşlığa və tərəfdaşlığa daha çox şirkətlərin və mütəxəssislərin cəlb edilməsidir. Bunu BP Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirdi.
Hər il olduğu
kimi, sərgi ilə bahəm konfrans da keçiriləcək.
Sərgidən bir gün
sonra "Jumeirah Bilgah Beach Hotel"də
açılacaq konfransda bu
il rekord sayda sponsor qeydə
alınıb. Baş
sponsor ARDNŞ, qızıl sponsorlar isə BP və "Statoyl" şirkətləridir. Konfransın
meneceri Nigar Muradxanlı bildirdi ki, burada "Avrasiya üçün enerji təchizatının
və enerji təhlükəsizliyinin təminatında
Azərbaycanın rolu",
"Hasilatın artırılması
və diversifikasiyası
sahəsində beynəlxalq
əməkdaşlıq", "Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər", digər
mövzularda məruzələr
oxunacaq.
Qeyd edək
ki, artıq üçüncü dəfədir
Xəzər neft-qaz sərgisi ilə yanaşı, energetika və alternativ enerji sərgisi də keçirilir. Mətbuat konfransında
bildirildi ki, bu sərgi "İTE
Group plc" şirkətinin energetika sahəsində təşkil etdiyi aparıcı tədbirlərdən
biridir. Qısa şəkildə "Caspian
Power" adlanan bu sərgi son zamanlar sözügedən sahənin
avadanlıqlarının nümayiş
etdirilməsi və mütəxəssislərinin konstruktiv
dialoq aparması üçün bir platformaya çevrilir.
Xəzər neft-qaz sərgisi hər dəfə təkcə karbohidrogenlərin
hasilatı, nəqli, satışı ilə məşğul olan şirkətlərin və
mütəxəssislərin deyil, Bakının sakinlərinin və qonaqlarının da diqqətini cəlb edir. 20-ci dəfədir eyni məkanda keçirilməsi və özünə olan marağı itirməməsi,
əksinə, daha çox iştirakçı
və tamaşaçı
toplaması onun əhəmiyyətini bir daha vurğulayır.
Flora SADIQLI,
Azərbaycan.-2013.- 4 iyun.- S.8.