Taxtakörpüdə Qarabağ
müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin
açılışı olmuşdur
Laçınlı
məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları
Ağcabədi rayonunun Taxtakörpü ərazisində
Qarabağ müharibəsində şəhid olmuş və
iştirak etmiş Laçın rayonunun Mişni kənd sakinlərinin
xatirəsinə ucaldılmış abidə istifadəyə
verilmişdir.
AzərTAc
xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyəti
nümayəndələrinin, kənd sakinlərinin, şəhid
ailələri üzvlərinin, keçmiş
döyüşçülərin iştirakı ilə mərasim
keçirilmişdir.
Tədbirin
əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmiş,
ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi
uğrunda şəhid olmuş Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Mərasimdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, şəhid ailələrinin üzvləri və keçmiş döyüşçülər Mişni kəndinin qəhrəman oğullarının respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışmış, abidənin gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacağını vurğulamışlar.
Bildirilmişdir ki, Qarabağ müharibəsində Mişni kəndinin 80-dən çox sakini erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, onlardan üçü - Ərəstun Kərimov, Vüqar Aslanov və Habil Həsənov torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlar.
Məlumat verilmişdir ki, Ərəstun Əhməd oğlu Kərimov 1956-cı il mayın 3-də anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna daxil olaraq mühəndis-elektromexanik ixtisasına yiyələnmiş, "Azərelektroterm" Elm İstehsalat Birliyinin Bakı elektroterm avadanlıqları zavodunda işləmişdir.
Ərəstun Kərimov 1992-ci ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin müdavimi olmuş və zabit kimi torpaqlarımızın müdafiəsində iştirak etmişdir. 1993-cü il martın 28-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Hazırda Bakı şəhəri, Xətai rayonunda küçə və Laçın rayon Mişni kənd mədəniyyət evi şəhidin adını daşıyır.
Vüqar Qəmbər oğlu Aslanov 1970-ci il iyulun 15-də Laçın rayonunun Mişni kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, 1990-cı ildə Almaniyada hərbi xidməti başa vurub doğma kəndinə qayıtmışdır. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda minlərlə Vətən övladları kimi, Vüqar da könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmış, Laçın, Kəlbəcər və Füzuli rayonlarında döyüşlərdə iştirak etmişdir. 1994-cü il martın 13-də növbəti kəşfiyyat tapşırığını yerinə yetirərkən minaya düşərək həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Mişni kənd xəstəxanasına Vüqar Aslanovun adı verilmişdir.
Habil Yunis oğlu Həsənov 1974-cü il martın 16-da Laçın rayonunun Mişni kəndində doğulmuşdur. 1991-ci ildə orta məktəbi doğma kəndində bitirmiş, Bakı şəhəri, Qaradağ rayonunda peşə məktəbinə daxil olmuşdur. 1993-cü ildə hərbi xidmətə yollanmış, Füzuli və Cəbrayıl rayonlarının müdafiəsində iştirak etmişdir. 1993-cü il avqustun 30-da Cəbrayıl rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olmuşdur. Hazırda Mişni kənd tam orta məktəbi Habil Həsənovun adını daşıyır.
Çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinin ağır fəsadlarından danışmış, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirmişlər. Əminliklə vurğulanmışdır ki, Azərbaycan dövlətinin qüdrəti, Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu düşmən tapdağından azad ediləcək, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Mərasim iştirakçıları abidə üzərinə gül-çiçək düzmüş, şəhidlərin ruhlarına dualar oxumuşlar.
Mərasim məktəblilərin ifasında bədii kompozisiya ilə davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev mərasimdə iştirak etmişdir.
Tədbirdən
sonra şəhid ailələrinin üzvləri ilə
görüş keçirilmişdir.
Azərbaycan.-2013.- 4 iyun.- S.9.