Ukraynada çıxan nüfuzlu «Narodnıy deputat» jurnalı ümummilli lider Heydər Əliyev haqqında məqalə, habelə Azərbaycan barədə bir sıra materiallar dərc etmişdir

 

Ukraynada çıxan nüfuzlu və populyar "Narodnıy deputat" aylıq jurnalının təzə nömrəsi çapdan çıxmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalənin və ölkəmizdən bəhs edən bir sıra materialların dərc olunduğu jurnalın üz qabığını Azərbaycan Prezidenti İlham Əliyevin portreti bəzəyir.

Jurnalın bu nömrəsi Azərbaycan dövlətinin başçısının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqi ilə açılır.

Nəşrin redaksiya kollegiyası Prezident İlham Əliyevin çıxışındakı "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müasir Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edən amildir",  "...Azərbaycanın dövlət müstəqilliyinə aparan yol Naxçıvandan başlanmışdır və Heydər Əliyevin təşəbbüsü, onun zəhməti, cəsarəti və qətiyyəti sayəsində mümkün olmuşdur" sözlərini iri şriftlə vermişdir.

Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətlinin  jurnala verdiyi   "Yeni üfüqlər" sərlövhəli müsahibəsində SOCAR, diaspor təşkilatları, Xarici Nümayəndəliklərə Xidmət Baş Direktorluğunun iştirakı ilə Ukraynada səfirliyimizin təşkil etdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş irimiqyaslı tədbirlərdən söz açmışdır. Diplomat Heydər Əliyevin inkişafına böyük əhəmiyyət verdiyi və strateji tərəfdaşlıq səviyyəsinə çıxardığı Azərbaycan-Ukrayna münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan möhtəşəm islahatlar, Azərbaycanın çiçəklənməsi və bir çox başqa  məsələlər üzərində də ətraflı dayanmışdır.

"Narodnıy deputat" öz səhifələrində Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadənin "Heydər Əliyev: Ukraynanı sevən Azərbaycan lideri" sərlövhəli məqaləsini də yerləşdirmişdir.

Materialda planetar miqyaslı şəxsiyyət Heydər Əliyevin əfsanəvi həyat yolu və fəaliyyətindən, onun ölkəmizin ən yeni tarixinə misilsiz töhfəsindən, ulu öndərin Ukraynaya səmimi məhəbbətindən və bir çox başqa mətləblərdən söz açılır.

Nəhayət, jurnal ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi şərəfinə Kiyevdə, Azərbaycanın Ukraynadakı səfirliyi yanında Heydər Əliyev adına  gözəl bağın təntənəli açılış mərasimindən hazırlanmış "Töhfə park" fotoreportajını dərc etmişdir.

Tədbirdə Azərbaycan tərəfindən SOCAR-ın  prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Kiyevdəki səfiri E.Mədətli, Ukrayna Baş nazirinin müavini Konstantin Qrişşenko, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Aleksandr Popov və başqa rəsmi şəxslər iştirak etmişlər.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxışında demişdir: "SOCAR Heydər Əliyev siyasətinin, o cümlədən sosial xarakterli siyasətinin ən yaxşı ənənələrini davam etdirərək,  şirkətin nümayəndəliklərinin fəaliyyət göstərdiyi ölkələrdə sosial, mədəni, təhsil, ekoloji mahiyyətli  layihələr həyata keçirir. Məsələn, Ukraynada biznes fəaliyyətindən başqa dövlətin ictimai həyatında fəal iştirak etmək və onun sosial-mədəni inkişafına daim töhfə vermək  bizim üçün son dərəcə əhəmiyyətlidir".

Bu sözlər isə Ukrayna Baş nazirinin müavini Konstantin Qrişşenkoya məxsusdur: "Heydər Əliyev təkcə Azərbaycanın lideri olmamışdır və deyildir, onun şəxsiyyətinə dünya ictimaiyyəti tərəfindən də böyük hörmət bəslənilir. Bu gün Kiyevdə onun adını daşıyan parkın açılması faktı  indiki Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin qurulmasında istər siyasətçi, istərsə də şəxsiyyət kimi onun tarixi rolunun əhəmiyyətini təsdiq edir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan.-2013.- 5 iyun.- S.3.