Azərbaycan yüksək nüfuzu
olan və regionun lideri statusunu uğurla daşıyan dövlətdir
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın bütün inkişaf göstəricilərinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması dünyanın, xüsusən ölkəmizi özünün tərəfdaşı kimi görən Qərbin qəbul etdiyi inkarolunmaz reallıqdır. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər.
Bu gün Cənubi Qafqazı əhatə edən hər hansı layihənin Azərbaycanın maraqlarını və təşəbbüslərini nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Bütün bunlar Azərbaycan Respublikasının dünyada artan nüfuzunun və imicinin, eyni zamanda iqtisadi imkan və poteal baxımından bölgənin aparıcı dövləti olmasının göstəricisidir. Əlbəttə, beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə ilk növbədə ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, müstəqil və qətiyyətli siyasət həyata keçirməsi dünyanı narahat edən hər bir məsələdə düzgün və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsi dayanır. Azərbaycan ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözlərini deyirlər. Eyni zamanda Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. Bütövlükdə son 20 ilin statistikası göstərir ki, Azərbaycan dövləti beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirmişdir. Bunun da məntiqi nəticəsi olaraq ölkəmizin beynəlxalq nüfuzu ilbəil yüksələn xətlə artmışdır.
Bir neçə gündən sonra ulu öndər Heydər Əliyevin xalqımızın tələb və istəyi ilə hakimiyyətə qayıdışının 20-ci ili tamam olacaq. Müstəqilliyimizin ilkin çağlarında ağır dövrlərini yaşayan respublikamız yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün təhlükələri dəf etdi. Ulu öndərin sayəsində ölkəmizdə müstəqil dövlət quruculuğu prosesinə, bütün sahələrdə islahatlara start verildi, tənəzzül inkişafla əvəz olundu. Bu gün hər kəsin qəbul etdiyi reallıq ondan ibarətdir ki, qazandığımız bütün uğurların kökündə Heydər Əliyevin başladığı qurtuluş missiyasını uğurla başa çatdırması dayanır.
Bu dövrdə xalqımızın nail olduğu ən böyük uğurlardan biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizə verdiyi siyasi və iqtisadi dividendlərdir. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi. Bu mənada Azərbaycanın dünyada artan nüfuzunun kökündə dayanan əsas amillərdən biri məhz enerji təhlükəzliyi sahəsində etibarlı tərəfdaş olmasıdır.
Bakıda hər il keçirilən Beynəlxalq neft, qaz sərgisi və konfransının 20 illiyi münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Prezident İlham Əliyevə göndərdikləri məktublarda da Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinə və xalqına ən xoş arzularını çatdıran ABŞ Prezidenti Barak Obama bildirib ki, Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Məktubda daha sonra deyilir: "Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır". Məktubda, həmçinin qeyd olunur ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir.
"Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir". Bu fikirlər isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunda yer alıb.
2013-cü ilin dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacağını diqqətə çatdıran D.Kemeron Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıb.
Azərbaycan
Prezidentinə ünvanlanan bu məktublar bir daha təsdiq edir
ki, ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul
edilir. Eyni zamanda o da aydın olur ki, dünyanın iri və
aparıcı dövlətləri gələcək illərdə
də Azərbaycanla enerji sahəsində yaxından əməkdaşlıq
etməkdə maraqlıdırlar. Bütövlükdə isə
həm ABŞ Prezidentinin, həm Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının Baş nazirinin Prezident İlham Əliyevə
məktublarında yer alan fikirlər onu göstərir ki, Azərbaycan
beynəlxalq birlikdə layiqli yeri və yüksək nüfuzu
olan, həmçinin regionun lideri statusunu uğurla
daşıyan dövlətdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 5 iyun.- S.6.