Tarix elmimizin metodoloji problemləri

 

Tarixi bilməyin faydası

 

 

Tarixin öyrənilməsi nə üçün vacibdir? İnsanlar tarixə nə üçün tez-tez müraciət edirlər? Tarix sübut edir ki, keçmişini  bilməyənin bu günü, sabahı və gələcəyi yoxdur! Tarix  bizim  yolumuza  işıq  tutur! Akademik Ramiz  Mehdiyev  məqaləsində tarixi nə üçün öyrənməyin vacibliyi sualına da elmi əsaslandırılmış  cavab verir. O yazır: "Cavab birdir - tarix insana özünü dərk etməsi üçün lazımdır... O, xalqa özünün indisini dərk etmək, gələcəyə yolunu müəyyənləşdirmək üçün lazımdır".

Akademik bu fikirlərini  səbəbsiz  yazmır. Heç kimə sirr deyil ki, tarixin bilinməsi  sahəsində  bizdə  xeyli  boşluqlar var. Tarixin  kifayət  qədər  bilinməməsi və milli tarixdən qürurlanmamaq nəticəsində bir sıra problemlər yaranır.  Akademik yazır: "Əgər bu gün bizim vətəndaşların bir qismində müəyyən xarici dairələrin dövlətimiz, onun tarixinə qərəzli siyasətinə biganəlik, laqeydlik müşahidə ediriksə, bu, müəyyən dərəcədə onlarda tarixi şüur formalaşdıra bilməmiş milli tarix elminin öyrədilməsindəki ciddi boşluqların nəticəsidir".

Tarixi bilməyin faydası ilk baxışda çox sadə bir məsələdir. Lakin sadə olduğu qədər də mürəkkəbdir. Akademik Ramiz Mehdiyev bununla bağlı olaraq yazır: "Biz özümüzü ümumi tariximiz sayəsində dərk edirik".

Məlum olduğu kimi, müasir  dövrümüz texnika dövrüdür. İnsan icad etdiyi raketlərlə kosmosa uçur. Bir zamanlar vaxt alaraq insan əli ilə görülən işlər qısa müddət ərzində kompyuterlə yerinə yetirilir. Ən yeni texnologiyalar sayəsində dünya xeyli kiçilib. Tərəfdarları və əleyhdarlarının olmasına baxmayaraq, qloballaşma  prosesləri  gedir. Amma bütün bunlarla yanaşı, dövrümüz  həm də tarixçi təfəkkürü ilə düşünmə dövrüdür. Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. Bir qədər keçmiş tarixi konkret zaman və məkan daxilində insanların fəaliyyətini öyrənən elm olaraq dəyərləndirdilər. Tarix bilavasitə görünməyən, ünsiyyətdə olunmayan, lakin mənbələrlə keçmişdən bu günümüzə gələn, günümüzdə ortaya çıxan  tənqidçi və şərhçi bir anlayışla   verilən elmdir. Tarix keçmişlə insanın yaşadığı dövr arasında bitməyən, sonu olmayan  bir dialoqdur. Bəşəriyyət mövcud olduqca tarix də olacaq, deməli, baş verən hadisə və proseslər barəsində tədqiqatlar da aparılacaq. Bu günün tarixi  dünəndən, daha əvvəllərdən, uzun əsrlərin qaranlıqlarından qaynaqlanır. Tarix və müasirlik bir-biri ilə sıx bağlıdır. Tarix eyni zamanda xatirə, təcrübə və mülahizə elmidir. Həqiqət təbiətin qoynunda rəsm çəkən rəssam üçün nədirsə, tarixçi üçün də o olmalıdır. Rəssam işlədiyi obyekt ilə bilavasitə ünsiyyətdə olur, onun gözü qarşısındadır. Tarixçi isə yalnız toz basmış, saralmış, soyuq mənbələrin vasitəsi ilə tarixlə əlaqə yaradır. Keçmiş tarix hər kəsə fərqli görünür. Tarixçi əsərində duyğu və düşüncələrini dilə gətirir, tarixə  yaradıcı, bəzən də xəyali yanaşır. Suallar seli tarixçini rahat buraxmır. Bunsuz tədqiqat işi olmaz ki! Belə olmasaydı, onda bütün tədqiqat işləri eyni məzmun və məna daşıyardı. Bir araşdırma işi aparıldıqdan  sonra  başqa tədqiqat işlərinə  heç ehtiyac da qalmazdı! Tarix elmi insanların fəaliyyəti nəticəsində meydana gələn hadisə və prosesləri öyrənir. Tarixin təbiəti insandır. İstər fərd olsun, istər cəmiyyət! Bəzilərinə görə, tarix böyük işlər görmüş şəxsiyyətlərin fəaliyyəti, insanların bacardığı işlərin, Yer üzündə çalışmış böyük adamların tarixidir. Dünyada qazanılmış uğurlar  görkəmli adamların fikir və düşüncələrinin konkret maddi nəticələridir. Belə yanaşmada  dünya tarixinin ruhunu böyük adamlar təşkil edir. Həmin adamlar dahilər və ya  qəhrəmanlar olaraq qiymətləndirilir.

Məlumdur ki, insanlar fərqli düşüncəyə sahibdirlər. Tarixin meydana gəlməsində, hadisələrin bu və ya başqa şəkildə inkişafına  onların düşüncələrinin,bunun nəticəsi olaraq fəaliyyətlərinin təsiri şəksizdir. Ona görə də tarixçi, sadəcə, xronologiyaya, fikirlərə diqqət yetirməyib, bu xronologiyaların arxasında gizlənən mahiyyətə, fikirlərin içindəki duyğu və həyəcanın köklərinə enməlidir. Tarixi şəxsiyyətin aldığı tərbiyəyə, ailə mühitinə  diqqət yetirməyə borcludur. Bunsuz tarixçinin yazdığı əsərin elə də böyük əhəmiyyəti olmaz. Fərdlərin fərqli psixoloji özünəməxsusluqları olduğu kimi, cəmiyyətlərin də fərqlilikləri vardır. Tarixçi cəmiyyətin psixologiyasını diqqətdən qaçırmamalıdır.

Tarixi hadisə və proseslərə iqtisadi amillərin təsiri şübhəsizdir. Amma tarix yalnız iqtisadi amillərin təsiri altında baş vermir. Ona dövrün hakim ideologiyası da təsir edir. İdeologiya isə konkret şəraitdə xalqın və dövlətin qorunması və inkişafına xidmət edir. Tarixi hadisə və proseslərə yanaşma zamanı tarixçinin diqqət yetirməsi vacib olan  əsas - başlıca və xüsusi amillər vardır. Əsas - başlıca amillərin rolu adətən dəyişmir. Onlar tarixin lokomotivləridir. Xüsusi amillər isə hadisədən hadisəyə dəyişir, bir-birindən fərqlənirlər. Bu, bir qanunauyğunluqdur! Tarixçinin məharəti onların hər ikisinə birdən lazımi əhəmiyyət verib, vəhdətdə görüb araşdırmaqdır. Cəmiyyətlə  onun yerləşdiyi məkan arasında bağlılığı da tarixçi gözdən qaçırmamalıdır.  Akademik Ramiz Mehdiyev haqlı olaraq  yazır: "İstənilən tarixi hadisələr yalnız o şərtlə anlaşıla və düzgün qiymətləndirilə bilər ki, onlar konkret tarixi şəraitdə və əlaqəli şəkildə nəzərdən keçirilsin".

Tarix, sadəcə, bir problemin araşdırılmasına həsr edilmiş  elm deyil, insanlara doğru nəticələrə gəlmələri üçün istiqamət verən bir düşüncə tərzidir. Bütün insanların təkcə öz təcrübələrini deyil, keçmişi öyrənməyə, ondan  güc almağa və daim təcrübə qazanmağa ehtiyacı vardır. Hər bir millət tarixdə ata və babalarının qazandığı uğurlarla fəxr edir. Onu zənginləşdirməyə çalışır. Bu isə həmin milləti qürurlu edir, tərəqqiyə, yeni-yeni uğurlar qazanmağa aparır. Əks-təqdirdə, millət yerində sayar, daha sonra isə tənəzzülə gedər. Hər bir xalq haradan gəlib haraya getdiyini yaxşı bilməlidir. Bunda isə tarixi biliyin  böyük faydası vardır. Keçmişini bilməyən bir millət tarixi yaddaşını, qan yaddaşını unutmuş, sellərə qərq olmuş, milli kimliyini itirmiş, assimilyasiyaya uğramış  kimidir! Onu yaxşı gələcək gözləmir! Tarixdə olmuş, lakin indi  mövcudiyyətini qorumayan  xalqların və dövlətlərin tarixini xatırlamaq  bu elmin faydası barədə çox şey deyir. Tarixi keçmişi - istər yaxın olsun, istərsə də uzaq adi insanlar bilavasitə görə bilmirlər. Onu tarixçinin əsərləri vasitəsi ilə öyrənirlər. Tarixçinin mənbələri yaxşı bilməsi və layiqli əsərlər yazması, eyni zamanda, müasir dəyərlərin daha yaxşı təqdir edilməsinə imkan verir. Tarixi oxucuya çatdıran  tarixçilərdir. Tarixçi tarixdən kül yox, od götürməlidir. Milli  tarixinin  ən parlaq səhifələrini sevgi və şövq ilə xalqına çatdırmalıdır. Xalqının təkcə məhdud, lokal tarixini deyil, dünya siyasətində tutduğu yeri qabartmalıdır. Mənfiliklərdən isə ibrət almağa kömək etməlidir. Əlbəttə, tarixi yaxşı bilməklə insan hər şeyi əvvəlcədən görə bilməz. Bu, heç mümkün də deyil! Lakin tarixin yaxşı bilinməsi gələcəyi görməyə çalışmaq üçün imkan verir, gələcək barədə yaxşı düşünməyə vadar edir. Tarixi keçmişə tənqidi təfəkkürlə yanaşma, ciddi araşdırmaların aparılması  millətin özünü tanımasına, buraxılan səhvləri təkrar etməməsinə və deməli, tərəqqisinə imkan verir. Tarixin bilinməsi, sadəcə, intellektual deyil, hətta ən sadə, təhsilsiz insanın başında huş, yaddaş və özünütanıma duyğusu da oyadır, mənəvi dəyərlərin qorunması və inkişafına kömək edir. Ailədən başlayıb millətə və dövlətə doğru formalaşmış sevgini daha da gücləndirir. Fərdin, bütövlükdə millətin dövləti ilə olan sıx bağlılığını möhkəmləndirir.  Beləliklə, tarixin bilinməsi bir fərdin mənsub olduğu millətin, üstündə yaşadığı Vətən torpağının keçmişini öyrənmə, haradan gəlib haraya getmə istəyini ortaya qoyur. Tarixi biliyin mükəmməl formalaşması xalqın və onun mənsub olduğu dövlətin güclü olmasına kömək edən amillərdən biridir. Buna görə də akademik Ramiz Mehdiyev tarixi bilməyin vacibliyini əsaslandırır.

 

 Tarix və siyasət

 

 Akademik Ramiz Mehdiyevin məqaləsi əslində tarix və siyasətin nisbəti məsələsində  tarixçiləri  düzgün mövqe tutmağa bir çağırışdır.  Məlum olduğu kimi, istər tarixçilər arasında, istərsə də mətbuatda belə fikirlərə tez-tez rast gəlinir: tarix elmi siyasətə qurban verilir. Fikrimizcə, burada yazılmış və yazılmamış dünya ölkələrinin siyasi hakimiyyət təsirindən və tarixi ənənələrdən gələn müəyyən həqiqət anı vardır. Ayrı-ayrı böyük ölkələrdə tarixi hadisə və proseslərə zaman-zaman dəyişilən münasibət deyilənləri təsdiq edir. Əslində, tarixin özü elə başdan-başa siyasətdir. Həm dolayısı anlamda, həm də birbaşa! Siyasətdən kənar tarixi hadisə və proses olmur. Bu gün tarixçilərin araşdırdığı tarixi hadisə və proses  keçmişdə yürüdülən konkret siyasətdir. İstər diplomatiya tarixi olsun, istər müharibələr tarixi, istər mədəniyyət tarixi, istərsə də iqtisadiyyat tarixi problemləri və s.   Sadalanan və sadalanmayan bu və ya digər tarixi problemlər  müəyyən zaman çərçivəsində yürüdülən  siyasətin nəticəsində meydana gəlib. Yekunda  həmin tarix yaradılıb. Keçmişdə yürüdülən siyasət bu gün üçün tarix, bu gün yürüdülən siyasət isə gələcək üçün tarixdir.

Hər hansı bir ölkənin tarixçisi  arxiv fondlarında  saxlanılan materiallar əsasında tarixi öz xalqının milli maraqları baxımından yazacaq. Beləliklə, bir hadisə və prosesə müxtəlif  yanaşmaları özündə əks etdirən mənbələr əsasında yazılan əsərlər də fərqli olacaq. Oxucu üçün həqiqəti müəyyənləşdirmək isə xeyli çətinlik törədəcək. Bir hadisə və proses barəsində fərqli tarixi biliklər formalaşacaq. Hər bir ölkənin və xalqın öz tarixi həqiqəti olacaq. Lakin gerçək tarixi yazmaq üçün akademik Ramiz Mehdiyevin  qeyd etidiyi kimi, tarixin fəlsəfəsinin bilinməsi zəruridir.

Tarix bir cür baş verir, amma ona yanaşma müxtəlif cür olur! Tarixi hadisə və proseslərin araşdırılmasına metodoloji tələb belə olmasa da, tədqiqatçının sinfi, partiya, hətta milli və dini  mənsubiyyəti, ailə tərbiyəsi,  təhsili, bu və ya digər tarixi şəxsiyyətə rəğbəti və nifrəti də təsir edir. Belə olduqda soruşulur: maraqların toqquşması, müxtəlif qütblərdəki qüvvələrin üz-üzə gəlməsi nəticəsində yaranmış tarixi obyektiv yazmaq mümkündürmü? Ümumiyyətlə, baş verən  tarixə uyğun olaraq yazılan obyektiv tarixi əsər varmı? Dövlətlərin, hakimiyyətə gələn və gedən ayrı-ayrı partiyaların həyata keçirdiyi daxili və xarici siyasəti uzun illər sonra   obyektiv yazmaq nə qədər mümkündür?  Konkret olaraq, həyata keçirilən hər hansı bir siyasət öz əksini müxtəlif xarakterli mənbələrdə tapdığından hakimiyyət, müxalifət və bitərəf qüvvələrin maraqlarını əks etdirən çoxlu ilkin mənbələr olduğundan tarixi maksimum obyektiv yazmaq asandırmı? Düzxətli olmayan, özündə çoxlu mürəkkəblikləri, gözəgörünən və görünməyən tərəfləri  birləşdirən  tarixi ideallaşdırmaq nə dərəcədə doğrudur? Tarix həm bəşəri, həm də millidir. Tarixçi öz tarixini obyektiv, rəğbət hissi və sevgi ilə yazmalıdır.

Tarixçi  hər hansı bir tarixi şəxsiyyəti, dövrü pisləməməli və ya tərifləməməlidir. Tarix elminin məqsədi divan tutmaq, məhkəmə qurmaq deyil! Tarixçi tarixi faktlar barəsində mühakimələr yürütməli, onların  mahiyyətini açmalıdır. Buraxılan səhvləri təkrarlamamaq üçün tarixi əsaslandırılmış material verməli, yol göstərməlidir. Bununla bağlı olaraq akademik Ramiz Mehdiyev yazır: "Peşəkar tarixçi təkcə tarixi faktları dəyərlərə aid etməklə kifayətlənməyib, həm də onların barəsində dəyərli mühakimələrə malik olmalıdır. O, pisləməli və tərifləməli deyil".

Apardığı tədqiqatda son nöqtə qoyduğunu deməyən, fikirlərini diskussiya üçün açıq saxlayan, nəinki yaşadığı dövrdəki həmkarlarını, həmçinin gələcək tarixçiləri onun əsərləri və baxışlarına yenidən baxmağa səsləyən tarixçi böyükdür. Bütün tarixi dövrlər və problemlər üzrə mükəmməl tarixçi olmaq mümkün deyil! Buna heç insanın fiziki imkanı da çatmır! Həmin tarixçidən  sonra gələn və yeni faktları üzə çıxaran gənc bir tədqiqatçı əvvəllər yazılmış əsərlərə fərqli baxışı ortya qoyur və beləliklə, tarixin açılmamış, gizli, yeni qatlarını üzə çıxarır. Burada  çox şey tarixçinin araşdırıcılıq bacarığından, mötəbərlik dərəcəsinə görə hansı mənbələrlə işləməsindən, onları necə öyrənməsindən və nəticələr çıxarmasından asılıdır. Bütün bu məsələləri düzgün bilmək üçün akademik Ramiz Mehdiyevin məqaləsi tarixçilərin yoluna  bir işıq saçır.

 

 Tarixçi və tarixi mənbələr

 

 

Akademik Ramiz Mehdiyev məqaləsində tarixçilərin tarixi mənbələr üzərində necə işləmələrinə dair metodoloji tələbləri də əsaslandırır. O yazır: "Bəzi tarixçilərin verdiyi qüsur ondan ibarətdir ki, onlar mənbələr haqqında məsələni  həqiqilik məsələsindən aydın fərqləndirə bilmirlər. Hər hansı tarixi hökmün həqiqiliyi problemi "yalnız və əsasən müəyyən mənbələrin mənşəyi baxımından həll edilə bilər".

Məlumdur ki, əgər kimyaçı aldığı laborator nəticələrinin doğruluğunu  birbaşa ünsiyyətdə olduğu sınaqların köməyi ilə təkrarən yoxlaya bilirsə, tarixçi tədqiqatını mənbələr əsasında aparır, araşdırdığı tarixi keçmişlə heç bir zaman birbaşa ünsiyyət qura bilmir. Onunla yalnız mənbələr vasitəsi ilə tanış olur. Tarixi tədqiqatın özünəməxsusluğu da elə bundan ibarətdir. Lakin  maraqların toqquşduğu bir zamanda mənbələri yazanlar öz dövlətlərini və ya qrup  maraqlarını ifadə edən ayrı-ayrı şəxslərdir. Ona görə də tədqiqatçı bu amili nəzərdən qaçırmamalı, mənbənin tənqidi təhlilini həyata keçirməli, hansının gerçəkliyini əks etdirdiyini, mötəbərliliyini müəyyənləşdirməlidir. Tarixçi mənbəni yersiz yerə müasir siyasət baxımından təhlil edib tarix yazmamalıdır. Mənbənin köməyi ilə araşdırdığı dövrə  nüfuz etməlidir. Dövrün tarixinin fəlsəfəsini bilməlidir.

Tarixçi ilə tarix arasında vasitə, körpü  rolunu oynayan  tarix mənbələri mötəbərlik dərəcəsinə görə bir neçə qrupa bölünür. Onları adətən ən mötəbər, mötəbərliyi az olan, mötəbərliyi şübhə doğuran və mötəbər olmayan  mənbələrə və s. ayırırlar. Ən mötəbər mənbələr, heç şübhəsiz, uzun illər boyu arxivlərdə saxlanılan rəsmi dövlət  sənədləri, rəsmi yazışmalar, zamanında bilinməyən  dövlət və hökumət siyasətini müəyyənləşdirən rəsmi məlumatlar və göstərişlərdir. Mənbələr  xarakterinə görə də müxtəlifdir.

Baş vermiş bir  hadisə  bəzən mənbələrdə  fərqli əks olunur. Məsələn, 1917-ci il oktyabr çevrilişi bolşeviklərə məxsus olan mənbələrində bir cür, o vaxtadək hakimiyyətdə olmuş müvəqqəti hökumət  strukturları, xarici ölkələrin rəsmi qurumları tərəfindən isə tamam əks qiymətləndirilir. Belə şəraitdə əgər tədqiqatçı bu və ya digər tərəfin mövqeyini müdafiə edəcəksə, onda heç vaxt obyektivliyə iddia edə bilməyəcək. Əksinə, bütün tərəflərin mövqelərini verməyə cəhd edən tarixçi gerçəkliyi əks etdirməyə  çalışdığı  üçün digərlərindən  fərqlənəcək. Üzərində işlədiyi mənbənin kimlər tərəfindən, hansı məqsədlər üçün hazırlandığını müəyyənləşdirməyən, mahiyyətini açmayan, təhlil və şərh etmədən verən  tarixçinin əsəri necə yüksək dəyərli ola bilər?  Bəzən bütöv bir arxiv sənədi və ya digər tarixi mənbə kitabın səhifələrində heç bir təhlil aparılmadan  bir-birinin ardınca düzülərək təqdim edilir. Bunun tarixi tədqiqatların metodologiyasına və bütövlükdə müasir tarixçiliyə uyğun gəlmədiyi kimsədə şübhə doğurmamalıdır. Tarixçi əldə etdiyi mənbədəki məlumatları əgər digər  mənbələrlə tənqidi təhlil əsasında müqayisə edirsə, o zaman tarixi gerçəkliyi olduğu kimi  əks etdirməyə iddia edə bilər.

Məlum olduğu kimi, tarixi  mənbənin informasiya verimi adətən tükənmir. Tarixçilər bir mənbəyə müxtəlif yöndən yanaşaraq bir neçə məqsəd üçün istifadə edir, onu  fərqli qiymətləndirirlər. Tarixçi üçün ən mötəbər mənbə məxfi rəsmi  sənədləri özündə birləşdirənlərdir. Ayrı-ayrı qeyri-rəsmi şəxslərin, ayrı-ayrı məqalə müəlliflərinin yazdıqları subyektiv xarakter daşıyır. Onlar tədqiqat zamanı müəyyən rol oynasalar da, mötəbər mənbə olmağa iddialılar cərgəsində arxada gəlirlər. Mənbənin zahiri və daxili tənqidini verməyən tarixçinin əsəri mükəmməl olmağa necə iddia edə bilər? Ümumiyyətlə, tam mükəmməl, bitkin, araşdırılmasına son qoyulmuş tarixi problem heç bir zaman olmur.

Məlum olduğu kimi, bəzi arxiv sənədləri uzun illər boyu məxfi saxlanılır, tədqiqatçıların istifadəsinə verilmir. Bəzi ölkələrdə məxfiliyin müddəti 30, bəzilərində 50 il və s.-dir. Belə olduqda "filan problemin araşdırılması dövrü hələ gəlib çatmayıb" kimi primitiv mülahizələr söyləyənlər də tapılır. Belə yanaşma ziyanlı olub, tarix elminin metodoloji prinsiplərinə ziddir. Çünki tarixçi həmin sənədlərin tədqiqatçılar üçün nə vaxtsa  açılacağını oturub gözləyə bilməz. Buna heç  imkanı  da yoxdur. Ona görə də tədqiqatçı tədqiqat obyekti kimi seçdiyi   problemi istifadəsi mümkün olan mənbələr  əsasında araşdırır, gələcək araşdırıcılar isə bu problemə qayıdaraq onun öyrənilməsini yeni mənbə və faktlarla  dərinləşdirirlər. Beləliklə, tarix araşdırmalarında qazanılan uğurlar möhkəmləndirilir, yaxşı  əsərlər meydana çıxır. Bu zaman tarixçinin tarixi faktlarla necə işləməsi məsələsi önə çıxır.

 

 

Tarixçi və tarixi fakt

 

Akademik  Ramiz  Mehdiyevin  məqaləsi tarixçiləri tarixi faktlarla düzgün işləməyə dəvət etdiyi üçün əhəmiyyətlidir. Tarixçi tədqiqatını topladığı tarixi faktların əsasında yazır. Lakin hansı  faktı  tarixi fakt hesab etmək olar? Heç şübhəsiz, bütün faktlar tarixi faktlar deyildir. Ona görə də rast gəlinən hər hansı fakt və ya faktlar qurupu əsasında  yazılan əsər də qiymətli ola bilməz. Tarixçi  yalnız istədiyi, ona lazım olan, qarşıya qoyduğu məqsədə nail olmağa kömək edən  faktları götürür. İşə başlayanda nə nəticə əldə edəcəyini də əvvəlcədən ya müəyyənləşdirir,  ya  da  müəyyənləşdirməyə çalışır.  Başqa cür aparılan tədqiqat işi kobud bir müqayisə ilə deyilsə, tikinti materiallarının toplanmasına   və hansı məqsədlər üçün tikiləcəyi bilinmədən başlanan inşaat  işlərinə bənzər. Baş vermiş  hər hansı bir tarixi hadisə və proses obyektiv, tarixçinin onlara yanaşması isə fərdi, subyektivdir. Lakin nə qədər fərdi də olsa, alınan nəticə fakt, material   araşdırmanın məzmunundan doğmalıdır. Əks-təqdirdə araşdırma tarixi gerçəkliyi  düzgün əks etdirməyə necə iddia edə bilər?

Məlumdur ki, toplanmış  tarixi  faktlar  heç  də həmişə  tam olmur. Deməli, bu və ya digər tarixi faktın və faktların təhlili əsasında aparılan tədqiqatda da heç bir ümumiləşdirmə, nəticə son olmur. Dərin, yaxşı tədqiqatçı heç vaxt araşdırmasının bitkin olduğunu, "hər şeyi mən yazdım" demir, özünü təbliğ etmir. Deyirsə, artıq bu, onun tarix elminin metodologiyasından xəbəri olmadığını və bir tədqiqatçı-tarixçi kimi dərin  böhrana düşdüyünü göstərir. Belə yanaşma tarixçinin inkişafı deyil, donuqluğu, ətalətidir. Əksinə, gələcək tədqiqatçılar üçün qapı acıq qoyulursa, onda  inkişaf  üçün imkanlar saxlanılır.

Tarix daim yenidən öyrənilməyə və təhlil edilməyə ehtiyac duyur. Sonrakı tədqiqatlar zamanı yeni faktlar üzə çıxdıqca vəziyyət də dəyişir. Bu faktlar tarixçiyə əvvəllər məlum olmayan həqiqətləri açır, bir zamanlar  adi hesab edilən tarixi faktlar, yeni siyasi şəraitdə daha ciddi əhəmiyyət kəsb edir. Hətta formalaşmış tarixi biliklər sistemini dağıda bilir. Burada siyasi şəraitin təsiri və rolu danılmazdır. Mahnıda  mətn, iqtisadiyyatda rəqəmlər hansı rolu oynayırsa, tarixi tədqiqatda da tarixi faktlar buna bənzər rol oynayırlar. Təhlil edilməyən və mahiyyəti açılmayan tarixi fakt quru və sxematik olub hadisə və proseslərin mahiyyətini açmağa xidmət etmir. Bununla bağlı olaraq akademik Ramiz Mehdiyev yazır: "Tarixçilərimiz tarixi faktların şərhi və onların nəzəri cəhətdən dərk edilməsi metodları barədə ciddi düşünməlidirlər, əks halda, milli tarixşünaslıq... "qayçı və yapışqan" mexanizminə, faktların cansıxıcı təsvirinə çevrilər". Nə qədər dəqiq fikirdir!

Araşdırma zamanı tarixi faktlar  yalnız bir dəfə elmi dövriyyəyə gətirilmir. Onlara dəfələrlə müraciət edilir. Hadisə və proseslərin, faktların  zaman keçdikcə yenidən qiymətləndirilməsinə ehtiyac duyulur. Yaxın zamanlaradək əhəmiyyətli olan bir fakt yeni şəraitdə  bəzən əvvəlki dəyərini itirir, inkar edilir, lazımsız sayılır. Əksinə, bir vaxtlar  əhəmiyyətsiz hesab olunan hər hansı bir tarixi fakt tamamilə yeni məna və əhəmiyyət kəsb edir. Əgər tarixçi fakt və materialları  "kəsib bir-birinin ardınca şərh, təhlil etmədən düzüb dəyərli bir kitab yazdım" deyirsə, bu, tarix elmini inkişaf etdirmək iddiasından uzaqdır.

Əlbəttə, tarix bir-birindən təcrid olunmuş fakt və hadisələrin məcmusundan  ibarət deyil. Tarixdə hər şey bir-biri ilə əlaqəlidir. Tarix bütöv və sistem halındadır. Bu baxımdan akademik Ramiz Mehdiyevin məqaləsi düşünmək üçün böyük bir material verir.

 

 

Azərbaycanın işğalı və bölüşdürülməsi probleminə baxış

 

Akademik Ramiz Mehdiyev məqaləsində  Azərbaycan tarixinə varislikdə, üzvi surətdə baxmağı tövsiyə edir. Müəllif yazır: "Azərbaycan xalqının tarixi rəngarəngdir, nadir  xarakterli epoxa və cəmiyyətlərin ardıcıllığı əvəzedilməzdir. Buna görə də tarixçinin vəzifəsi xalqın siyasi və mənəvi mədəniyyətini təşkil edən tarixi bütövlüyü gerçəkliyin özündə tapmaqdır".

Məlum olduğu kimi, hər bir xalqın inkişafının mühüm şərti onun dövlət müstəqilliyinin olmasıdır. Lakin müəyyən dövrlərdə Azərbaycan xalqının  müstəqil dövləti olmayıb. Bunlardan biri çarizm işğalı nəticəsində Azərbaycanın şimalının işğalı, bölüşdürülməsi və ilhaqı dövrüdür.  Müasir  Azərbaycan tarixşünaslığında  birmənalı, lakin Rusiya tarixçiliyində fərqli dəyərləndirilən hadisələrdən biri, heç şübhəsiz, çarizmin apardığı müharibələr nəticəsində  Azərbaycanın  bölüşdürülməsi, ondan sonra baş verən proseslər və nəticələridir. Sovet dövründə bu işğal birləşmə, könüllü qatılma kimi qiymətləndirilib. Azərbaycanda buna etiraz edən tarixçilərin fikirləri yad sayılıb. Azərbaycanın bölüşdürülməsi rəsmi  imperiya  tarixçiliyi baxımından birləşmə, könüllü qatılmadırsa, həm çarizm, həm də sovet rejimi şəraitində  Azərbaycan xalqı tarixi baxımından  qiymətləndirilib  yazılmasa  da, işğaldır! Müstəqil  Azərbaycan tarixçiliyi baxımından da işğaldır! Bu, tarixi gerçəkliyi əks etdirən doğru nəticədir!

Azərbaycanın işğalı probleminə  dünya  siyasətindən kənar, Avropa dövlətlərinin Şərq siyasəti nəzərə alınmadan qiymət vermək, heç şübhəsiz, natamam olardı. Fikrimizcə, indiyədək tarix araşdırmalarında işğalın dünya siyasəti, dövrün beynəlxalq münasibətləri ilə əlaqəli şəkildə  daha dərindən öyrənilməməsi və ya  zəif bilinməsi yaranmış boşluqlardan biridir.

Çarizmin işğalı ilə bütöv bir xalq iki yerə bölündü. Bu günə qədər də davam edən "Cənubi Azərbaycan", "bölünmüş Vətən" ifadələri  yarandı. Azərbaycan ərazisinə yadellilər yerləşdirildi! Azərbaycanlılar sıxışdırılaraq hərb sənəti və dövlət idarəçiliyindən uzaqlaşdırıldılar! Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talan edildi! İnsanlarımız  Sibir  sürgünlərində, çarizm həbsxanalarında çürüdülər! Bu gün də ölkəmizin inkişafına mane olan, xalqımızı fəlakətlərə salan  əsassız erməni iddialarının kökü  məhz çarizm işğalları ilə qoyuldu!  Yüzlərlə digər faciə baş verdi! İşğal Azərbaycan  dövlətçiliyinə son qoydu!  Lakin  Azərbaycan xalqı, mədəniyyəti bütün sıxışdırılmalara baxmayaraq, məhv edilə bilmədi!

İşğalın  digər tərəfləri də vardır. Onların diqqətdən qaçırılması aparılan tədqiqat işlərini bitərəf və natamam edir. Sual yaranır: bütün ağır nəticələrinə baxmayaraq, çarizmin Azərbaycanda siyasəti yalnız mənfimi olub? Heç bir müsbətə yaxın element olmayıbmı?  Müstəmləkəçilik siyasəti tarixinin öyrənilməsi göstərir ki, müstəmləkə rejimləri və siyasəti ümumən mənfi olsa da, onların nəticələri yalnız pisliklərdən ibarət olmur. Müstəmləkələrdə yürüdülən  siyasət nəticəsində müəyyən müsbətə  meyilli  işlər də görülür. Mənfiliklər içərisində bunları da  müəyyən tarixi zaman keçdikdən sonra  görmək də tarixçinin borcudur.

İran  Rusiya ilə müqayisədə  geri qalmış bir ölkə idi. Azərbaycanın şimalı  İran ilə müqayisədə daha inkişaf etmiş bir ölkə tərəfindən işğal edilərək  birləşdirildi. Azərbaycan xanlıqlar formasında işğal edildi. Əgər Azərbaycan  xanlıqları arasında birlik yaransaydı, xalq bir olsaydı, onda ərazilərimiz bəlkə də işğal edilə bilməzdi. Xalq ümumi problemlərə yanaşmada yekdil, bir olmalıdır! Xalqın  sıx  vəhdəti  lazımdır! Bu, həmin hadisələrdən müstəqillik dövrü üçün alınan  başlıca ibrətlərdən biridir.

Azərbaycan türkləri qarabağlı, şirvanlı, naxçıvanlı, gəncəli, lənkəranlı və başqa bu kimi imperiyanın tərkibinə daxil edildilər. 1918-ci ildə isə vahid dövlət, vahid xalq kimi imperiyanın tərkibindən çıxdılar. Şimalda xalqımız millətləşmə prosesini Cənuba nisbətən daha tez keçdi. Azərbaycanlılar Rusiya vasitəsilə  müasir Avropa elmi və mədəniyyəti ilə daha yaxından tanış oldular.

Başlıca məqsədi imperiyanın müstəmləkəçilik niyyətlərinə  xidmət olsa da, Azərbaycanda maarifçilik, müasir tipli məktəblərin açılması, milli teatrın yaradılması, milli mətbuatın qurulması, milli özünüdərk, milli şüur, milli hərəkat, sənayeləşmənin aparılması, müxtəlif ictimai təşkilatların meydana gəlməsi, ölkəmizi müstəqilliyə aparan siyasi partiya və təşkilatların formalaşması da məhz çarizmin hakimiyyəti illərində baş verib. Tarixi tədqiqatların metodologiyasını zəif bilən kimsə yanlış olaraq məni çarizmin işğalçılıq siyasətinə  bəraət qazandırmaqda təqsirləndirə bilər! Amma qətiyyən belə deyil. Tarixi hadisə və proses  olduğu  kimi verilsə və ya buna cəhd edilsə, faydalı olar. Tarix artıq baş verib! Baş vermiş tarixi kimsə dəyişdirə bilməz! Biz maraqlarımıza uyğun olan hadisə və prosesləri ideallaşdırmaqla, xalqımıza dərin, doğru tarixi bilik verməməklə və ya bunu istəməməklə nə qazanırıq? Bunların olduğu kimi yazılması ən çətin anlarda Azərbaycan xalqının mübarizlik  ruhunun və əzminin qırılmadığını göstərmək baxımından əhəmiyyətlidir. Bu problemə rəsmi mərkəzçilik tarix konsepsiyası  baxımından yanaşmaq müstəmləkəçilik  siyasətinə  bəraət qazandırmaq, deməli, xalqda müstəqillik hisslərini zəiflətmək, qulçuluq  psixologiyasına  haqq qazandırmaqdır. Tarixi tədqiqatlar isə  xalqda özünəinam hissi yaratmağa xidmət etməlidir.

Azərbaycan xalqı  işğalla barışmadı. Azərbaycanın istiqlalına aparan yol məhz çarizmin hakimiyyəti illərində başladı. Bu mübarizənin önündə çarizm dövründə qabaqcıl ali məktəblərdə təhsil almış  milli ziyalılar getdilər. İstiqlal fikri və mübarizəsinin bütün ağırlığını məhz onlar öz çiyinlərində daşıdılar. Azsaylı milli burjuaziya bu mübarizədə fəal iştirak etmədi. Əsasən dolayısı yolla öz töhfəsini verdi. Nə üçün? Ona təsir edən amillər öyrənilməlidir. Məlumdur ki,  çarizm azərbaycanlılar içərisindən imkanlı, varlı adamların çıxmasında  maraqlı deyildi. Azərbaycanlılar yalnız müəyyən çərçivədə və nəzarət altında  humanitar fəaliyyət göstərə bilərdilər. Maliyyə vəsaitləri onların əlində çox cəmlənə bilməzdi. Buna görə də çarizm məhdud sayda olan azərbaycanlı iş adamlarını daim sıxışdırır, ziyalıları təzyiqlər altında saxlayırdı. Sonralar sistem dəyişsə də, sovet dövründə azərbaycanlı milli ziyalıların repressiya olunmalarına təsir edən çoxlu amillərdən biri də məhz bu idi. Çarizmin müstəmləkə siyasətinin obyektiv araşdırılması nəticəsində işıq üzü görən kitablar xalqda  ələbaxımlıq  əhval-rihiyyəsi yaratmamalı, tarixi hadisə və prosesləri gerçəkliyə uyğun qiymətləndirməyə  imkan  verməli, Cümhuriyyətin  elanına necə çətinliklərlə və  hansı yollarla gəlib catdığı barədə dolğun təsəvvür yaratmalıdır.

Tarix yalnız müsbət hadisə və proseslərdən ibarət deyildir! Mənfiliklər də vardır. Tarix əksliklərin vəhdəti və mübarizəsindən ibarətdir! Tarixdən faydalı olan götürülməlidir. Pisliklərin içərisində bəzən müsbət, inkişafa xidmət edən amillər də olur. Məsələn, nə qədər ağır, insan  itkisi olsa, Birinci Dünya müharibəsi illərində Almaniyanın apardığı sualtı müharibə Antanta ölkələrinin Afrikadakı müstəmləkləri ilə ticarət-iqtisadi əlaqələrinə ziyan vursa, onu kəssə də, müstəmləkə ərazilərində yeni ictimai münasibətlərin yaranmasına, milli sənayeçilərin yaranmasına, inkişafa, millətləşmə proseslərinə kömək etdi. İkinci Dünya müharibəsi nə qədər qanlı və acılı olsa da, müxtəlif xalqların və mədəniyyətlər arasında əvvəllər qırılmış əlaqələrin müəyyən qədər bərpasında, bir-birilərini tanımasında rol oynadı.

 

 

(Ardı var)

 

Musa QASIMLI,

Professor

 

Azərbaycan.-2013.- 4 iyun.- S.8.