Təbiəti qoruyaq, sərvətlərini
qiymətləndirək
1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzinə çəkildi. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsinə diqqət yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar hər il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününün qeyd olunmasına qərar verdilər. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olundu.
XIX əsrin sonlarından elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə olan təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı. Elə hər il ətraf mühit gününün qeyd olunması da bu səbəblərdən irəli gəlmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il iyunun 5-i ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu il də Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Bakı-Qazax və Bakı-Quba magistral avtomobil yollarının ətrafında salınmış yaşıllıqlara qulluq edilməsi üçün iməciliklər keçirilib. Bölgələrdə ictimaiyyətin iştirakı ilə bu kimi tədbirlər təşkil olunub, yaşıllıqlara qulluq edilib, bir sıra ərazilər məişət tullantılarından təmizlənib.
Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ali təhsil müəssisələrində oxuyan tələbələrin ətraf mühitin qorunması sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin mühafizəsinə cəlb olunması məqsədilə görüşlər keçirilib. Görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılıb. Gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Axı təbiəti qorumaq, onun sərvətlərini qiymətləndirmək, israf etməmək, artırmaq hər birimizin insanlıq, vətəndaşlıq borcudur. Çünki hamımızın səhhətinin yaxşı olması, gələcək nəsillərin sağlamlığı ətraf mühitin saflığından çox asılıdır.
Flora SADIQLI
Azərbaycan.-2013.- 5 iyun.- S.9.