Con Kerri: Azərbaycan ABŞ-ın önəmli tərəfdaşıdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində bu ölkənin dövlət katibi Con Kerri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Con Kerri Azərbaycanın ABŞ üçün önəmli tərəfdaş olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) kömək göstərilməsində və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu deyən Con Kerri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində tərəflərə problemin həllini tapmaqda kömək edəcəyini vurğulamışdır. Dövlət katibi ABŞ-ın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiyaenerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini bildirmişdir.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayaraq qeyd etmişdir ki, danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Görüşdə, həmçinin Elmar Məmmədyarov Con Kerrini Bakıya rəsmi səfərə dəvət etmişdir.

Con Kerri bu səfərin həyata keçirilməsində maraqlı olduğunu demiş və dəvəti məmnuniyyətlə qəbul etmişdir.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.10.