Dövlət katibi Con Kerrixarici işlər naziri Elmar Məmmədyarov jurnalistlər qarşısında çıxış etmişlər

 

ABŞ-ın dövlət katibi Con Kerri və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 3-də  jurnalistlər qarşısında çıxış etmişlər.

Dövlət katibi C.Kerri çıxışında E.Məmmədyarovu  salamlayaraq bildirmişdir ki, son aylar ərzində bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə danışaraq bir sıra məsələləri müzakirə etmişdir. C.Kerri vurğulamışdır ki, Azərbaycan müxtəlif dinlərə etiqad edən və birgə gələcək quran insanların dinc yanaşı yaşamasının çox gözəl nümunəsidir. Dövlət katibi  E.Məmmədyarovun Amerika-Yəhudi Komitəsinin Qlobal Forumunda  çıxışından danışarkən demişdir: "Xarici işlər naziri bu günlərdə  burada, Vaşinqtonda Amerika-Yəhudi Komitəsinin auditoriyası qarşısında çıxış etmişdir. O, antisemitizmə qarşı məsuliyyətli mübarizədən, habelə Azərbaycanın mədəni müxtəlifliyə və plüralizmə sadiqliyindən danışarkən gurultulu alqışlarla qarşılanmışdır".

C.Kerri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım  Qüvvələrinin (İSAF) fəaliyyətində Azərbaycanın əhəmiyyətli roluna,   onun Şimal Paylaşdırma Şəbəkəsində tranzit əhəmiyyətinə, habelə  "Cənub dəhlizi" ilə planlaşdırılan qaz nəqli məsələlərinə də  toxunmuşdur. Dövlət katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatı da az əhəmiyyət kəsb etməmişdir. C.Kerri bildirmişdir ki, o, artıq Prezidentlə "dondurulmuş" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışmışdır. Bu münaqişə "regionda sabitliyə təhlükədir və onu həll etmək lazımdır". C.Kerri bildirmişdir ki, gələcək fəaliyyətə aparan yolu tapmaqda Ermənistana və Azərbaycana kömək etmək ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın maraqlarına uyğundur. O demişdir: "Arzu etmədiyimiz məsələ müharibəyə və münaqişəyə qayıtmaqdır.  İnanıram ki, gələcək fəaliyyətə aparan yollar mövcuddurbiz tərəfləri etimadı möhkəmləndirmək üzrə tədbirlər görməyə təşviq etmək üçün sakit və səbirlə işləməyə davam etməliyik, çünki həmin tədbirlər gələcək məqsədlərə çatmağaya məsələnin həlli yolunu tapmağa kömək edəcəkdir". Dövlət katibi əlavə etmişdir ki, xarici siyasət idarələrinin başçıları daha sonra qarşılıqlı maraq doğuran  bir sıra məsələləri müzakirə edəcəklər.

Xarici işlər naziri Elmar Məmmədyarov dövlət katibi C.Kerriyə minnətdarlığını bildirərək qeyd etmişdir ki, Azərbaycan, xüsusən,  dövlət katibinin toxunduğu, ABŞ üçün strateji əhəmiyyət daşıyan  bəndləri nəzərə almaqla, ABŞ üçün strateji tərəfdaşdır.

Həllini gözləyən ən mühüm məsələlərdən birinin Ermənistan ilə  münaqişənin nizama salınması olduğunu vurğulayan  E.Məmmədyarov demişdir: "Keçmişdə münaqişənin mənfi nəticələrinə baxmayaraq, Azərbaycan bu ölkə ilə sülh şəraitində yaşamaq niyyətindədir və bunda maraqlıdır. Biz mehriban qonşuluq  şəraitində uğurlu əməkdaşlığın və dinc yanaşı yaşamağın mümkün olduğu birgə işıqlı gələcəyə ümid bəsləyirik".

 

 

Yusif BABANLI,

 

AzərTAc

 

Vaşinqton

 

Azərbaycan.-2013.- 5 iyun.- S.10.