«İslam Əməkdaşlıq Təşkilatı modeli - beynəlxalq münasibətlər akademiyası» proqramının qalibləri mükafatlandırılmışlar

 

İyunun 4-də "Park-İnn" mehmanxanasında "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) modeli - beynəlxalq münasibətlər akademiyası" proqramının 2013-cü il mövsümünün bağlanış və qaliblərin mükafatlandırılması mərasiminə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, proqram Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Gənclər İdman Nazirliyinin Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə reallaşmışdır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov beynəlxalq təhsil proqramının layihəsi, onun məqsəd əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Həmin proqramın artıq üçüncü ildir ki, həyata keçirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, layihənin əsas məqsədi İƏT ölkələri məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumlarında və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə kömək etmək, beynəlxalq münasibətlər üzrə nəzəri və praktiki biliklərin artırılmasına nail olmaqdır. Bu proqram, eyni zamanda, gənc liderlərin beynəlxalq səviyyədə təmsilçilik işinə töhfə vermək məqsədi daşıyır.

Layihədə, əsasən, Bakı Dövlət Universiteti olmaqla paytaxtın ali məktəblərinin 150-dən artıq tələbəsi iştirak etmişdir. Altı həftə ərzində tələbələr İƏT-in tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olmuşlar.

İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, həmin səfirliklərin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxumuşlar.

Layihə çərçivəsində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qrupları model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə etmiş, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apararaq bu problemlərin həlli üzrə konkret təkliflər vermişlər.

Müzakirələrin nəticəsi olaraq ənənəvi qaydada Bakıda model oyunlar çərçivəsində "İƏT xarici işlər nazirlərinin sammiti"ni simulyasiya edən yekun toplantı keçirilmiş və göstərilən problemlər üzrə qərarlar qəbul edilmişdir. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həlli üzrə təkliflər əksini tapmışdır.

Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, belə bir ölkəni beynəlxalq səviyyədə təmsil etməyin əhəmiyyətini vurğulayan Elşad İskəndərov gənclərə müxtəlif sahələr üzrə biliklərini daim artırmağı, təkmilləşdirməyi və inkişaf yolu ilə irəliləməyi tövsiyə etmiş, onlara bu işdə uğurlar arzulamışdır.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva və İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh çıxış edərək layihənin əhəmiyyətindən danışmış, İƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Sonda "İƏT xarici işlər nazirlərinin sammiti"ndə uğur qazanmış işçi qrupları xüsusi mükafatla təltif olunmuşlar.

Bakıda keçirilən simulyasiya oyunlarında xüsusi bilik və bacarığı ilə seçilmiş beş azərbaycanlı tələbə bu ilin iyulunda Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək beynəlxalq "İƏT modeli" yarışmalarına qatılmaq hüququ əldə etmişdir.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.10.