Azərbaycan Texniki
Universitetində «Çağdaş
mühəndislik təhsili» mövzusunda Beynəlxalq elmi-praktik
seminar keçirilmişdir
İyunun
4-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin,
"Gənc Mühəndislərin İnkişafı" və
"Gənclərin Elmi Araşdırmalarına Dəstək"
ictimai birliklərinin birgə təşkilatçılığı
ilə "Çağdaş mühəndislik təhsili"
mövzusunda Beynəlxalq elmi-praktik seminar keçirilmişdir.
AzərTAc
xəbər verir ki, AzTU-nun rektoru, professor Havar Məmmədov seminarın əhəmiyyətindən,
Azərbaycanın böyük mühəndislik potensialına
sahib olmasından, gənc mühəndislərimizin beynəlxalq
şəbəkələrə inteqrasiya imkanlarından
danışmışdır.
Rektor bildirmişdir ki, mühəndislik təhsilinə
diqqətin artırılması, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi yolu ilə yeni əsrin
mühəndislərinin hazırlanmasında universitetlərin
rolunun yüksəldilməsi müasir dövrün əsas tələblərindəndir. Respublikamızda
iqtisadiyyatın bütün sahələrində qazanılan
uğurlar mühəndis təhsilinə diqqətin
artırılmasını günün ən aktual məsələlərindən
birinə çevirmişdir. Hazırda
ölkəmizdə bu istiqamətdə genişmiqyaslı
işlərə başlanmışdır. Gənclərimizin yüksək mühəndislik təhsili
almaq üçün dünyanın nüfuzlu universitetlərinə
göndərilməsi, Azərbaycan universitetlərinin
maddi-texniki bazasının müasir avadanlıq və cihazlar
hesabına möhkəmləndirilməsi, mərkəzləşdirilmiş
inkubatorlar və texnoparkların yaradılması bu qəbildən
görülən işlərdəndir.
Vurğulanmışdır
ki, seminarda AzTU ilə yanaşı, Qafqaz Universiteti, Azərbaycan
İnşaat və Memarlıq Universiteti, Azərbaycan Dövlət
Neft Akademiyası, Xəzər Universiteti və digər ali məktəblərin
gənc tədqiqatçıları, müəllimlər,
magistr və mühəndisləri iştirak edirlər. Bildirilmişdir ki, onların bir çoxu gələcəkdə
Azərbaycanda mühəndislik təhsilinin istiqamətlərini
müəyyənləşdirəcək şəxslər
olacaqdır. Bu baxımdan seminarda
müzakirə edilən ABŞ-da mühəndislik təhsili
ilə bağlı aktual mövzular Azərbaycan mühəndisləri
üçün də çox vacibdir.
Rəhbərlik
etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti,
maddi-texniki bazası haqqında məlumat verən rektor AzTU-nun
bir sıra beynəlxalq layihələrdə uğurlu fəaliyyətini
xüsusi vurğulamışdır.
"Gənc
Mühəndislərin İnkişafı" İctimai Birliyinin baş katibi Dəyanət
Əhmədov, "Gənclərin Elmi
Araşdırmalarına Dəstək" İctimai
Birliyinin sədri, dosent Məmmədəli
Babaşlı təmsil etdikləri
qurumların fəaliyyətindən, həyata keçirilən
layihələrdən söz açmışlar. Ölkənin
bir sıra ali məktəblərində belə seminarların
təşkil edildiyini diqqətə çatdıran natiqlər
AzTU ilə əməkdaşlığa xüsusi əhəmiyyət
verdiklərini,
respublikamız üçün yüksək
ixtisaslı mühəndis kadrların hazırlanması sahəsində böyük nüfuz qazanmış
bu ali təhsil ocağı ilə birgə fəaliyyətin
bundan sonra da davam etdiriləcəyinə ümidvar
olduqlarını bildirmişlər.
Seminarda ABŞ-ın Cənub Politexnik Dövlət
Universitetinin dosenti Fatih Öncül "ABŞ-da mühəndislik
təhsili və mühəndislik təhsilinin gələcəyi"
mövzusunda məruzə-təqdimat ilə
çıxış etmişdir.
Təqdimatda Amerikada çağdaş mühəndislik
təhsilinin inkişafı, bu sahədəki yeniliklər və
qazanılan uğurlar barəsində geniş məlumat
verilmişdir.
Sonra F.Öncül tədbir
iştirakçılarını maraqlandıran sualları
cavablandırmışdır.
Seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Sonda
tədbir iştirakçıları AzTU-nun binasını gəzmiş,
universitetin müasir avadanlıq və cihazlarla təchiz
olunmuş laboratoriyaları, fənn kabinələri ilə
yaxından tanış olmuşlar.
Azərbaycan.-2013.- 5 iyun.- S.10.