Misirin «Əl-Bədil» xəbər
portalında «Azərbaycan səfirliyi ölkə müstəqilliyinin 95-ci
ildönümünü qeyd edir» başlıqlı məqalə
dərc edilmişdir
Misirin
"Əl-Bədil" xəbər portalında jurnalist Hazem əl-Məllahın
"Azərbaycan səfirliyi ölkə müstəqilliyinin
95-ci ildönümünü qeyd edir" başlıqlı məqaləsi
(http://elbadil.com/egypt-reports/2013/05/27/152455) dərc edilmişdir.
Məqalədə 28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Qahirədəki səfirliyi tərəfindən təşkil olunmuş mərasimdə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, fəaliyyət göstərdiyi qısa müddət ərzində gördüyü işlər barədə oxuculara ətraflı məlumat verilir.
Səfir Şahin Abdullayevin mərasimdəki çıxışında qeyd etdiyi faktlar, xüsusən də 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə qarşılaşdığı çətinliklər, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından qovulması ilə bağlı məlumatlar da məqalədə yer almışdır.
H.əl-Məllah səfirin çıxışına əsasən qeyd etmişdir ki, Ermənistanın təcavüzü nəticəsində əksəriyyəti uşaq, qadın və qocalar olmaqla 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, İslam mədəniyyətinə aid tarixi abidə və məscidlər, o cümlədən məktəblər və Azərbaycan xalqının mədəniyyətinin qədimliyini sübut edən mədəniyyət abidələri işğalçı qüvvələr tərəfindən dağıdılmışdır.
Müəllif, eyni zamanda, ulu öndər Heydər Əliyevin ölkənin ağır vəziyyətində xalqının səsinə səs verib hakimiyyətə qayıdaraq qısa müddət ərzində Azərbaycanı çoxsaylı çətinliklərdən çıxararaq, çiçəklənmə və tərəqqiyə doğru aparmağa müvəffəq olduğunu xüsusi olaraq oxucuların diqqətinə çatdırmışdır.
Məqalədə
ümummilli liderin hakimiyyəti dövründə Azərbaycanda
yeni siyasi və demokratik quruluşun tətbiqi, hərtərəfli
uğurlu iqtisadi islahatlara başlanılması, ölkədə
vətəndaş cəmiyyətinin inkişafına təkan
verən demokratik qanunların qəbul olunduğu, milli
azlıqların parlament seçkilərində iştirak
hüquqlarının, gender bərabərliyinin qorunması, habelə Azərbaycanın
mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarla
bağlı bir sıra beynəlxalq konvensiyalara
qoşulduğu xüsusi qeyd
edilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Qahirə
Azərbaycan.-2013.- 5 iyun.- S.10.