Rüstəm İbrahimbəyovun «Milli şura»sı dağıdıcı müxalifətin əvvəlki «birlik»lərindən
fərqlənməyəcək
Hər dəfə seçkilər ərəfəsində varlığını hiss etdirməyə çalışan dağıdıcı müxalifət potensialı tamamilə tükəndiyindən müxtəlif vasitələrlə gündəmdə qalmağa çalışır. Bu vasitələrdən biri birlik imitasiyasıdır. İndiyədək müxtəlif adlar altında qurumlar yaratmağa çalışsalar da, seçki başa çatmamış bir-birini xəyanətdə, satqınlıqda ittiham edirlər. İndi onlar yenidən ənənəvi çəkişmələrə start veriblər.
Qarşıdan gələn prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifətin öz daxilində yenidən ziddiyyətlər kəskinləşib. Hələ ötən ildən başlayaraq "İctimai Palata" adlanan qurumda vahid namizəd məsələsi ətrafında başlanan müzakirələr dağıdıcı müxalifət təmsilçilərinin bir-birinin ünvanına ən ağır ittihamlar səsləndirmələri ilə müşayiət edildi. Bundan irəli gələrək dartışmaları internet resurslarına keçirdilər. AXCP təşkil etdiyi sosioloji sorğuda İsa Qəmbərin, Müsavat isə Əli Kərimlinin reytinqinin aşağı olduğunu göstərdi.
"İctimai Palata"dakı dartışmalardan yorulan dağıdıcı müxalifət indi də Rüstəm İbrahimbəyovun arxasına düşüb. Özünü siyasətçi adlandıran şəxsin siyasət dünyasından xəbəri olmayan birisinin dediyi ilə oturub-durması başucalığı gətirməsə də, həm İ.Qəmbər, həm də Ə.Kərimli R.İbrahimbəyovun çətiri altına keçməyə çalışıblar. Beləliklə, kinossenaristin çaldığı hava ilə oynamağı qəbul edəcək dərəcədə cılız olduqlarını ortaya qoyan AXCP və Müsavat bununla həm də özlərinin siyasi platformalarını tapdalayırlar. Eyni zamanda vaxtilə söylədikləri "lazım olsa şeytanla da əməkdaşlıq edərik" fikrini təsdiqləyirlər.
Dağıdıcı müxalifətin daxilində hər dəfə seçkilər ərəfəsində ortaya çıxan ənənəvi ziddiyətlər artıq R.İbrahimbəyovun milliliklə bir araya sığmayan "Milli şura"sında da özünü göstərməkdədir. Bu ziddiyyət hələ qurumun elan edildiyi gün özünü büruzə verdi. Belə ki, "Milli şura"nın yaradılması ilə bağlı aparılan danışıqlarda qurumun prioritet kimi hansı istiqaməti götürməsi məsələsi ciddi fikir ayrılığına səbəb olmuşdu. Sadəcə, R.İbrahimbəyovu antiazərbaycançı dairələr qarşısında pis vəziyyətdə qoymamaq, aldıqları tapşırıqları icra etdiklərini göstərmək üçün "Milli şura"nın yaradıldığını elan etdilər. Lakin fikir ayrılığı hələ də qalır və E.Namazov bütün bunları nə qədər malalamağa çalışsa da, xeyri olmur. Məhz bu məsələlər göstərir ki, "Milli şura" ölü doğulmuş uşaq kimi bir şeydir. Qarşıda isə hələ onun tərkibi və vahid namizədin müəyyən edilməsi məsələləri dayanır. R.İbrahimbəyova könüllü və könülsüz qoşulan dağıdıcı müxalifət partiyalarının bu məsələlər ətrafında yekdil razılığa gələcəyi reallıqdan tamamilə uzaqdır. Odur ki, "Milli şura"nın dağıdıcı müxalifətin əvvəlki "birlik"lərindən fərqlənmədiyi göz önünə gəlir. Ümumiyyətlə nəzər yetirsək görərik ki, hazırda bu "Milli şura"ya qoşulanların hər birinin öz aralarında dartışmaları var. Bu isə bir daha göstərir ki, belə insanların təmsil olunduğu "Milli şura" heç vaxt ayaq tutub gəzməyəcək.
R.İbrahimbəyovun "Milli şura"sı ətrafında ən maraqlı fikir bu günlərdə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılının açıqlaması oldu. A.Hacılı bu təşkilatda olmayacağına işarə edib: "Mən bir müddətdir ki, "Milli şura" ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədəri ilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm".
Göründüyü
kimi, artıq dağıdıcı müxalifət təmsilçiləri
qoşulduqları "Milli şura"nın mənasız
bir qurum olduğunu etiraf etməyə başlayıblar. Belə
etiraflar çox olacaq və seçkilər
yaxınlaşdıqca müxalifətin öz daxilində
İ.Qəmbəri və Ə.Kərimlini R.İbrahimbəyova
qoşulduqlarına görə ittiham edən qruplaşmalar
yaranacaq. Belə proseslər indiyədək
dağıdıcı müxalifətin istənilən
"birliy"ində ortaya çıxıb və yenə də
baş verməsi qaçılmazdır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 5 iyun.- S.10.