Tarix elmimizin metodoloji problemləri

 

Cümhuriyyət dövrü tariximizə baxış

 

 Akademik  Ramiz  Mehdiyevin  məqaləsi  tarixi dövrlərin əvəzlənməsi prosesini dərk etmək üçün bir yol göstərir. Müəllif yazır: "Tarixin hər bir mərhələsi onun üçün səciyyəvi olan ictimai-siyasi proseslərin, vəziyyətin və inkişaf dövrlərinin əvəzlənməsi ilə zəngindir".

Belə dövrlərdən biri məlum olduğu kimi, cümhuriyyət dövrüdür. Akademik Ramiz Mehdiyev vurğulayır: "...biz müsəlman Şərqi tarixində ilk demokratik cümhuriyyətin varisləriyik. 1918-ci ilin mayı Azərbaycan milli ideyasının ilk dəfə həyata keçməsinin rəmzinə çevrilmişdir".

Cümhuriyyət elan edildiyi vaxtdan bəri bu dövr tarixinə münasibət heç də həmişə birmənalı olmayıb. Əslində  Rusiyada rejimlər və sistemlər dəyişsə də, cümhuriyyət dövrü tarixinə yanaşmada mühacir ağqvardiyaçı ədəbiyyatın yanaşması  ilə sovet ədəbiyyatının və  müasir  tarixçiliyin yanaşması  arasında elə  bir  ciddi fərq yoxdur.  Sovet tarixçiliyinin məsələyə yanaşması sırf mərkəzçi, imperiya tarixçiliyini, baxışlarını  ifadə edirdi.  İndiki  Rusiya  tarixçiliyi  də əsasən  onlardan fərqlənmir. Məsələyə siyasi, imperiya  baxışı üstünlük təşkil edir. Bir-birilərindən fərqlənmələrinə baxmayaraq, onların hamısını Azərbaycan tarixinə qərəzli münasibət  birləşdirir.  Azərbaycan sovet dövründə   SSRİ-nin tərkib hissəsi olduğundan mərkəz və yerli tarixçiliyin məsələyə yanaşması da fərqlənməyib.

Cümhuriyyət dövrü tarixinə gerçək  qiymət vermək üçün şərait Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra başlandı. Lakin tarixi tədqiqatlarda duyğusallıqdan, populizmdən doğan müəyyən boşluqların özünü göstərdiyi  peşəkar tarixçilərə aydındır. Bəziləri dövrün bir neçə tarixi şəxsiyyətini yerli-yersiz tənqid etsələr də, bütövlükdə cümhuriyyət dövrü tarixini müsbət qələmə alıblar. Cümhuriyyət dövrü tariximizin üstündən xətt çəkmək indiki müstəqilliyimizin əleyhinə olmaq deməkdir! Amma müstəqil Azərbaycan tarixçiliyinin cümhuriyyət dövrünə yanaşması  yalnız duyğulardan, hissiyyatlardan  ibarət  olmamalıdır! Çünki  cümhuriyyət dövrü tarixi istər sovet dövründə Azərbaycan xalq tarixi, istərsə də indiki müstəqillik dövründə rəsmi tarixçilik nöqteyi-nəzərindən qiymətləndirilsə,  şərəfli bir tarixdir! Hər bir xalq və onun gələcək nəsilləri belə tarixi yaratması ilə yalnız fəxr edə bilər! Cümhuriyyət dövrü tarixi heç şübhəsiz, zəngin dövlətçilik tariximizin bir səhifəsidir. Müsəlman  dünyasına Cümhuriyyət məfkurəsini və müasir respublika üsul-idarəsini ilk olaraq Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqların azadlıq yolunda çıraq yandırdı, istiqlala səslədi. Onlara örnək oldu! Həmin dövrün  rəsmi Azərbaycan tarixçiliyi nöqteyi-nəzərindən yazılmasının gərəkliyi kimsədə şübhə doğurmamalıdır. Bu baxımdan Cümhuriyyət dövrünün sistemli və mükəmməl araşdırılması istiqamətində yeni bir səhifəni ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı imzaladığı sərəncam açdı.

Dövlət müstəqilliyinin bərpasından iki onillikdən çox  bir dövr keçib. Cümhuriyyət dövrü tarixinə duyğulu, hissiyyatlı yanaşma dövrü də artıq keçib getməlidir.  Bu dövr tarixi üzərində məhdud  partiya siyasəti qurmaq, ondan  müəyyən siyasi məqsədlərə çatmaq üçün istifadə etmək cəhdləri yersiz olduğu kimi, uğursuzluğa  da məhkumdur.  İndiyədək  bir çox  əsərlər yazılsa da, ciddi, daha dərin, tənqidi təhlilə əsaslanan araşdırmaların aparılması zamanı çoxdan yetişib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını bəzən yalnız Osmanlı yardımları ilə əlaqələndirənlərə də rast gəlinir. Əlbəttə, bu doğru elmi-tarixi yanaşma deyil! Çünki dövləti xaricdən gələn qüvvə  qurmur. Dövlətin qurulmasında xarici qüvvə ikinci, üçüncü dərəcəli rol oynayır. Dövlətin qurulması üçün ilk növbədə xalq, onun ərazisi olmalı, sonra isə  hökuməti qurulmalıdır. Xalq və onun ərazisi yoxdursa, dövlət xarici yardımların köməyi ilə necə qurula bilər? 1918-ci ilədək Azərbaycan xalqı, ərazisi var idi. Azərbaycan  xalqı  çarizm  zülmündən xilas olmaq uğrunda uzun illər boyu mübarizə aparmışdı. Müharibə gedişində yaranmış şəraitdə isə Milli Şura yuxarıdan xalqın  istiqlalını  elan etdi. Çətinliklə olsa da hökumətini və onun strukturlarını qurdu. Osmanlı yardımları  cümhuriyyətin qurulmasında mühüm xarici amil rolunu oynadı. Osmanlı dövlətinin regionda yürütdüyü hərbi və diplomatik fəaliyyəti Azərbyacan xalqının arzu və istəkləri ilə uyğun gəlirdi.  Azərbaycan Cümhuriyyətini xalqımız qarşısında xidmətləri olan Nuru Paşa qurmadığı kimi, Türkiyə Cümhuriyyətini də Azərbaycan, sovet yardımları qurmadı.  Türkiyənin  istiqlal savaşında qələbə qazanmasında başlıca amil Mustafa Kamal Paşanın rəhbərliyi altında   türk xalqının qırılmaz əzmi, iradəsi  oldu! Sovet Rusiyasının, o cümlədən Azərbaycanın yardımları da yalnız köməkçi rolunu oynadı. Azərbaycanda da bu böyük tarixi missiyanı xalq özü yerinə yetirdi.

Fikrimizcə, bu dövrdə daxili siyasətdə buraxılan nöqsanlar dərindən öyrənilməlidir. Nə üçün iqtisadi islahatlar aparılmadı? Kəndli hərəkatı nə üçün mövcud idi? Bu, yalnız xarici amillərin təsiri altındamı baş verirdi? Nə üçün bəzi azərbaycanlı ziyalılar cümhuriyyət hakimiyyətinə laqeyd qalmışdılar? Və sair. Onların öyrənilməsinin tarixdən ibrət almaq baxımından böyük əhəmiyyət daşıyacağı şəksizdir.

Diqqətə alınması lazım gələn məsələlərdən biri heç şübhəsiz, bolşevik orduları Azərbaycan ərazisinə daxil olarkən yaranmış vəziyyətdir. Burada tənqidi təhlil ya çatışmır, ya da zəifdir. Çoxlu suallara dərin elmi cavabın verilməsində fayda vardır. Nə üçün cümhuriyyət uğrunda işğalçıya ilk günlər ciddi müqavimət göstərilmədi,  ağır döyüşlər getmədi? İngilis arxiv mənbələrində deyildiyi kimi,  Bakıda qarışıqlıqda yalnız iki nəfər öldü. Nə üçün məhz bolşevik ordu hissələrinin müsadirələri  başladıqdan və bölgələrin işğalı həyata keçirildikdən sonra  müqavimət, azadlıq hərəkatı  başladı?  Bu və ya digər məsələlər tarixdən ibrət almaq və buraxılan səhvləri təkrarlamamaq üçün  gerçəkliyə uyğun araşdırılmağa ehtiyac duyur. Tarixi fakt, hadisə və prosesləri olduğu kimi şərh etməyə çalışmaq lazımdır. Tarixi fakt və tarixə yaxın faktlar arasında obyektiv hakim yalnız hadisə və proseslərin nəticəsidir. Hər bir şeyə nəticəsinə görə qiymət verilir.  Onları ideallaşdırmağa lüzum  yoxdur.

Hər bir xalq öz psixologiyasına, düşüncəsinə və fəaliyyətinə uyğun olaraq tarixini yaradır. Bundan kənarda xalqın tarixi yoxdur.  Xalqın psixologiyasında ümumi  cəhətlərlə yanaşı, çoxlu müxtəlifliklər də olur. Onu isə qətiyyən vahidləşdirmək, ümumiləşdirmək doğru deyil. Müəyyən nöqsanlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti  daxili amillərin nəticəsində deyil, yaranmış əlverişsiz geosiyasi şəraitdə bilavasitə bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Bu işğala çoxlu beynəlxalq  amillər  ciddi təsir göstərdi. Əgər  Azərbaycan Xalq  Cümhuriyyəti  qurulmasaydı, Azərbaycan bolşevik Rusiyası  tərəfindən hansı statuslu  ərazi kimi işğal ediləcəkdi? SSRİ-nin tərkibinə hansı formada qatılacaqdı? Formal olaraq müstəqil respublika olardımı? Azərbaycan SSR yaradılmasaydı, Xalq Cümhuriyyətinin varisi olan indiki Azərbaycan Respublikasını yaratmaq asan olardımı? Ümumiyyətlə, mümkün olardımı? Əgər bolşevik Rusiyasının işğalı  baş verməsəydi, müstəqil Azərbaycan 1918-ci il sərhədləri və təbii sərvətləri ilə 95  ildən çox mövcud olsaydı, millətsevər hökumətlər  xalqa rəhbərlik etsəydi, onda  ölkəmiz indi hansı inkişaf səviyyəsində olardı? Azərbaycan xaqlının və dövlətinin dünya siyasətində yeri necə olardı?  Amma  baş verənlər artıq tarixdir. Onu dəyişdirməyə kimsənin gücü çatmaz! Dəyişdirilməsi mümkün olmayan, lakin düzgün araşdırılmağa ehtiyac duyulan dövrlərdən  biri  sovet dövrü tariximizdir.

 

 Sovet dövrü tariximizə yanaşma

 

 Akademik Ramiz Mehdiyev Azərbaycan tarixinə üzvi surətdə baxmaqda və vəhdətdə yanaşmanın vacibliyini  irəli sürür. Məlum olduğu kimi, tədqiqatlarda qiymət verilməsi müəyyən çətinliklər yaradan  dövrlərdən biri sovet dövrü tarixidir. Sovet dövründə tarixçinin SSRİ tarixinə yanaşması ilə indiki yanaşma arasında xeyli fərqlər vardır. Bu da təbiidir. Sovet dövründə ütülü, hamar təqdim edilən  bir tarix 80-ci illərin sonu-90-cı illərin əvvəllərindən başlayaraq  və indi də bəzi məsələlərdə əksinə yazılır, kəskin tənqid edilir. Az qala üstündən xətt çəkilir. Bu vəziyyət tarix və siyasətin nisbətinə konkret nümunədir. Sovet dövründə tənqidi kimsənin ağlına  gəlməyən, gəlsə də susulan bu tarix, istənilən siyasi, dövlət  xadimi indi asanlıqla  tənqid oluna bilir. Amma sovet dövrü tarixi yalnız  ağ və ya qara səhifələrdən ibarət deyil! Onun müxtəlif  çalarları  var! Həmin cəhətlərə də diqqət yetirilməlidir. Sovet dövrü tarixi Azərbaycan xalqının tarixinin ayrılmaz bir hissəsidir. Bu dövr Azərbaycan tarixi bizim  həm Rəsmi, həm də Xalq tariximizdir! Çünki işğal olunsa da, mərkəzdən idarə edilsə də, Azərbaycanın formal olaraq rəsmi hakimiyyət orqanları fəaliyyət göstərirdi. Azərbaycan müstəqil dövlət olmasa da, dövlətçiliyin bəzi atributları mövcud idi. Bu dövrə yanaşmada Rəsmi tarix və Xalq tarixinin hər ikisinin "qızıl ortağı" gözlənilməlidir.

Məlumdur ki, sovet dövründə hakim ideologiya və rəsmi xətt mərkəz tarixçiliyinə üstünlük verirdi. SSRİ-də "bir qazanda qovrulan"  xalqların gerçək tarixi barədə susulurdu. Bu da səbəbsiz deyildi! Çünki xalqın gerçək tarixinin yazılması milli özünüdərkin, milli şüurun güclənməsinə,  milli azadlıq hərəkatının artmasına və ayrılmasına  təsir edərdi.

Bolşevik işğalı Azərbaycanın dövlət müstəqilliyinə son qoydu. Xalqı öz təbii inkişaf  yolundan döndərdi. Milli ziyalıları məhv etdi. Canını birtəhər qurtaran milli qüvvələr xarici ölkələrə mühacirət etdilər. Mərkəzi hakimiyyət  Azərbaycanın təbii sərvətlərini talayıb aparırdı. Azərbaycanın ənənəvi kənd təsərrüfatı strukturu dağıdıldı, yerinə kollektivləşmə adı altında yabançı kolxoz quruluşu gətirildi və s. Amma sovet dövrü tarixi yalnız başdan-başa mənfiliklərdən ibarət olmayıb. Azərbaycanda  sənayeləşdirmə həyata keçirilib. Dövrün  qabaqcıl sənaye sahələri yaradılıb. Şəhərlər tikilib. Azərbaycan  aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib. Respublikada  ali və orta məktəblərin geniş şəbəkəsi yaradılıb. Savadsızlıq ləğv edilib. Mətbuatımız  inkişaf edib. Dərsliklərimiz  yaradılıb. Ədəbi  dilimiz formalaşıb və zənginləşib. Sovet sistemi istiqlal fikrini nə qədər məhv etmək istəsə də, onu sıradan çıxara bilməyib.  İndiki müstəqilliyimiz üçün lazım olan obyektiv amillər-əhali, ərazi və hökumət sovet sistemi şəraitində də mövcud olub.  Bununla bağlı olaraq akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "XX əsrin əvvəlində müstəqil Azərbaycan dövlətinin amansızcasına məhv edilməsinə baxmayaraq, 70 ildən sonra xalqımız əcdadlarımızın vəsiyyətlərini həyata keçirmişdir. 1970-80-ci illərdə (özü də mərkəzi hakimiyyət tərəfindən total nəzarət şəraitində!) milli mənafelərin savadlı, ardıcıl surətdə reallaşdırılması 1980-ci illərin axırlarında ölkədə xalq hərəkatının genişlənməsinin bünövrəsini hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi üçün platforma yaratmışdır".

İstiqlal  fikri Azərbaycan  şair, yazıçı və alimlərinin əsərlərində, dövlət xadimlərinin ad çəkmədən milli maraqlara uyğun həyata keçirdikləri  konkret fəaliyyətləri nəticəsində formalaşıb. Sovet dövründə çalışan partiya və dövlət xadimlərinin hamısı olmasa da, bir çoxları  konkret tarixi şəraitin şərtləri altında  milli ruhun, düşüncənin və təəssübkeşliyin daşıyıcıları olublar. Onlar hansı rejimin mövcudluğundan  asılı olmayaraq Azərbaycan üçün çalışıblar. Elə, dövlət müstəqilliyimizin bərpası üçün çalışan və bugünkü müstəqil dövlətçilyimizin və xalqımızın yaşaması, inkişafı məsuliyyətini öz üzərlərinə götürmüş siyasi, dövlət, ictimai xadimlər, elm, mədəniyyət, incəsənət  adamlarının çoxu sovet dövründə doğulub, təhsil alıb və formalaşıblar.

Sovet dövründə mərkəzə tabe olsa da, dövlət və hökumət strukturları yaranıb. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra məhz həmin strukturların bazasında müstəqil dövlət və hökumət orqanları qurulub. Biz tariximizə vəhdətdə, daim inkişaf edən dinamikada baxmalıyıq.

Sovet dövründə  kommunist ideologiyası, vahid sistem  mövcud olsa da, müxtəlif illəri və onillikləri fərqləndirmək və ictimai-siyasi  mühitdəki fərqlilikləri görmək gərəkdir. Tarixçinin borcu bütün sovet dövrünü ümumiləşdirib bir qəlibə salmaq deyil, onun müxtəlif tərəflərini, çalarlarını göstərməkdir. Sovet dövrünü pisləyən əsərlər  tarixi gerçəkliyi  necə əks etdirə bilər?    

 

 Müstəqillik dövrü tariximizə münasibət

 

Rəsmi, Hakimiyyət tarixi ilə Xalq tarixi arasında dəqiq sərhəddi, suayırıcını müəyyənləşdirmək  xeyli çətindir. Bu məsələ tarixin fəlsəfəsi ilə məşğul olanlar arasında daim mübahisələr doğurub. Bəzi ölkələrdə, məsələn, ABŞ-da Hakimiyyət tarixi və Xalq tarixi orta məktəblərdə ayrı-ayrı fənlər kimi tədris olunur. Birincidə üstünlük  rəsmi hakimiyyətin və ya hökumətin tarixinin öyrədilməsinə, ikincində isə xalqın keçdiyi yola, etnoqrafiyasına, məişətinə, mədəniyyətinə və s. verilir.

Aydındır ki,  xalqsız  hakimiyyət olmaz! Dünyada müstəqil dövləti və milli hakimiyyəti olmayan  xalqlar çoxdur. Lakin onların da tarixi vardır. Xalqı tərəqqiyə və geri aparan hökumətlərdir. Hökumət ifadəsinin  mənası da elə hökm etmək, idarə etməkdir. Milli hakimiyyət şəraitində Xalq tarixi və Hakimiyyət tarixi sıx çulğalaşmışdır. Onları bir-birindən ayırmaq demək olar ki, mümkün deyil! Çünki hakimiyyət xalqın  içindən çıxan şəxslərdən formalaşır.

Müstəqillik dövrümüzün tarixi  cəmi 20 ildən çoxdur. Bu dövrü araşdırmaq  ilk  baxışda  asan görünür. Sanki hər şey bilinir. Çünki hadisə və proseslər  gözümüzün  qarşısında baş verib.  Amma  əslində  belə  deyil! Yaxın tarixi araşdırmağın bəzi çətinlikləri vardır. Müstəqillik dövrü tariximizin problemlərini araşdırarkən bizə Dövlət tarixçiliyi, Rəsmi tarixçilik doktrinası lazımdır. Onun da hakim ideologiyasının azərbaycançılıq olduğu kimsədə şübhə doğurmamalıdır. İdeologiyasız  dövlət  yoxdur! Deməli, tarix də mövcud deyil! Müstəqillik şəraitində hakimiyyətin  tarixi  elə  xalqın  öz tarixidir. Çünki xalq öz milli hakimiyyətinin  qəbul etdiyi qanun və qərarlar altında yaşayır, fəaliyyət göstərir, tərəqqi  edir. Tarixçinin əsəri xalqa müstəqil dövlətçilik hisslərini aşılamalıdır.

 

 Tarixi şəxsiyyətlərə münasibət

 

 

Akademik Ramiz Mehdiyevin məqaləsi tarixi şəxsiyyətlərin fəaliyyətinə düzgün qiymət  vermək üçün bir açar, metodoloji  baza  rolunu oynayır. Məlum olduğu kimi, tədqiqatlarda ən mürəkkəb və mübahisə doğuran məsələlərdən biri tarixi şəxsiyyətlərə qiymət verilməsidir. Bəzi nəzəriyyəçilərə görə, tarix elə ayrı-ayrı  böyük  şəxsiyyətlərin  tarixindən  ibarətdir. Bəs  tarixi şəxsiyyət kimdir? O, hansı meyarlarla müəyyənləşdirilir?  Müəyyən bir tarixi  dövrdə  yüksək  vəzifələr tutmuş  bütün şəxslər tarixi şəxsiyyətlərdirmi? Bu sahədə tarix  tədqiqatlarında boşluq olduğu aydın görünür. Bəzən araşdırmalarda  onlardan  biri şişirdilərək  qiymətləndirlir, digərləri isə unudulur. Belə yanaşmanın düzgün olmadığını qeyd edən akademik Ramiz Mehdiyev yazır: "Təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi tarixçilərin və mənbəşünasların passivliyidir". Daha sonra akademik yazır: "Hər hansı tarixi şəxsiyyətin fəaliyyətini və ya prosesin mahiyyətini real, obyektiv və korrekt şəkildə qiymətləndirmək üçün ilk növbədə onların meydana gəlməsi şəraitini, təşəkkülündə əlverişli mühit yaradan amilləri, əvvəlki dövrlərin oxşar hadisələri ilə müqayisədə onun əhəmiyyətini öyrənmək və yalnız bundan sonra xronologiyanın  təfərrüatına varmaq lazımdır. Böyük şəxsiyyətlər, bir qayda olaraq, müəyyən tarixi fazanı və ya epoxanı əks etdirirlər".

Necə  dəqiq bir fikirdir. Tarixi yaradan tarixi şəxsiyyətlər və onların rəhbərlik etdikləri xalqdır.  Müəyyən bir tarixi dövrü əks etdirən tarixi şəxsiyyətlərə verilən qiymət zaman-zaman bəzən siyasi konyuktura və rejimlərə uyğun olaraq dəyişilib. Bir zamanlar verilən qiymət müəyyən vaxt  keçdikdən sonra  tamamilə fərqli olub. Bəzən tədqiqatçılar tarixi şəxsiyyətləri ya ittiham edirlər, ya da ideallaşdırırlar. Belə yanaşmaların hər ikisi  yanlışdır. Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərir. Mücərrəd fəaliyyət göstərən tarixi şəxsiyyət yoxdur! Tarixçi tarixi şəxsiyyətə qiymət verərkən sənədləri dərindən öyrənməli, mənbələrdəki təkcə açıq-aşkar məsələləri deyil, onlarda gizlənən üstüörtülü mətləbləri, pərdəarxası tərəfləri, mahiyyəti açmalıdır. Faktları qiymətləndirməzdən əvvəl onların tarixi gerçəkliyi nə qədər düzgün əks etdirib-etdirmədiyini, tarixi şəxsiyyətin  hərəkətində, fəaliyyətində arxalandığı motivləri, onların konkret şəraitdə xalqın maraqlarına nə qədər uyğun gəldiyini  müəyyənləşdirməlidir. Bununla bağlı olaraq akademik Ramiz Mehdiyev vurğulayır: "...tarixçi müəyyən tarixi şəxsiyyətlərin hərəkətlərini izah edərkən bu şəxsin rəhbər tutduğu motivləri açıqlamalı, bu və ya digər hərəkətlərin nə dərəcədə məqsəduyğun olduğunu nümayiş etdirməlidir".

Tarixi şəxsiyyətə, dövlət xadiminə özündən sonra gələnlərlə deyil, özündən əvvəlkilərlə  müqayisədə qiymət verilməlidir.  Çünki tarixi şəxsiyyətlərin bir neçə on illər sonra dünya tarixinin və xalqının necə inkişaf edəcəyini tam  bilmələri mümkün deyil! Onlar konkret şəraitdə və zaman daxilində fəaliyyət göstərirlər.  Lakin zaman hüdudlarını aşanlar, vaxtdan uca olanlar dahilər, dühalar olurlar! Tarixi şəxsiyyətlərin fəaliyyəti işıqlandırılarkən bir sıra fundamental suallara dərin elmi  cavab verilməlidir: dövlət xadimi  özündən əvvəlkilərə nisbətən ölkəsinə yeni nə gətirdi? Bu yeniliklər cəmiyyəti və dövləti irəlimi apardı, yoxsa gerimi atdı? Tarixi şəxsiyyətin etdiklərindən hansılar  müstəqillik  dövrü üçün yarayır, fayda verir?  Yaşadığı dövrdən  xeyli  uzağı  görən, vaxtdan uca olan, hadisə və proseslərə istiqamət verən, dövlətinin qüdrətini artıran, xalqını tərəqqiyə aparan   tarixi  şəxsiyyət  böyükdür və xalqı durduqca yaşayır. Xalqı irəli apara, güclü komanda yarada, vəzifəsini lazımi şəkildə yerinə yetirə, xalq, dövlət və tarix qarşısında məsuliyyətini dərk edə, səhvlərinin hansı nəticələr doğura biləcəyini görə bilməyən, hadisə və proseslərin yedəyində sürünən zəif və iradəsiz   dövlət  xadimlərini tarixdən silib atmaq mümkün olmadığı kimi, onlara böyük demək də mümkün deyil! Onlardan sonra hakimiyyətə gələnlər həmin  dövrün və dövlət xadiminin təcrübəsinə adətən müraciət etmirlər. Zəif dövlət xadiminin irsinə kim müraciət edər ki?

Böyük dövlət adamları konkret şəraitdə xalqı və dövləti üçün faydalı  olanı edirlər. Onlara  xəyalpərvərlik  yaddır. Siyasi fəaliyyəti dövründə bir neçə dəfə partiya dəyişmiş  özünün dediyi kimi, "ictimai rəyə tüpürməyən"  Böyük  Britaniyanın  baş naziri Uinston Çerçilldən vəzifədən getdikdən sonra soruşurlar ki, hakimiyyəti illərində gördüyü hansı işləri səhv hesab edir. Cavabında o,  "mən işləri görərkən bir neçə il sonra kimlərin nə düşünəcəyini fikirləşmədim, konkret şəraitdə  ingilis xalqı üçün nəyi doğru, faydalı bildimsə, onu da etdim"- cavabını verir.  Doğrudan da,  tarixi şəxsiyyət konkret, real şəraitə uyğun olaraq hərəkət edir. Onların həyata keçirdikləri həm zamanında, həm  bir neçə illər sonra, həm də  xalqın inkişafına kömək edirsə, o zaman tarixi şəxsiyyətlər böyük olurlar. Siyasi və dövlət xadimlərinə dedikləri sözlərə  deyil, əsasən konkret  işlərinə görə qiymət verilir. Deməli, yüzilliklər sonda da hakmiyyətə gələnlər  müasir Azərbaycan  dövlətinin qurucusu  Heydər Əliyevin irsinə və dövlətçilik təcrübəsinə istinad edəcəklər.

Çarizm dövründə ağır şərtlər altında xalqın maariflənməsi, inkişafı və müstəqilliyi  yolunda  çalışmış  şəxsiyyətlər də böyükdürlər. Azərbaycanlıların həmin dövrün müxtəlif siyasi təşkilat və cərəyanlarında təmsil olunmaları tariximizin zənginliyinin, xalqımızın intellektual səviyyəsinin göstəricisidir. Bu cərəyanları təmsil edən, iştirakçısı olan  ictimai-siyasi xadimləri bir-birinə qarşı qoymaq qətiyyən doğru deyil, tarix elminin metodoloji prinsiplərinə ziddir. Onların bu və ya digər cərəyanda nə üçün  təmsil olunmalarının, xalqın inkişafı yolları barədə fərqli düşünmələrinin əsas səbəbləri, fəaliyyətləri və nəticələri hərtərəfli araşdırılmalı, təhlil edilməlidir.

Cümhuriyyət dövrü xadimlərinə qiymət verərkən də çox ehtiyatlı olmaq lazımdır. Cümhuriyyət xadimləri öz əməlləri ilə Azərbaycan üçün bir tarix yaratdılar. Xalqa rəhbərlik edərək yoxdan bir var qurdular.  Azərbaycan müstəqil, xalqımız mövcud olduqca onlar da daim yaşayacaqlar.

Sovet dövrünün tarixi şəxsiyyətləri də bizimdir. Bəzilərinin dediyi kimi, əgər onların hamısı pisdirsə, onları yetirən, içərisindən çıxdıqları xalq haqqında nə düşünərlər? Onları məhz bu sistemdə fəaliyyət göstərdiklərinə görə tənqid etmək olmaz! Həmin şəxslər öz iradələrindən  asılı  olmayaraq, bu dövrdə və ya ondan əvvəl doğulublar, sovet sistemi şəraitində  işləyiblər. O zaman başqa bir ideologiya və sistem mövcud deyildi. Bu, onların təqsiri də deyil! Tarixçi araşdırmalıdır ki, onların hansı sovet sistemi şəraitində xalqı üçün faydalı işlər gördü. Hansının hakimiyyəti illərində xalq daha çox  tərəqqi etdi. Tarixçi  onların fəaliyyətini təhlil etməli, nəyi və necə etdiklərini, konkret şəraitdə necə hərəkət etdiklərini öyrənməli, nəticələr çıxarmalı, mövcud və gələcək idarəçilər, xalq  üçün istifadəyə yararlı, faydalı  olan  tarixi biliklər verməldir.

Tarixçi tarixi şəxsiyyətləri ittiham etməməli, onlara divan tutmamalıdır. Tarixi tədqiqatın məqsədi heç də bu olmamalıdır. Tarixçi bu və ya digər tarixi şəxsiyyəti sevməyə bilər. Bunu ona qadağan etmək olmaz və bu, heç doğru da deyil! Amma ona hörmətlə yanaşmalıdır. Çünki istər çarizm, istər cümhuriyyət, istər sovet, istərsə də müstəqillik dövrünün tarixi, dövlət xadimlərinin fəaliyyəti  Azərbaycanın tarixinin, deməli, tədqiqatçının öz tarixinin bir  hissəsidir. Tarixi şəxsiyyət tarixdə yerini artıq öz fəaliyyəti ilə müəyyənləşdirib. Hər hansı tarixçinin subyektiv qiymət verməsi  onun artıq  tutduğu yeri, oynadığı rolu  dəyişdirə  bilməz.  Yalnız  haqqında fərqli  fikirlər, bəzən də yanlış tarixi bilik  formalaşdırar.

 

 

 

Nə etməli və necə etməli?

 

 

Akademik  Ramiz  Mehdiyevin  məqaləsi  tarixə  bir  sistem  olaraq  yanaşmaqla tarixi gerçəklik, tarixi bilik, tarixi metod, tarixi təcrübə  arasında üzvi əlaqəni öyrənmək baxımından tədqiqatçılara  bir dərs verir, ibrət götürməyə dəvət edir, tarixi tədqiqatlar  sahəsində  yaranmış  vəziyyətdən  çıxış  yollarını  göstərir. Fikrimizcə, bu məqalə aşağıdakı bəzi konkret işlərin gerçəkləşdirilməsi  vacibliyini önə çıxarır:

l Universitetlərimizin tarix fakültələrində təhsilin magist pilləsində  tarix elminin metodoloji problemləri və tarixin fəlsəfəsi fənlərinin  müasir səviyyədə tədrisinə böyük ehtiyac var. Tarix və fəlsəfə sahəsində çalışan şəxslərin nəzəri biliklərinin artırılması zəruridir.  Akademikin  tamamilə haqlı olaraq yazdığı kimi, "bu boşluğu doldurmaq məqsədilə tarixi-fəlsəfi biliklərin birləşdirilməsi tələb olunur";

l Psixologiya və fəlsəfə fənlərinin sovet dövründəki kimi deyil, daha mükəmməl, müasir dünya elmi tələbləri baxımından tədris edilməsi zəruridir;

l Doktorantlar ilk növbədə minimum imtahanlarını verməli, yalnız nəzəri biliklərə yiyələndiyi məlum olduqdan sonra onlara dissertasiya işinin  yazılmasına icazə verilməsi faydalı olardı;

l Dissertasiya işlərinin keyfiyyəti yaxşılaşdırılmalı, onu  müzakirəyə tövsiyə edən elmi rəhbərin, müzakirəsini  keçirən şöbə və kafedraların, rəy verən opponentlərin və  aparıcı müəssisənin məsuliyyəti artırılmalıdır;

l Tarix sahəsində tədqiqatların  metodologiyasına, tarixin fəlsəfəsinə həsr edilmiş müzakirə, seminar, beynəlxalq simpozium və konfransların keçirilməsi fayda verərdi;

l Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin səmərəsini artırmaq üçün təşkilati-struktur, kadr və digər sahələrdə radikal islahatların aparılması zamanı gəlib çatmışdır;

l Müxtəlif  qədim və müasir dilləri bilən gənc tarixçilərin yetişdirilməsi vacibdir;

l Orta məktəb tarix dərsliklərinin  şagirdləri yoran və heç bir şey verməyən yersiz xronologiya və adlardan təmizilənməsinə, hadisə və proseslərin mahiyyətinə  üstün  yer  verilməsinə, ali  məktəblərə qəbul imtahanları üçün test suallarının  təkmilləşdirilməsinə ehtiyac vardır.

 

 

Musa QASIMLI,

Professor

 

Azərbaycan.-2013.- 6 iyun.- S.4.