Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Göyçayda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul iyunun 5-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Göyçay, Ucar, Ağdaş, Şamaxı, Kürdəmir, Zərdab, Ağsu rayonlarından olan vətəndaşları şəxsən qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

Qəbulda qaldırılan məsələlərin bəziləri  yerindəcə həll edilmişdir. Təhsil haqqının ödənilməsi, işlə təminat, eləcə də bəzi fənlərin test imtahanlarına salınmasının vacibliyi barədə qaldırılan məsələlər müzakirə olunmaq  üçün nəzarətə götürülmüşdür.

Vətəndaşlar, eyni zamanda, buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildirmişlər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olmuşdur. Həmin müraciətlər qeydiyyata alınmış və nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaqdır.

Vətəndaşlar qəbulla bağlı onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 6 iyun.- S. 6.