Yeni işgüzar əlaqələr
üçün platforma
Bakıdakı "EXPO CENTER" yenə qonaqlı-qaralıdır. Burada karbohidrogenlərin hasilatı, nəqli, satışı, emalı ilə məşğul olan dünya şöhrətli şirkətləri bir araya gətirən Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi öz işini davam etdirir.
Qeyd edək ki, dünyanın aparıcı dövlətləri bu sərgiyə böyük əhəmiyyət verirlər. ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda deyilir: "Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı eyni zamanda Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır. Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Azərbaycan ABŞ-ın simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm".
Böyük Britaniyanın Baş naziri Devid Kemeron isə Azərbaycan Prezidentinə məktubunda yazmışdır: "Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir. 2013-cü il dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacaqdır. Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram".
İndi isə sərgi haqqında. 3 pavilyonda nailiyyətlərini nümayiş etdirən 380-dən çox şirkət sırasında sərginin daimi iştirakçıları yenə də ekspozisiya sahəsinin genişliyi, stendlərinin məzmunu və tamaşaçılarının çoxluğu ilə diqqəti cəlb edir. Bunlar Azərbaycanın yeni neft strategiyasında fəal iştirak edən Böyük Britaniyanın BP, Norveçin "Statoyl", Fransanın "Total", ABŞ-ın "MakDermott", Türkiyənin TPAO şirkətləri, digər holdinq və qruplardır.
İndi beynəlxalq aləmdə SOCAR adı ilə tanınan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - ARDNŞ-in sərgidəki ekspozisiyası xüsusi diqqət çəkir. Əvvəla qeyd edək ki, builki sərginin baş sponsoru da elə SOCAR-ın özüdür.
Sərgidə
tutduğu sahədə şirkət son iki onillikdə
qazandığı nailiyyətləri dolğun və məzmunlu
şəkildə əks etdirə bilib. Məsələn,
buradakı materiallardan məlum olur ki, indiyə qədər
ARDNŞ ilə xarici neft şirkətləri arasında 33 hasilatın
pay bölgüsü sazişi imzalanıb. Bunlardan 18-i Xəzərin
Azərbaycan sektorunu, 15-i isə ölkənin quru ərazilərini
əhatə edir. Bu ilin əvvəlinə kimi respublikanın
neft sənayesinə 43,6 milyard ABŞ dolları həcmində
xarici sərmayə qoyulub. Başqa sözlə, həyata
keçirilən qlobal neft-qaz layihələri beynəlxalq aləmdə
ölkəmizin nüfuzunu daha da yüksəldib. İndi
bütün dünya Azərbaycanı etibarlı tərəfdaş
kimi tanıyır.
Ayrı-ayrı stendlər şirkətin çoxşaxəli fəaliyyətini aydın əks etdirir. Belə ki, regionun lider şirkətinə çevrilən SOCAR 20 illik fasilədən sonra artıq öz daxili imkanları hesabına müstəqil surətdə axtarış və qazma işləri həyata keçirir, uğurlu nəticələr əldə edir.
Sevindirici haldır ki, vaxtilə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan şirkət son illərdə digər ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə, Ukraynada, Almaniyada, Rumıniyada və digər ölkələrdə nümayəndəliklərini açıb özü sərmayə yönəldir.
Xəzər neft və qaz sərgisində
ARDNŞ-in törəmə müəssisələrinin öz
nailiyyətlərini ayrıca stendlərdə nümayiş
etdirməsi də bütün bunların aydın təcəssümüdür.
Budur "SOCAR Turkey Enerji A.Ş."nin ekspozisiyaları. Əsasən
də "Petkim"in müvəffəqiyyətləri
nümayiş olunur. "SOCAR
Turkey"in prezidenti Kənan Yavuz da elə əsasən
"Petkim"dən danışır:
- Bilirsiniz
ki, "Petkim" neft-kimya holdinqinin idarəçiliyi
artıq bir neçə ildir ARDNŞ tərəfindən həyata
keçirilir. Məhz bu illərdə "Petkim" ümumi
məhsul istehsalı, gəlir, mənfəət və ixrac
üzrə rekord göstəricilərə nail olub. 2011-ci ildə
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə holdinqin ərazisində "Star"
Neft Emalı Zavodunun təməli qoyulub. Deyim ki, bu, Türkiyədə
özəl bölmə xətti ilə həyata keçirilən
ən böyük investisiya layihəsidir. ARDNŞ-in İzmirdə
- Petkim yarımadasında inşa edəcəyi bu zavodun illik məhsuldarlığı
10 milyon ton olacaq. "Star" ekoloji cəhətdən ən
qabaqcıl texnologiyalar əsasında qurulacaq. Bir sözlə,
Azərbaycanın bizimlə Petkim yarımadasındakı
işbirliyi "Petkim"i Türkiyənin ən
böyük, Avropanın isə öndə gedən şirkətlərindən
birinə çevirəcək.
Sərginin
digər iştirakçıları kimi, K.Yavuz da tədbirin
yüksək səviyyədə təşkil olunmasından məmnundur.
Onlar Prezident İlham Əliyevin sərgiyə gəlməsini,
tədbirin açılışında çıxış
etməsini və ekspozisiyalarla ətraflı tanış
olmasını dövlət başçısının
neft-qaz sənayesinin inkişafına diqqət və
qayğısının nümunələrindən biri kimi dəyərləndirirlər.
Böyük
Britaniyanın "Klinger" şirkətinin layihə meneceri
Oliver Bache deyir ki, Xəzər neft-qaz sərgisində birinci dəfədir
iştirak edirlər. Bu "debüt"ün məhz 20-ci -
yubiley sərgiyə düşməsi onları xoş bir təsadüf
kimi fərəhləndirir:
- Biz Azərbaycanın
yüksəlişini maraqla izləyirik və bilirik ki, burada
neft-qaz sahəsi çox inkişaf edib. Əslində bizim bu sərgidə
iştirakımızı Azərbaycanda ən iri neft-qaz və
ixrac layihələrinin əməliyyatçısı olan BP
təmin edib. Son illərdə biz bu şirkətin operatorluq
etdiyi "Şahdəniz" layihəsi üçün boru
avadanlıqları göndərmişik. İndi "Şahdəniz"in
ikinci mərhələsinin bir sıra avadanlığa olan tələbatını
ödəmək üçün əməkdaşlığın
təməlini qoyuruq. BP şirkəti Azərbaycandakı layihələrdə
bu və ya digər formada iştirak edən xarici şirkətlərin
fəaliyyətini yerli müəssisələrin köməyi
ilə həyata keçirmək sahəsində yaxşı təcrübə
əldə edib. Bu məqsədlə biz "BON Accord
Caspian" şirkəti ilə daha sıx əlaqə
yaradaraq "Şahdəniz-2"-yə xidmət edəcəyik.
Təsadüfi deyil ki, sözügedən iki şirkət - "Klinger" və "BON Accord Caspian" sərgidə bir stenddə çıxış edirlər. Elə bu kimi hallara əsaslanaraq iştirakçılar sərgini yeni, daha möhkəm əməkdaşlıq əlaqələri üçün platforma adlandırırlar.
Xəzər neft-qaz sərgisinin ziyarətçiləri də çoxdur. Onların əksəriyyəti neft və qaz, kimya, emal sənayeləri ilə bağlı insanlar olsa da, sıralarında sadə şəhər sakinləri, digər sahələrdə çalışan mütəxəssislər də az deyil.
AMEA-nın Kibernetika İnstitutunun Ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının baş laborantı Xatirə İmamverdiyeva hər dəfə neft-qaz sərgisi ilə tanış olmağı çox sevir:
- Çalışdığım sahə ilə əlaqədar əsasən ekoloji məsələlərlə maraqlanıram. Təqdirəlayiq haldır ki, indi karbohidrogenləri hasil, ixrac, emal edən şirkətlər ətraf mühitə çox diqqət yetirirlər. Ekologiyaya dəyən zərəri azaldaraq minimuma endirmək üçün yeni-yeni yollar axtarılır və tapılır. Deyilənlərdən əlavə, bu, çox gözəl, zövqlə tərtib olunmuş bir sərgidir.
Xəzər
neft və qaz, neftayırma və neft kimyası sərgisinə
20 ildir azalmayan maraq məhz bu səbəblərin məcmusundan
yaranıb.
Flora SADIQLI
Azərbaycan.-2013.- 6 iyun.- S. 7.