Parlament nümayəndə heyəti
Belçika Krallığında səfərdədir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüsseldə rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Brüsselə rəsmi səfər Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarla görüşlə başladı. Görüşdə əsas mövzu parlamentlərarası əlaqələrin müzakirəsi oldu. Filip Blanşar parlamentlərarası münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Dostluq qrupunun rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yüksək iqtisadi inkişafından heyrətləndiyini söylədi. O qeyd etdi ki, Azərbaycanda mövcud olan dini tolerantlıq bu gün Avropa dövlətləri üçün də nümunə ola bilər. Komitə sədrinin fikrincə, Azərbaycan həqiqətləri, ölkəmizin nail olduğu yüksək inkişaf dinamikası barədə Avropada hələ də obyektiv təsəvvür yoxdur. Bu məqsədlə Filip Blanşar ölkə parlamentində dinləmələr təşkil etdiyini diqqətə çatdırdı.
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan-Belçika əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Qeyd edildi ki, digər sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində də münasibətlərimiz uğurla davam etdirilir. Spiker dedi ki, Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən lider dövlətdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin Sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulayaraq söylədi ki, bu münaqişə regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmazdır. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycanın inkişafı göz önündədir. Qürurverici faktdır ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli forumlara ev sahibliyi edir.
Daha sonra Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının Sədri Andre Flao ilə görüşdü. Görüşdə Milli Məclisin Sədri qeyd etdi ki, bu gün Azərbaycan müstəqil siyasət aparır və ölkəmiz üçün Avropaya inteqrasiya prioritet sahələrdəndir. Azərbaycan-Belçika əlaqələrinin genişlənməsindən söz açan spiker dövlətlərimiz arasında imzalanmış sənədlərin ratifikasiya olunmasının vacibliyini vurğuladı. Söhbətdə Azərbaycanın nəhəng enerji layihələrinin reallaşdırılmasında və Avropanın enerji təminatındakı mühüm rolundan danışıldı.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırdı. Bildirildi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməyib və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT TŞ, AŞ PA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmayıb. Münaqişənin həllinə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.
Görüşdə Belçika Krallığının regionlarının nazirləri də iştirak edirdilər.
Səfər çərçivəsində Belçika Senatının Sədri xanım Sabina de Betkinlə keçirilən görüşdə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov qarşılıqlı əlaqələrin inkişafından, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən söz açdı. Bildirildi ki, Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan bu istiqamətdə mühüm addımlar atmışdır.
Səfər zamanı Milli Məclisin Sədri Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşdü. Komitə sədri bu yaxınlarda Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladı.
Milli Məclisin Sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırlayaraq qeyd etdi ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər hansı bir qərarın verilməsi, zənnimizcə, daha ədalətli olardı.
Avropa Parlamentinin komitə sədri bildirdi ki, Azərbaycandan fərqli olaraq digər dövlətlərlə bağlı qurumda daha sərt qərarlar qəbul olunur. Görüşdə qeyd olundu ki, Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq uğurla inkişaf edir və müsbət nəticələr əldə olunub. Hər iki tərəf əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Bu baxımdan "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilən tədbirlər olduqca önəmlidir.
Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri - millət vəkilləri Çingiz Əsədullayev, Sahibə Qafarova, Rövşən Rzayev və Fuad Muradov Belçika Krallığının Flaman və Volonya regionlarının parlament rəhbərləri ilə də görüşlər keçirdilər.
Deputatlarımız Azərbaycana böyük maraq göstərən belçikalı həmkarlarına ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, eləcə də siyasi proseslər barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, bu gün Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya örnək ola bilər. Ölkədə gender siyasəti uğurla həyata keçirilir.
Görüşlərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən söz açan deputatlar Ermənistanın
münaqişənin həllinə dair tutduğu
qeyri-konstruktiv mövqeyini qarşı tərəfin diqqətinə
çatdırdılar.
Milli Məclisin mətbuat
xidməti
Azərbaycan.-2013.- 7 iyun.- S.2.