Əli HƏSƏNOV: «Dördüncü
Rusiya-Azərbaycan regionlararası forumu
çərçivəsində artıq iki müqavilə
imzalanmışdır»
Xəbər
verdiyimiz kimi, Volqoqradda Dördüncü "Rusiya-Azərbaycan:
regionlararası dialoq-2013" forumu keçirilir. Forumda
iştirak etmək üçün Azərbaycandan Volqoqrada
mötəbər nümayəndə heyəti gəlmişdir.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a
müsahibəsində demişdir:
"Dördüncü
Rusiya-Azərbaycan regionlararası forumu çox müvəffəqiyyətlə
davam edir. Forum çərçivəsində artıq iki
müqavilə imzalanmışdır. Bunlardan biri Rusiya
hökuməti ilə Azərbaycan hökuməti arasında
Rusiya və Azərbaycan enerji sisteminin paralelləşdirilməsi
və bu sahədə əməkdaşlıq haqqında sənəddir.
Saziş Rusiyanın Enerji Nazirliyi ilə Azərbaycan Energetika
və Sənaye Nazirliyi arasında imzalanmışdır.
Düşünürəm ki, bu saziş, forumun nəticəsi
olaraq, çox ciddi bir sənəddir və gələcəkdə
Cənubi Qafqazda, o cümlədən Xəzər-Qara dəniz
hövzəsində enerji sistemlərinin paralelləşdirilməsi
və birgə fəaliyyətin təşkili sahəsində
mühüm əhəmiyyəti olacaqdır. İkinci
saziş Volqoqrad hökuməti ilə imzalanmışdır və
Volqoqrad vilayəti ilə Azərbaycan arasında sosial,
iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsi
ilə bağlı kompleks məsələləri əhatə
edir. Məlum olduğu kimi, Rusiya böyük dövlətdir və
onun regionları geniş iqtisadi, siyasi, sosial və mədəni
potensiala malikdirlər. Bu regionlarda çoxsaylı Azərbaycan
diasporu yaşayır. Azərbaycan hökuməti bu
regionların iqtisadi və sosial potensialında maraqlıdır. Bu baxımdan Azərbaycan
və Volqoqrad hökumətləri arasında imzalanan saziş
Rusiyanın regionları ilə münasibətlər sahəsində
fəaliyyətimizə tam cavab verir, həm Rusiyanın
regionlarının, həm də Azərbaycanın
maraqlarına uyğun gəlir. Bundan əvvəl biz
Rusiyanın digər federal subyektləri ilə də belə
sazişlər imzalamışıq. Forumun yekunu olaraq Rusiya
Prezidenti Administrasiyası ilə Azərbaycan Respublikası
Prezidenti Administrasiyası arasında gələcək əməkdaşlığa
dair birgə bəyanat imzalanacaqdır. Gələcəkdə
belə forumlar Rusiyanın digər regionları ilə də
keçiriləcəkdir. Builki forumda yenilik tətbiq
edilmişdir. Forumun panellərindən birində Rusiya və Azərbaycan
gənclər təşkilatlarının bir qrup fəalı
iki ölkə gəncləri arasında əməkdaşlığın
dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə
bağlı müzakirələr aparacaqdır. Digər panellər
regionlararası əməkdaşlıq, sosial, Xəzər
hövzəsinin birgə istifadəsi və başqa
mövzulara həsr ediləcəkdir. Düşünürəm
ki, bu görüşlər iki ölkə arasında münasibətlərin
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin
müəyyən etdikləri kursa müvafiq olaraq davam etdirilməsinə
xidmət edəcəkdir. Forum öz işini davam etdirir. Tədbirdə
Azərbaycandan 70 nəfər, Rusiyadan isə 170 nəfər
iştirak edir. Bundan əlavə, Volqoqrad vilayətindən və
Rusiyanın digər bölgələrindən Azərbaycan
diasporunun nümayəndələri də forumda təmsil
olunurlar. Forumun nəticəsi olaraq biz Rusiya-Azərbaycan
münasibətlərinin 2014-cü il üçün
regionlararası və sosial-iqtisadi perspektivlərini müəyyən
edəcəyik".
Azərbaycan.-2013.- 7 iyun.- S.4.