Volqoqradda 4-cü «Rusiya-Azərbaycan: regionlararası
dialoq – 2013» Forumu başa çatmışdır
İyunun
6-da forum iştirakçıları Mamayev Kurqanında
"Stalinqrad döyüşü qəhrəmanlarına"
tarix-memorial kompleksində olmuşlar. Sonra Volqoqradın Yeni
Eksperimental Teatrında forumun plenar iclası
başlanmışdır. Teatrın foyesində "Heydər
Əliyev Rusiya-Azərbaycan münasibətlərində" və
"Böyük Vətən müharibəsində Qələbəyə
Azərbaycan xalqının töhfəsi"
mövzularında fotosərgi açılmışdır.
Forum iştirakçıları Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin Volqoqrada və
Rusiyanın digər regionlarına səfərlərini əks
etdirən tarixi fotoşəkillərə, habelə Stalinqrad
döyüşündə iştirak etmiş qəhrəman
azərbaycanlıların fotoşəkillərinə
böyük maraqla tamaşa etmişlər.
Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov plenar iclası açaraq qeyd etmişdir ki, sosial-iqtisadi həyatın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Qubernator demişdir: "Volqoqrad vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın dərin kökləri vardır. Bu dostluğun təməli 20 ildən çox bundan əvvəl qoyulmuşdur. O vaxt, 1987-ci ildə Heydər Əlirza oğlu Əliyev Volqoqrad vilayətinə səfər etmişdi. Bu gün də Azərbaycan bizim aparıcı ticarət tərəfdaşlarımızdan biridir".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin regional və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətlərini oxumuşlar.
Plenar iclasın moderatorları Rusiya tərəfdən Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Azərbaycan tərəfdən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə idi.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Federal Məclisi Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelov, Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları öz çıxışlarında qeyd etmişlər ki, artıq ənənəyə çevrilmiş, iştirakçılarının əhatə dairəsi getdikcə genişlənən bu forum regionlararası əlaqələrin inkişafı üçün əlverişli bir məkandır.
İclasda iki
saziş imzalanmışdır. Azərbaycanın və Rusiyanın vahid
enerji sistemlərinin paralel
işinin təmin edilməsi tədbirləri
haqqında Rusiya Federasiyası hökuməti
ilə Azərbaycan Respublikası hökuməti arasında sazişi Rusiyanın energetika
nazirinin müavini Anton İnyutsın və Azərbaycanın sənaye
və energetika naziri Natiq Əliyev imzalamışlar. Azərbaycan
Respublikası hökuməti ilə Volqoqrad
vilayəti hökuməti arasında ticari-iqtisadi
və mədəni əməkdaşlıq haqqında Sazişi Volqoqrad vilayətinin
qubernatoru Sergey Bojenov və Azərbaycanın iqtisadi
inkişaf naziri Şahin Mustafayev
imzalamışlar.
Sazişlər
imzalanandan sonra Azərbaycanın sənaye və energetika naziri
Natiq Əliyev demişdir ki, Azərbaycan və Rusiya energetika
sahəsində çox böyük ixrac potensialına
malikdir. Hələ 2004-cü ildə Azərbaycan, Rusiya və
İran prezidentlərinin Tehran görüşündə
Şimal-Cənub enerji dəhlizi yaradılması təşəbbüsü
irəli sürülmüşdü. Nazir demişdir: "Azərbaycanda enerji
sistemi uzun illər boyu təkmilləşdirilmiş, yenidən
qurulmuş və modernləşmişdir. Bu gün
bütün texniki problemlər həll edilmiş və forum
çərçivəsində Azərbaycan ilə Rusiya arasında
energetika sahəsində müstəsna əhəmiyyətli
saziş imzalanmışdır".
Sonra
forum iştirakçıları regionlararası əməkdaşlıq,
energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın
perspektivləri və digər mövzularda müzakirələri
"dəyirmi masalar" arxasında davam etdirmişlər.
"Dəyirmi
masa" iclasları başa çatandan sonra moderatorlar qeyd
etmişlər ki, ikitərəfli regional əməkdaşlıq,
energetika və nəqliyyat kommunikasiyaları, humanitar
münasibətlər və gənclər siyasəti sahəsində
qarşılıqlı fəaliyyət məsələlərinə
dair konstruktiv fikir mübadiləsi aparılmışdır. Xəzər
regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi
kimi aktual mövzuya toxunulmuşdur. 5-ci Rusiya-Azərbaycan
regionlararası Forumunun Azərbaycanda keçirilməsi qərara
alınmışdır.
4-cü
"Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" Forumu
yekun bəyanatın qəbul edilməsi ilə başa
çatmışdır.
Azərbaycan.-2013.- 7 iyun.- S.4.