Volqoqradda «Rusiya
Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının
yeni üfüqləri» mövzusunda regionlararası sərgi
açılmışdır
İyunun
5-də Volqoqraddakı Həlak Olmuş
Döyüşçülər Meydanında
Dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013"
forumu çərçivəsində "Rusiya Federasiyası
və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının
yeni üfüqləri" mövzusunda regionlararası sərgi
açılmışdır.
Volqoqrad
vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri
Oleq Kirsanov sərgini açaraq qeyd etmişdir ki, ekspozisiyada
Volqoqrad vilayətinin bütün nailiyyətləri təmsil
olunmuşdur. Azərbaycan ilə Rusiya arasında bütün
sahələrdə əməkdaşlığın
böyük perspektivləri vardır və hər iki dövlət
güclü potensiala malikdir. O.Kirsanov ümidvar olduğunu
bildirmişdir ki, iki ölkə, o cümlədən Azərbaycanla
Volqoqrad arasında humanitar və xeyriyyə layihələri səmərəli
inkişaf edəcəkdir.
Rusiya
Federasiyası Prezidentinin xarici ölkələrlə
regionlararası və mədəni əlaqələr idarəsinin
rəisi Vladimir Çernov açılış mərasimində
çıxış edərək vurğulamışdır
ki, bu sərgi və forum ölkələrimiz arasında əməkdaşlığın,
dostluq və mehriban qonşuluq münasibətlərinin
inkişafında daha bir addımdır. V.Çernov
demişdir: "Bu münasibətlər həm bizim
müştərək tariximizə, həm də iqtisadi və
humanitar sahələrdə əlaqələrimizə əsaslanır".
Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd etmişdir ki, bu sərgi
ölkələrimizin iqtisadi potensialı ilə daha
yaxından tanış olmaq üçün yaxşı bir
imkandır. Nazir Azərbaycanın iqtisadi inkişafından
söhbət açaraq qeyd etmişdir ki, son 10 ildə ölkədə
ÜDM 3 dəfədən çox artmış, qlobal maliyyə
böhranı şəraitində Azərbaycan iqtisadiyyatı
yüksək sabitlik nümayiş etdirmişdir. Ş.Mustafayev
Azərbaycan iqtisadiyyatının yüksək sürətlə
inkişafına dəlalət edən bir neçə rəqəm
göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan
dövləti və hökuməti ölkədə müasir
texnologiyalardan istifadə etməklə intensiv təsərrüfatçılıq
metodları əsasında müəssisələr
yaradılması üçün səy göstərir. Bundan
əlavə, Azərbaycanda prioritet sahələrdən biri də
informasiya-kommunikasiya texnologiyalarıdır.
Nazir
qeyd etmişdir ki, sərgidə respublikanın nailiyyətləri
ilə yanaşı gələcək layihələr də
nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin
"Ağ şəhər" yaratmaq planları barədə
söhbət açaraq demişdir: "Vaxtilə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev bildirirdi ki,
zaman gələcək, Azərbaycan dünyaya günəş
kimi açılacaqdır. Qara şəhər ağ şəhərə
çevriləcəkdir. Bu gün Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və
öz sərvətlərini artırır".
Sərginin
ekspozisiyası üç tematik bölmədən ibarətdir:
Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin
ekspozisiyaları. Volqoqrad vilayətinin 40-dan çox əmtəə
istehsalçısı, o cümlədən
"Volqoqradneftemaş", "VZBT", "Tsaritsinskaya
obyedinennaya manufaktura", "Voljskiy obrazivnıy zavod",
"Kamışinskiy tekstil", "Pivovar",
"Konfil", "Sadı pridonya", "Tsar-produkt"
zavodları və başqa istehsal müəssisələri
öz məhsullarını nümayiş etdirir.
Sərgi
iştirakçılarının ümumi rəyinə
görə, Rusiya-Azərbaycan İqtisadi Forumu Volqoqradın sənaye
müəssisələrinin Azərbaycan biznesinin nümayəndələri
ilə səmərəli əməkdaşlığı və
mütəxəssislərin təcrübə mübadiləsi
üçün geniş imkanlar yaradır.
Azərbaycan.-2013.- 7 iyun.- S.4.