Yeni Azərbaycan Partiyasına alternativ olacaq qüvvə yoxdur

 

Qarşıdan gələn prezident seçkiləri bunu bir daha təsdiqləyəcək

 

Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlmişdi. 1992-ci ildə YAP-ın siyasi meydana çıxması və ümummilli lider Heydər Əliyevin bu təşkilata sədr seçilməsi respublikamızdakı gərgin ictimai-siyasi situasiyanın yaratdığı tələbatdan qaynaqlanan mühüm tarixi hadisə idi. Bu gün arxaya dönüb o illərə nəzər salanda fərəhlənirsən ki, bu yola qədəm qoyan insanlar o zamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneçiliklər, təzyiqlər qarşısında əyilmədilər. Heç bir hədə-qorxu onların iradəsini qıra bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.

YAP-ın yaradılması xəbəri Azərbaycanın siyasi həyatında mühüm hadisə idi. Demək olar, bütün ölkə bu hadisədən danışırdı. Heydər Əliyevin qədrini yaxşı bilən, onun fəaliyyətini, təcrübəsini düzgün qiymətləndirməyi bacaran sadə vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi və təşkilat artıq ölkədə "ana müxalifət partiyası" statusu almışdı. YAP müxalifət partiyası kimi yaransa da, indiki aqressiv müxalifət partiyalarından fərqli olaraq Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə tank belində gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirilmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Çünki bütün Azərbaycan xalqı həmin qüvvələrə müxalifətdə idi.

1992-1993-cü illərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə, tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsində ön cərgəyə çıxardı. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi.

1993-cü ildən hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

YAP-ın tarixində əlamətdar günlər çoxdur. Heydər Əliyevin və partiyanın adı ilə bağlı olan hər bir gün, tarix vətəndaşlar üçün doğmadır. İstər Milli Qurtuluş Günü, istər YAP-ın yarandığı gün hər zaman bütün xalqımız, YAP üzvləri və təəssübkeşləri tərəfindən ehtiramla qeyd olunur. Bu sırada YAP-ın indiyədək keçirilmiş 4 qurultayı da partiyanın tarixində əlamətdar hadisə kimi qalıb.

1999-cu il dekabın 20-21-də keçirilən I qurultayda YAP-ın dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, milli maraq və mənafelərin qorunması, ölkənin hərtərəfli inkişafı naminə gördüyü böyük işlər müsbət dəyərləndirildi, qarşıda duran prioritet vəzifələr müəyyən edildi. Qurultayın ulu öndər Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışını dinləyərək qəbul etdiyi qətnaməsində xüsusi vurğulandı ki, 1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən yeddi il ərzində özünün nizamnamə və proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır. Qətnamə təlatümlü 1988-1993-cü illərə, YAP-ın yaranmasına və Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə verilən qiymət baxımından da diqqəti cəlb edir: "Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olmuşdur. Qurultay həm bütün görülən işləri, həm də hakimiyyət orqanlarının, partiyanın bu işlərin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir".

Ulu öndər Heydər Əliyev qurultayda yenidən partiyanın sədri seçildi. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi də geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Qurultayda YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edildi, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi.

YAP I qurutlayının qəbul etdiyi və partiyanın bütövlükdə fəaliyyətinə təsir göstərən tarixi qərarlarından biri də ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrini tutan cənab İlham Əliyevin YAP sədrinin müavini vəzifəsinə seçilməsi idi. Bu tarixi seçim partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynadı. Həmin qurultayda tarixi çıxış edən cənab İlham Əliyevin fikirləri bu gün də öz aktuallığını saxlayır: "Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir".

I qurultaydan sonra ölkədə yeni bir siyasi mərhələ başladı və cəmi bir il sonra - 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərində YAP qələbə qazanaraq 125 deputat yerindən 75-ni tutdu. Həmin seçkidə cənab İlham Əliyevin başçılıq etdiyi proporsional siyahı ilə də YAP böyük uğur qazandı, çoxmandatlı seçki dairələri üzrə deputat yerlərinin üçdə ikisini qazandı. Bütün bunlar YAP-ın cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırdı, həmçinin bir il əvvəl keçirilmiş I qurultayın qərarlarının praqmatik siyasi düşüncənin nəticəsi olduğunu söyləməyə əsas verdi.

YAP sıralarında cəmiyyətin bütün zümrələrini - gəncləri, qadınları, elm, mədəniyyət, ədəbiyyat xadimlərini, texnokratları birləşdirir. Əhəmiyyətli məqamlardan biri də odur ki, YAP nailiyyətlərinin davamlığını təmin etmək məqsədilə gənclər arasında apardığı siyasi maarifçilik işinin uğurlu nəticəsini artıq görməkdədir. Hələ I qurultaydan 4 il əvvəl - yəni, 1995-ci ildə YAP-ın namizədi kimi parlament seçkilərində qələbə qazanmış cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdi. YAP-ın I qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini seçilməsindən sonra isə gənclərin YAP-a axını daha geniş vüsət aldı. Hazırda YAP-ın 600 min nəfərə yaxın üzvünün böyük əksəriyyətini gənclər təşkil edir.

YAP-ın I qurultayı 1999-cu ilin dekabrında bütün ölkədəki ictimai-siyasi hadisələrin fonunda ən aktual və vacib bir mövzu kimi müzakirə olunurdu. Bu, təkcə onunla bağlı deyildi ki, YAP hakim siyasi təşkilat olduğundan onun ilk qurultayı kütləvi maraq doğura biləcək bir hadisə təsiri bağışlayırdı. Həm də onunla bağlı idi ki, Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin yaşamasında müstəsna xidmətləri olmuş bir siyasi qüvvə artıq yeni dövr üçün özünün ideoloji doktrinasını məhz bu qurultayda elan etdi. Bu, bütövlükdə ölkənin ictimai-siyasi həyatında böyük hadisə idi.

I qurultaydan sonra hakim partiyanın cəmiyyətdəki mövqeləri daha da gücləndi, II qurultaya qədər üzvlərinin sayı 70 min artaraq 230 minə çatdı. İqtidar partiyası kimi qarşıya qoyduğu bir sıra mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail oldu.

YAP-ın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi də ilk qurultayın qəbul etdiyi qərarların uğurlu nəticəsinin bariz göstəricisi idi.

II qurultayda bir daha bəyan olundu ki, Heydər Əliyevin Azərbaycan xalqının milli və dövlət maraqlarına cavab verən siyasəti nəticəsində YAP ümumxalq, ümumazərbaycan partiyasına çevrilmiş, yeni tarixi inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə özünün proqramında irəli sürülən "Yeni, müstəqil Azərbaycan uğrunda" ideyasını faktiki olaraq gerçəkləşdirmiş və müstəqilliyimizin əbədiliyi, dönməzliyi, sarsılmazlığı təmin edilmişdir. I qurultaydan keçən müddət ərzində partiya üzvlərinin sayının 70 min nəfər artaraq hazırda 230 min nəfərə çatması faktı II qurultay tərəfindən müsbət qiymətləndirildi.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".

2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin ölkə başçısı seçilməsi xalqın YAP-a etimadının növbəti dəfə əyani təcəssümü idi. Azərbaycan xalqı Heydər Əliyev missiyasını layiqincə davam etdirən cənab İlham Əliyevi prezident seçməklə ulu öndərin ideyalarına səs verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoydu.

YAP II qurultayından ötən müddət ərzində Nizamnamə və Proqram sənədlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət göstərdi. 2005-ci il mart ayının 26-da keçirilən III qurultayda YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyi, 2002-ci ilin avqust ayında keçirilən referendum, 2003-cü il prezident və 2004-cü il bələdiyyə seçkilərində qələbə qazandığı, üzvlərinin sayının artaraq 360 min nəfərə çatdığı partiyanın möhtəşəm uğurları kimi qeyd edildi. Bütün bunlar isə Heydər Əliyev ideyalarına xalqın böyük inam və etimadını bir daha təsdiq etdi.

Prezident İlham Əliyev YAP-ın III qurultayındakı çıxışında bu barədə belə demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk".

Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin əmanəti olan YAP-ın sədr seçkisinə ulu öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Cənab İlham Əliyev 2003-cü ildən sonra Prezident kimi fəaliyyəti dövründə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Prezident İlham Əliyevin ilk günlərdən çoxşaxəli, vətənpərvər, praqmatik fəaliyyətinə nəzərən Azərbaycan cəmiyyətində onun ulu öndərin təməlini qoyduğu səmərəli islahatlar kursunu davam etdirməyə və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə qadir alternativsiz lider olduğu qənaətini qətiləşdirdi.

Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP IV qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. 2008-ci il avqustun 2-də keçirilən qurultayda bütün iştirakçılar qarşıdan gələn prezident seçkilərində YAP sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, hətta mən deyərdim ki, tələb edirdi.

Təbii ki, IV qurultayın əsas diqqəti cəlb edən məsələsi Prezident İlham Əliyevin geniş, dərin məzmunlu, proqram xarakterli nitqi idi. Partiya sədrinin nitqi bir neçə istiqamətdə məsələləri özündə əks etdirirdi. Birincisi, YAP-ın Azərbaycan cəmiyyətində yeri və rolu, partiyanın keçdiyi yol, cəmiyyətimizdə tutduğu mövqe, YAP-ın bu gün inkişaf edərək ulu öndər Heydər Əliyevin ideyalarının daha yüksək səviyyəyə çatdırılması bu çıxışda öz əksini tapdı. Prezident çıxışında Azərbaycanın bu gün dövlət olaraq söykəndiyi ideoloji prinsiplərin üzərində dayandı və göstərdi ki, azərbaycançılıq, dövlətçilik, müstəqilliyi möhkəmləndirmək xalqımızın istək və arzularını ifadə edən ideoloji dəyərlərdir.

2008-ci ilin oktyabrında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə ona göstərdiyi etimada, habelə seçki kampaniyasında fəal iştiraka görə YAP üzvlərinə minnətdarlığını ifadə edərək demişdir: "İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm. Eyni zamanda, mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram".

Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, onun ölməz ideyalarından güc alan YAP-ın 2010-cu il noyabrında keçirilmiş dördüncü çağırış Milli Məclisə seçkilərdə də əvvəlki parlament seçkilərində olduğu kimi mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq idi. Azərbaycan vətəndaşlarının müəyyənləşdirdiyi düzgün seçim konkret partiyaya, bu partiyanı təmsil edən deputatlığa namizədlərə etimadla yanaşı, xalq müdrikliyinin ifadəsi kimi diqqəti çəkir. Bu seçim Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətinin, böyük öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamının təntənəsi oldu.

Bu gün Bakı şəhərində YAP-ın V qurultayı keçiriləcək. Ötən müddətdə qurultaya hazırlıq işləri yüksək səviyyədə başa çatıb. YAP-ın bütün rayon və şəhər təşkilatlarının hamısında konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. V qurultayda Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev partiyanın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək. Cənab İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin prezidentliyə namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da irəli sürüblər. Ancaq YAP tərəfindən rəsmi surətdə bu qərar partiyanın bu gün keçiriləcək V qurultayında qəbul olunacaq.

Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcək. Ötən 10 ilə yaxın müddətdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bunu qətiyyətlə, inamla və əminliklə söyləməyə əsas verir. Çünki bu müddətdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət hər bir sahədə tərəqqiyə, yüksəlişə yol açıb. İqtisadiyyatımız dəfələrlə inkişaf edib, insanların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib, Azərbaycan beynəlxalq birlikdə söz sahibinə, regionun lider dövlətinə çevrilib. Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən və müəllifi ulu öndər Heydər Əliyev olan siyasi kursun alternativi yoxdur. Xalqımız əmindir ki, bu siyasətin İlham Əliyev tərəfindən davam etdirilməsi gələcək illərdə Azərbaycana daha böyük uğurlar gətirəcək.

YAP yaranandan keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Daha konkret ifadə etsək, ötən 20 ildə ölkəmizdə keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşlar. Ona görə də özündə 600 min nəfərə yaxın insanı birləşdirən YAP ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. Qarşıdan gələn prezident seçkiləri bunu bir daha təsdiqləyəcəkdir.

 

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 7 iyun.- S.5.