Bakıda «Bəşəriyyət sülhə
və işgüzar əməkdaşlığa
«hə», müharibə
və münaqişələrə «yox» deyir» mövzusunda beynəlxalq
konfrans keçirilir
İyunun
6-da Beynəlxalq Muğam Mərkəzində "Bəşəriyyət
sülhə və işgüzar əməkdaşlığa
"hə", müharibə və münaqişələrə
"yox" deyir" mövzusunda beynəlxalq konfrans işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, Avrasiya Qiymətləndiricilər Birliklərinin
12-ci Konqresi çərçivəsində reallaşan tədbirdə
münaqişə və
müharibələrin dövlətlərə və
xalqlara, ümumilikdə bəşəriyyətə gətirdiyi
bəlalardan danışılmışdır.
Tədbirdə
Milli Məclisin deputatı,
Avrasiya Qiymətləndiricilər Birlikləri idarə
heyətinin üzvü professor Xanhüseyn Kazımlı
çıxış edərək seçilmiş mövzunun
aktuallığından və bu gün dünyanı narahat edən
məsələlərin həll olunmasında işgüzar əməkdaşlığın
mühüm rolundan geniş söz açmışdır.
Qarabağ
münaqişəsinin regionun inkişafına mane olduğunu
söyləyən natiq demişdir ki, hazırda Azərbaycanın 800-ə qədər
yaşayış məntəqəsi işğal
altındadır. Bu da ümumilikdə həm Azərbaycanın,
həm də Qafqaz regionunun inkişafına maneədir.
X.Kazımlı
Azərbaycan Prezidentinin tapşırığı ilə
yaradılan işçi qrupunun Ermənistanın
işğalı nəticəsində ölkəmizə dəyən
zərərin qiymətləndirilməsi üzərində
işlədiyini və hesablamaların birinci mərhələsinin
başa çatmaq üzrə olduğunu qeyd etmişdir.
Alim
diqqətə çatdırmışdır ki, hər il dünyada təxminən
13 milyon hektar meşə sahəsi məhv edilmişdir. Azərbaycanın
işğal altında olan meşə sahələri ölkənin
işğaldan kənar ümumi meşə massivinin 54,5 faizini
təşkil edir.
Azərbaycanın
dünyada nüfuzunun günbəgün
artdığını söyləyən Milli Məclisin deputatı
vurğulamışdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin davam etməsi təkcə
ölkəmizin deyil, bütövlükdə bölgənin hərtərəfli
inkişafına maneələr yaradır.
Tədbirdə
Avrasiya Qiymətləndiricilər Birlikləri idarə heyətinin
baş direktoru Nikolay Trifonov çıxış edərək dünyada baş verən qlobal
iqtisadi və maliyyə böhranından
danışmışdır. O,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində ölkəmizə dəyən
ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinin
vacibliyini vurğulamışdır.
Moldova
Qiymətləndiricilər Assosiasiyası idarə heyətinin
sədri Dmitri Tereburke tədbirin əhəmiyyətini yüksək
qiymətləndirmişdir. Bildirmişdir ki, bu cür tədbirlərin
keçirilməsi münaqişələr nəticəsində
Azərbaycana, Moldovaya və digər ölkələrə dəymiş
ziyanın obyektiv hesablanmasına öz töhfəsini verəcəkdir.
Tədbirdə
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov çıxış edərək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
ölkəmizə dəymiş ziyandan
danışmışdır. Bildirmişdir ki, bu ziyanın
qiymətləndirilməsi beynəlxalq məsələdir.
Beynəlxalq aləmdə də münaqişələrin
vurduğu ziyanın qiymətləndirilməsi artıq
formalaşmaqdadır. Bu, Azərbaycan dövləti və
xalqı üçün son dərəcə vacibdir. Beynəlxalq
yanaşma ilə təxmini dəymiş ziyanın
hesablanmasına görə, Ermənistanın ölkəmizə
qarşı yürütdüyü
işğalçılıq siyasəti nəticəsində
Azərbaycana 300 milyard dollardan çox zərər dəymişdir.
Əli
Həsənov demişdir: "Ermənistanın dövlət
büdcəsi isə 3 milyard dollardır. Azərbaycan beynəlxalq
məhkəmələrdə dəyən zərərə
görə təzminatın ödənməsini tələb
etdikdə bu ziyanı əli günahsız azərbaycanlıların
qanına batmış hazırkı Ermənistan rəhbərliyi
deyil, erməni xalqı ödəməli olacaqdır".
Baş
nazirin müavini demişdir ki, artıq Ermənistana himayədarlıq
edən bir sıra ölkələr də təcavüzkar
dövlətin mövqeyini müdafiə etməkdən yorulmuşlar. Bir gün gələcək,
erməni diasporunun özü də bu ölkədən üz
döndərəcəkdir. Kimsə düşünürsə
ki, bu məsələ yalnız Azərbaycanın problemidir, o,
böyük səhv edir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bütün
dünyanın problemidir.
Natiq
diqqətə çatdırmışdır ki, ermənilərin
işğal etdikləri torpaqlarımızda narkotik vasitələr
becərməsinə, tranzitinə, onlar tərəfindən
terrorçu dəstələr hazırlanmasına dair Azərbaycanın
əlində tutarlı faktlar vardır. Bu faktlar və sənədlər
artıq beynəlxalq qurumlara təqdim edilmişdir.
Ermənilər
tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarında
silahlı dəstələrin hazırlandığını
deyən Baş nazirin müavini vurğulamışdır ki,
bu silahlı dəstələr, terrorçu qruplar
dünyanın bütün münaqişə zonalarına
göndərilir.
Günün
ikinci yarısında öz işini davam etdirən konfransda
seçilmiş mövzuya uyğun çıxışlar
edilmiş, qarşılıqlı maraq doğuran məsələlərə
dair müzakirələr aparılmışdır.
Konfrans
işini iyunun 7-də yekunlaşdıracaqdır.
Azərbaycan.-2013.- 7 iyun.- S.6.