Herbert KVELLE: Həyatımın üç ilini Azərbaycan kimi gözəl və maraqlı ölkədə keçirməyimdən qürur duyuram

 

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle bu ilin iyul ayında ölkəmizdə diplomatik missiyasının başa çatması ilə əlaqədar mətbuat konfransı keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə səfir H.Kvelle Almaniyada diplomatların səfir vəzifəsinə 3 illik müddətə təyin olunduqlarını diqqətə çatdırmışdır. O bildirmişdir ki, 2010-cu ilin avqust ayında Azərbaycana səfir təyin olunmuşam və bu il missiyam başa çatır. Məndən əvvəl bu missiyanı yerinə yetirmiş diplomat Azərbaycanda 4 il müddətində fəaliyyət göstərmişdir. Lakin bu, istisna hal idi, çünki o, bu vəzifədən sonra dərhal təqaüdə çıxmışdır.

Azərbaycanda diplomatik fəaliyyətinin nəticələrini müsbət qiymətləndirən səfir mətbuat nümayəndələrinə açıqlamasında ölkəmizdəki fəaliyyəti dövründə mühüm əhəmiyyət verdiyi məsələlərə toxunmuşdur. H.Kvelle demişdir ki, Azərbaycan üçün ən vacib və maraqlı mövzulardan olan dini tolerantlıqdır. Mən bütün müsahibələrimdə və çıxışlarımda Azərbaycanın bu mövqeyini alqışlamışam və dəstəkləmişəm.

Səfir diqqətə çatdırmışdır ki, ölkəmizdə fəaliyyət göstərdiyi illərdə Almaniya səfirliyi ilə keçmiş Helenendorf (indiki Göygöl) rayonu ilə sıx təmasların qurulmasını daim diqqət mərkəzində saxlamışdır. İlk xidməti səfərini Azərbaycanının məhz qərb bölgəsinə etdiyini nəzərə çatdıran diplomat Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının rəhbərləri ilə sıx əlaqələrin qurulduğunu vurğulamışdır.

H.Kvelle 1819-cu ildən başlayaraq almanların Azərbaycanda məskunlaşdıqlarını diqqətə çatdırmışdır. O, vaxtilə həmvətənlərinin yaşadıqları yerlərdə alman xalqının mədəni irsinin qorunub saxlanmasına verdiyi böyük dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Səfir məlumat vermişdir ki, 2019-cu ildə keçmiş Helenendorf (indiki Göygöl) şəhərinin 200 illik yubileyi yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunacaqdır.

Almaniya-Azərbaycan iqtisadi və texnoloji əməkdaşlığı sahələrində əldə olunan uğurlardan söz açan diplomat ölkəsinin MDB məkanında Moskvadan sonra ikinci ticarət palatasının məhz Bakıda təsis olunmasını mühüm hadisə kimi qiymətləndirmişdir. O, Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə alman şirkətlərinin sayının  ildən-ilə artdığını vurğulamışdır.

Almaniya ilə Azərbaycan arasında siyasi sahədə uğurlu əməkdaşlığa toxunan almaniyalı diplomat hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparıldığını və bu məsləhətləşmələr çərçivəsində aktual məsələlərin müzakirə olunduğunu bildirmişdir.

Gələcək planlarından danışan səfir  bir il müddətində Harvard Universitetində tədqiqat işləri aparacağını da qeyd etmişdir. H.Kvelle tədqiqat işlərini başa vurduqdan sonra Almaniya Federal Xarici İşlər Nazirliyi tərəfindən hər hansı bir ölkəyə səfir göndərilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Azərbaycanda olduğu illəri daim xatırlayacağını söyləyən təcrübəli diplomat sonda demişdir: "Həyatımın üç ilini Azərbaycan kimi gözəl və maraqlı ölkədə keçirməyimdən qürur duyuram".

Sonra səfir jurnalistlərin suallarını cavablandırmışdır.

 

Azərbaycan.-2013.- 7 iyun.- S.6.