Azərbaycanı həqiqi müstəqilliyə
qovuşduran rəhbər
Tarixə öz möhürünü vurmuş böyük şəxsiyyətlər həmişə cəlbedici, mütərəqqi ideyaları ilə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşlar. Xalqların milli maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən belə ideyalar eyni zamanda onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir.
Bu gün istisnasız olaraq bu həqiqət aksiom kimi qəbul olunur ki, müstəqil Azərbaycanın son 20 ildə sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev ölkəmizin keçmiş ittifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və buna nail olmuşdur. Sovetlər Birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev vətənpərvər fəaliyyəti ilə həm də xalqımızda tarixi keçmişimizə, milli adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialla milli müstəqilliyimizə əsaslı zəmin formalaşdırmışdır.
Məhz Heydər Əliyev dühasının qətiyyəti hesabına ali məktəblərdə bilik yeganə meyar kimi qorunmuş, bir sıra nüfuzlu ixtisaslara qəbul zamanı yol verilən nöqsanların qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizə aparmışdır. Həmin illərdə yaranmış demokratik və şəffaf mühitin nəticəsi olaraq 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq imkanı qazanmış yüzlərlə gəncdən biri kimi ulu öndərin bu addımını daim böyük rəğbətlə xatırlayıram.
Ulu öndər Heydər Əliyev 1981-ci ildə "Literaturnaya qazetaya" verdiyi "Qoy ədalət zəfər çalsın!" başlıqlı müsahibəsində bu prinsipial qərarı belə izah edirdi: "Ali məktəblərin işinə Kommunist Partiyası MK-nın fəal surətdə qarışması ona görə vacib idi ki, professor-müəllim heyəti arasında rüşvətxorluq, qohumbazlıq geniş yayılmışdı. ...Biz bu cür hərəkətləri məhdudlaşdırmalı olduq. İnzibati orqanların işçilərinin övladlarını dövlət universitetinin hüquq fakültəsinə götürməyi isə tamamilə qadağan etdik".
Ötən əsrin 70-80-ci illərində formalaşmış möhkəm iqtisadi-siyasi, hüquqi, mədəni-intellektual zəmin üzərində 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi böhran və məhrumiyyətlərlə üzləşmiş, hüquqi, demokratik dövlətə qovuşmaq arzusunu reallaşdıra bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. 1993-cü ilin iyun ayında Gəncədə törədilən qanunsuzluqlar və silahlı qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Belə böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi.
1993-cü il iyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat hakimiyyətinin təkidli istəyi ilə Bakıya qayıdan ulu öndər ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev dərhal bir qrup ziyalı ilə birgə Bakıdan Gəncəyə yola düşərək baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırmış, özünün müdrik və uzaqgörən addımları ilə silahlı qarşıdurmanın miqyasının genişlənməsinin qarşısını almışdır. Həmin il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də, 15 iyun Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqın qəlbində özünə möhkəm yer tapmışdır.
Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2013-cü il 21 yanvar tarixli sərəncamında göstərildiyi kimi, Azərbaycanın Milli Qurtuluşu məhz ulu öndərin adı ilə bağlıdır: "Azərbaycanın vətəndaş müharibəsi həddinə çatdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bilmişdir".
Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ulu öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmuşdur. 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmiş, əfv və amnistiya aktlarının geniş tətbiqinə başlanılmışdır. Ölkədə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuş, bu sahədə xüsusi dövlət proqramı hazırlanaraq həyata keçirilməsinə başlanılmış, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradılmışdır.
Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, məhkəmələr üzərində prokurorluq və ədliyyə orqanlarının nəzarəti ləğv olunmuş, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir.
2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qismi də məhz məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.
Daha bir mühüm yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.
Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı mütərəqqi hüquqi islahatlar prosesində keyfiyyətcə yeni mərhələnin başlanğıcı sayıla bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, habelə Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılaraq fəaliyyətə başlamışdır.
Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.
Dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı isə hakimlərin sayının 157 ştat artırılmasını nəzərdə tutmaqla, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etmişdir. Bu addımlar sonrakı illərdə də davam etdirilmiş, respublika üzrə hakimlərin sayı 2 dəfədən çox artırılaraq 600 nəfər müəyyən edilmişdir. Hakimlərin seçimi prosesi Hakimlərin Seçki Komitəsi tərəfindən test üsulu ilə - obyektiv, şəffaf və demokratik şəraitdə həyata keçirilmişdir. Son illərdə ümumilikdə 300-dən çox hakimliyə namizəd test üsulunda uğur qazanaraq bu vəzifəyə təyin olunmuşlar. Bu prosesin beynəlxalq norma və standartlara tam cavab verdiyi, ədalətli və şəffaf mexanizmlər əsasında reallaşdırıldığı Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmuş, Azərbaycan təcrübəsi digər ölkələrə örnək kimi göstərilmişdir.
Hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur. Bütün bunlarla yanaşı, ölkədə 20-dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayının 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvür formalaşdırır.
Son illər Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil etməyə başlamışdır. Adambaşına düşən milli gəlirin 6000 manata, dövlət büdcəsinin 25 milyard dollara, strateji valyuta ehtiyatlarımızın 47 milyard manata çatması ölkə iqtidarına liberallaşma və modernləşmə istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş maraqlarına xidmət edən məhkəmə-hüquq islahatlarını inamla davam etdirməyə imkan verir.
Möhtərəm
Prezidentin müvafiq sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında hüquqi
islahatlara geniş yer verilmiş, eyni zamanda respublikanın
yaxın perspektivdə orta inkişaf etmiş ölkədən
yüksək inkişaf etmiş ölkəyə çevrilməsi
qarşıya ali məqsəd kimi qoyulmuşdur. Əminik ki,
qarşıya qoyulmuş bu ali məqsədin uğurla
reallaşdırılması baxımından məhkəmə-hüquq
islahatları bundan sonra da dövlət rəhbərinin diqqət
mərkəzində olacaq, ədalət mühakiməsinin tam
obyektivliyi və səmərəliliyi təmin ediləcəkdir.
Tofiq MƏMMƏDOV,
Qəbələ
Rayon Məhkəməsinin hakimi
Azərbaycan.-2013.- 7 iyun.- S.7.