Qətiyyətin təntənəsi
Biz bütün çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.
Heydər ƏLİYEV
1993-cü
ilin mart ayı idi. Gəncə əhalisi narahat günlərini
yaşayırdı. Min əzab-əziyyətlə, neçə-neçə
şəhidin qanı bahasına azad edilmiş Ağdərə
başsızlıq və satqınlıq nəticəsində
yenidən hissə-hissə itirilirdi. Bu həmin vaxtlar idi ki,
Surət Hüseynov öz qoşununu və hərbi
texnikasını Ağdərədən çəkib Gəncəyə
gətirmişdi. Müdafiə naziri Rəhim Qazıyev isə
gəlib Surətin yanında oturmuşdu. Cəbhə bölgəsindəki
boşluq, iqtidarla Surət Hüseynov arasındakı
qarşıdurma insanlarda hədsiz çaşqınlıq
yaratmışdı.
Belə
narahat günlərin birində Bakıdan bir qrup vəzifəli
adam gəldi. Nazirlər Kabinetinin sədri Pənah Hüseynov,
baş prokuror İxtiyar Şirinov, milli təhlükəsizlik
nazirinin müavini Sülhəddin Əkbərov və
başqaları Gəncədə fəallar
yığıncağı çağırdılar. İcra
hakimiyyətinin başçısı Elxan Qədimov şəhərdəki
vəziyyət barəsində məlumat verdi. Bundan sonra
tribunaya qalxan Pənah Hüseynov:
- Biz
heç kimin nazı ilə oynamayacağıq, - dedi. - Surət
dövlətin qanunlarına tabe olmalıdır. Əks halda
onun qoşunu yerləşən hərbi hissə
dağıdılacaqdır.
Nazirlər
Kabineti sədrinin bu sözlərindən hiddətlənən
ağsaqqal Ağa Ağayev dedi ki, həmin ərazi mülki əhalinin
ən sıx yerləşdiyi yerdir. Orada qətiyyən silah
işlətmək olmaz!
Digər
ağsaqqallar və fəallar da bu fikri təsdiq elədilər.
Pənah
Hüseynov bu çıxışlarla əsla
razılaşmadı.
- Xalqa
izah edin, - dedi. - Surət qəhrəman yox, düşməndir.
Biz onu susdurmalıyıq.
Vəziyyətin
gərginliyini gördükdə daha dözə bilmədim:
- Siz niyə
razılaşmırsınız ki, ağsaqqallar Surət
Hüseynovla görüşsünlər? İcazə verin gedək
görək nə istəyir o. Dərdi nədir?
-
Ağsaqqal, biz onunla söhbətə, danışığa
çox cəhd etmişik, ancaq alınmayıb.
- Hamı
bilir ki, Rəhim Qazıyevlə Surət Hüseynov möhkəm
dostdurlar. Elə ona qəhrəman adını da Rəhim
verdirib. Onu tapın, danışıqlar aparın.
- Rəhim
Qazıyevi tapa bilmirik.
- Onda
yeganə bir yol qalır ki, Surət Hüseynovla
görüşək. Qardaş qırğını
başlasa, erməni yaddan çıxacaq.
Ciddi tərəddüddən
sonra nəhayət Pənah Hüseynov dilləndi:
- Nə
deyirəm. Gedirsiniz gedin. Amma inanmıram bir nəticəsi
olsun.
Altı nəfərdən
ibarət nümayəndə heyəti müəyyən edildi.
Mən, Kamal İbrahimov, Nazim Əsgərov, Sədi kişi,
Eldar Qarayev və Ağa Ağayev vaxt itirmədən yola
düşdük. Qrupa başçılıq etmək isə
mənə həvalə edildi.
Surətin
iqamətgahına daxil olduq. Heç yerdə
"tapılmayan" Rəhim Qazıyev Surətin yanında
idi.
- Bəs
deyirlər Rəhim yoxdur. Haradaydınız?
- Şəkidə
idim, elə indicə gəlmişəm.
Gəlişimizin
məqsədi Surət Hüseynova məlum olduğundan o, əlinin
altındakı xəritəni göstərib dedi:
- Məni
qoymurlar döyüşməyə.
- Necə
qoymurlar? Sən canlı qüvvəni və texnikanı cəbhə
bölgəsindən çəkib yığmısan şəhərə.
Surət
etiraz elədi:
- Düz
deyil. Mən xarab texnikanı gətirmişəm. Qoşunum
oradadır.
- İndi
biz kimə inanaq? Siz bu cür deyirsiniz, onlar isə başqa
cür. Rəvadırmı erməni ilə vuruşmaq əvəzinə
özümüzlə döyüşək?!
Surət
Hüseynov daha dinmədi. Söhbəti çox məntiqsiz
bir şəkildə Rəhim Qazıyev davam etdirdi. Mən onun
saxta sözlərinə inanmadım.
- Rəhim,
siz deyirdiniz ki, Şuşa ermənilərin əlinə
keçsə, başıma bir güllə vuracam. Bəs
Şuşa gedib, o gülləni niyə vurmadınız?
- Ay
ağsaqqal, mən kimin uğrunda güllə
vurmalıydım - Elçibəyinmi, İsa Qəmbərinmi,
Etibarınmı, İsgəndər Həmidovunmu?
Bir qədər
susandan sonra əlavə elədi:
- Gedin əhalini
iqtidarın əleyhinə qaldırın. Başa salın ki,
hakimiyyətdə ağıllı adam yoxdur.
Belə
adamla söhbətin artıq olduğunu yəqin edib, son və
axırıncı sözümü dedim:
- Ölkəni
qardaş qırğınına aparmayın. Əlinizdəki
silahı ümumi düşmənə qarşı çevirin!
Bayaqdan
sakitcə qulaq asan Surət Hüseynov qəfildən dilləndi:
-
Döyüşdə bizim 200-dən artıq adamımız
qırılıb. Özü də bunların yarısına
güllə arxadan dəyib. Bunları araşdırmaqdan
ötrü mən getdim Əbülfəz Elçibəyin
yanına. İsgəndər Həmidovla
görüşdüm. Hiss etdim ki, mənə qarşı nəsə
hazırlayırlar. Özgə bir maşına minib
Bakıdakı evimə qayıtdım. Gördüm ki, evimin
dörd yanı adamla doludur. Qıraqdan evə zəng vurdum.
Tanımadığım bir adam götürdü. Dedi ki, Surət
burada idi, onu tutub apardılar. Məni başqası ilə
qarışıq salmışdılar. Elə həmin dəqiqə
gizli yollarla Bakıdan çıxdım və birbaşa gəldim
öz hərbi hissəmə. İndi mən onlardan əl
çəkəsi deyiləm.
Açığını
deyim ki, bu sözləri eşitdikdə heyrətləndim, millətin,
xalqın və torpağın taleyinin kimlərin əlində
olduğuna ürəkdən heyifsiləndim. Axı bu, dövlət
adamının danışığı deyildi. Nə etməli?
Madam ki, gəlmişik, mən ağsaqqal sözümü deməyi
özümə borc bildim:
- Sizə
yaraşmaz ki, vətənin bu dar günündə bu cür hərəkət
edəsiniz. Torpaq, millət əldən gedir. Siz isə bir-birinizlə
vuruşursunuz.
Söhbət
nə az, nə çox - düz altı saat çəkdi. Qərargahdan
çıxıb Milli Təhlükəsizlik Nazirliyinin şəhərdəki
şöbəsinə getdik. Bakıdan gələn nümayəndələrin
əksəriyyəti orada idi. Danışıqlar barədə
öz təəssüratımızı bildirdik. Pənah
Hüseynov təcili olaraq Bakı ilə telefon əlaqəsi
yaratdı. Birinci olaraq Əbülfəz Elçibəyi
axtardı. Amma tapa bilmədi. Hara zəng vurdusa, Elçibəyi
"gördüm" deyən olmadı. Axırda qısa və
konkret cavab verdilər:
-
Elçibəy istirahət edir.
Ağsaqqallar
heyrət içində dönüb bir-birinə baxdılar.
Elə bu
vaxt Rəhim Qazıyev içəri daxil oldu. Pənah
Hüseynov onunla görüşmək üçün
ayağa qalxdı, ona tərəf əl uzatdı. Rəhim,
bir növ, uşaq kimi küsülü timsalında keçib
bir tərəfdə oturdu və papiros qutusunu əlində
fırlatmağa başladı. Qeyzli, qərəzli
söz-söhbət başladı. O dəqiqə sözləri
çəpləşdi. Təhqir, söyüş
başlananda sakitcə otaqdan çıxdıq.
Məsələ
açıq qaldı. Şəhər səksəkədə,
insanlar narahat idi. Bir neçə gündən sonra Bakıdan
xalq yazıçısı, rəhmətlik İsmayıl
Şıxlı və uzun müddət Gəncədə rəhbər
işdə çalışmış Tofiq Bağırov gəldi.
Onlar Surət Hüseynovla uzun-uzadı söhbətlər
apardılar. Nəhayət, İsgəndər Həmidovu Gəncəyə
dəvət edib, onu qərargaha apardılar. Beləliklə,
onları barışdırdılar.
Surət
Hüseynovla iqtidar arasında davam edən söz döyüşü
1993-cü il iyunun 4-də silahlı toqquşma ilə nəticələndi:
Gəncəyə güclü, qüvvətli ordu yeridildi. Əsl
faciə baş verdi, qardaş qardaşa silah çevirdi, qan
töküldü.
Səhər
saat 6-da açılan atəş səsləri minlərlə
insanı səksəndirdi, qədim diyarı təlatümə
gətirdi. Dəhşətli vəziyyət yarandı, əhali
arasında çaşqınlıq artdı. Adamlar hara gəldi
qaçaraq özlərinə daldalanacaq axtarırdılar.
709
saylı hərbi hissənin yerləşdiyi sahəyə
yaxın düşmək olmurdu. Hər tərəf
döyüş meydanına bənzəyirdi. Qardaş
qırğını gedirdi. Əlində ağ bayraq
qırğının qarşısını almaq
üçün cəsarətlə irəli çıxan
batalyon komandiri Mehman Ələkbərov on səkkiz güllə
yarası almışdı. Kərəm Hümbətov, Mehman
Cəfərov, Firdovsi Qənbərov, Elçin Əsədov və
başqaları bu müdhiş olayın qurbanı oldular.
İqtidar isə hadisələri sahmanlamaq, qan-qadanı
yatırtmaq əvəzinə odun üzərinə neft
tökür, qarşı-qarşıya duran qüvvələri
daha da qızışdırır, öz səriştəsiz
hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirirdi.
Görüşlər,
danışıqlar, təkliflər, təkidlər bir səmərə
vermirdi. Xalqın bu ağır günündə ölkəmizin
səmasında Heydər Əliyev qəfil günəş
kimi parladı. Ulu öndər onda hələ
Naxçıvanda işləyirdi. Hadisələrin səhərisi
günü, yəni iyunun 5-də məhz Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvanın
deputatları çox tutarlı, çox obyektiv bəyanat
verdilər. "Əziz həmvətənlərimiz!.. Baş
vermiş hadisə Azərbaycanın hər yerində
olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə
qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə
edilən qəsd, yenicə titrək addımlarını atan
Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab
edirik.
...Belə
bir ağır şəraitdə biz, Naxçıvan MR xalq
deputatları seçicilərimizin fikirlərini ifadə edərək
Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə
xalqı özünün seçdiyi prezidentin ətrafında
sıx birləşməyə çağırırıq!
Prezidentdən
isə uzun müddət xalqın qanını sorub milyonlar
qazananlara, rüşvətxorlara, bürokratlara, dövlətçiliyimiz
əleyhinə çıxanlara, açıq və gizli millət
xainlərinə qarşı qəti və sərt tədbirlər
görməsini xahiş edirik... Qardaş gülləsindən
həlak olan qardaş və bacılarımızın ailə
üzvlərinə dərin hüznlə
başsağlığı verərək dərdlərinə
şərik oluruq".
Ulu
öndər Heydər Əliyevin bu bəyanatından,
qayğı və qətiyyətindən ruhlanan gəncəlilər
ümumşəhər mitinqi keçirərək
hamını ayıq-sayıq olmağa
çağırdılar.
Xalqın
təkidli tələbi ilə həmin ərəfədə
Heydər Əliyev Bakıya gəldi. Ona respublikanın ali orqanlarından birinə rəhbərlik
etmək tövsiyə olunurdu. Ulu öndər isə
özünəməxsus müdrikliklə hərəkət
etdi. İyunun 13-də dahi şəxsiyyət heç nəyə
baxmadan həyatını təhlükə altına ataraq Gəncəyə
gəldi. Vəziyyətlə ətraflı tanış oldu.
Şəhər sakinləri ilə, əsgərlərlə, hərbi
qulluqçularla görüşüb söhbət etdi. Hadisələri
yerli-yataqlı araşdırdı. Ondan sonra - yəni iyunun
15-də Milli Məclisin növbəti
iclasında Gəncə hadisələri barədə öz qəti
sözünü dedi: "Hadisələr dəhşətlidir,
qan tökülüb, cinayət edilib. Bunlar
araşdırılmalıdır və bütün qanunu
pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti
təşkil edənlər kimliyindən asılı olmayaraq
qanun qarşısında məsuliyyət
daşımalıdır".
Ümummilli
lider Heydər Əliyevin bu cür dərin məzmunlu, məntiqli
çıxışı Gəncə
hadisələrinə tam aydınlıq gətirdi. Ulu öndər
toplu-tüfəngli, silahlı-sursatlı iki əks tərəfin
qarşısına sözlə, məntiqlə, ağlın,
zəkanın qüdrəti ilə çıxdı. Və bu
məntiqlə, məharətlə əldə silah
üz-üzə duran tərəfləri tədricən tərk-silah
etdi. Beləliklə, meydanlarda vətən
və xalq adından bar-bar bağıran AXC-Müsavat
başbilənləri başıpozuq halda siyasət
meydanından sivişib getməyə məcbur oldular.
Polad
iradəli Heydər Əliyevin sərkərdə səriştəsi
və komandan qətiyyəti ölkəmizi parçalanıb
məhv olmaqdan biryolluq xilas etdi. 4 iyun hadisələri
qurtuluşa gedən yolun başlanğıcı idi.
Musa MUSAYEV,
müharibə və əmək veteran
Gəncə
Azərbaycan.-2013.- 7 iyun.- S.8.