Qazax əldən gedirdi...
Tez-tez xəbər alırlar, necə oldu ki, ölkədə sabitliyin yaranmağa başladığı bir dövrdə - 1995-ci ilin mart ayında belə açıq-aşkar şəkildə dövlət çevrilişinə cəhd edilmişdi? İndi aradan aylar, illər keçəndən sonra çox mətləblər açılır, kimin kim olduğu aydın bilinir. Ulu öndər Heydər Əliyevin misilsiz el məhəbbəti, dərin zəkası, polad iradəsi, sərkərdə qüdrəti bir daha tam aydınlığı ilə bəlli olur.
Doxsanıncı illərin burulğanında hər yerdə həyatın ahəngi pozulmuşdu. AXC-Müsavat cütlüyünün iqtidarı dövründən qalma səriştəsiz kadrlar, qaydasız "qayda-qanun" ölkə həyatını iflic etmişdi. Xüsusən mərkəzdən kənarda yerləşən Qazax-Ağstafa bölgəsində daha çox hərc-mərclik hökm sürürdü. Rüşvət, talan, qaçaqmalçılıq kütləvi hal almışdı. Sərhəddə 3-5 litrlik qablarda aparılan yanacaq müsadirə olunur, 15-20 tonluq maşınlarda və vaqon çənlərində isə benzin, ağ neft sərbəst keçirdi. Qonşu ölkələrə məhsul ötürülməsinin xüsusi sxemi yaranmışdı. Yanacaq dolu 30-40 maşınlıq karvan hazır olan kimi havaya 3 güllə atılır, xəlvəti yolda duran "mühafizəçilər" onlara səxavətlə yol açırdılar.
Bəs gömrüyün pulu necə yığılırdı? Bu həmin dövr idi ki, Prezident Aparatında keçirilən müşavirələrdən birində gömrük komitəsinin sədri deyirdi ki, "gələndən də alırıq, gedəndən də...". Bütün bunlar ən müxtəlif qüvvələrin gözləri qarşısında baş verirdi. Ona görə də az-çox imkanı, ixtiyarı olanlar rüşvətxorluğa qurşanmışdılar.
Həmin
dövrdə şəxsi marağını dövlət mənafeyindən
üstün tutan gömrük sistemi haqqında "Azərbaycan"
qəzetində "Harınlaşmış təşkilat"
adlı geniş bir yazı dərc olundu. Canlı
müşahidələrin, çoxlu faktların təhlili ilə
hərc-mərcliyin mənzərəsi açılıb
göstərilirdi. "Bulanlıq sularda deyirlər balıqlar
sərbəst üzürlər".
Belə bir şəraitdə hər cür
başıpozuqlara, naşükürlərə, nadanlara,
mafioz qruplarına, o cümlədən imkanlı, ixtiyari
"OMON"çulara öz bəd əməllərini həyata
keçirilmələri üçün geniş meydan
açılmışdı.
"OMON"
yolunu azmışdı
Qazaxda Xüsusi Təyinatlı Polis Dəstəsi erməni qəsbkarlarının işğalçı hücumlarının qarşısının alınması üçün saxlanılırdı. Bir qədər uğurlu fəaliyyət göstərəndən sonra onlar yollarını azdılar. Dəstənin üzvləri verilən külli ixtiyardan sərbəst istifadə edir, yerli hökumətə, xalqımızın və dövlətçiliyimizin qanunlarına tabe olmadan mafioz qruplarla birləşərək vətəndaşları incidir, xoşları gəlməyənlə haqq-hesab "çürüdür", günahsız adamları istədikləri kimi cəzalandırır, hətta ən ağır cinayətlər etməkdən belə çəkinmirdilər.
Sərbəstlik o həddə çatmışdı ki, Məzəm kəndində yerləşən qərargahda xüsusi bir damda ayı da saxlayırdılar. Onların dedikləri kimi, "hərəkət etməyənləri" bu ayı ilə əlbəyaxa "döyüşə" çıxarırdılar. İmkanlı adamlardan, öncə isə Gürcüstana gedib-gələn iş adamlarından, maşın karvanlarından haqq alırdılar. Bölgədən benzin, dizel yanacağı və digər qadağan olunmuş malların qonşu ölkəyə keçirilməsinə rəhbərlik edirdilər. Asan yolla pul qazanmaq, reketçilik, günahı oldu-olmadı xoşlarına gəlməyənlərin başına güllə çaxmaq, sözünün qabağına söz deyəni qəddarlıqla incitmək, idarə və müəssisə rəhbərlərindən haqq almaq, "şapka" yığmaq adi işə çevrilmişdi. Onların həddini aşan özbaşınalığına kimsənin "gözün üstə qaşım var" deyə bilməməsi bu quldurları axırda yerli hakimiyyəti ələ almaq, Azərbaycan dövlətçiliyini devirmək və xalqa xəyanət etmək, ona silah qaldırmaq dərəcəsinə gətirib çıxarmışdı.
Qazax "OMON"çularının başçısı Elçin Əmiraslanov onunla hesablaşmayanlarla haqq-hesab çürütmək məqsədilə açıq-aşkar şəkildə dəstəni ayağa qaldıraraq silaha sarılmışdı. Dəstənin üzvləri hələ martın 9-da şəhərin idarəetmə orqanlarına soxularaq mühüm əhəmiyyətli dövlət işi ilə bağlı əməliyyat apardıqlarını bildirdilər. Onların bəzi kəm əqidəli, dar düşüncəli tərəfdarları da bu işlərdə əldən-ayaqdan gedirdilər. Əksəriyyəti özlərini təkəbbürlü aparan, ipə-sapa yatmayan mənsəbpərəst, əda və iddiaları yerə-göyə sığmayan adamlar idi. Qazax iflic olmuşdu. Qorxu və çaşqınlıq silahsız, müdafiəsiz insanları sözün tam mənasında sarsıtmışdı. Hökumət orqanlarının çoxu işləmirdi. Ölkənin qərb qapısı əldən gedirdi. Qazağın təhsil işçisi Əhməd Dərgahquliyev deyir ki, onda mən Aslanbəyli kənd məktəbinin direktoru idim. Söz-söhbət hamını sarsıtmışdı. Vəziyyətdən xəbər tutmaq üçün bir neçə müəllimlə rayon təhsil şöbəsinə gedirdim. Qazağın girəcəyində iri dəmir beton hissələri düzülmüş, yol tamam kəsilmişdi. Bir təhər keçmək istəyəndə əli avtomatlı maskalılar kobud şəkildə "olmaz" dedilər. Nə etmək olardı? Eşitdik ki, həmin günlərdə icra başçısı vəhşicəsinə döyülərək qovulub. Kor-peşman geri qayıtdıq. İşıqlar kəsilmiş, telefon işləmirdi. Sanki sahibsiz bir adada qalmışdıq.
İdarəetmə və hüquq-mühafizə orqanlarına meydan oxuyan Elçin Əmiraslanov və onun əlaltıları özlərini tam ixtiyar sahibi kimi aparırdılar. Rayonun polis, poçt-teleqraf şöbələrini və digər hakimiyyət qurumlarını tutduqdan sonra bir neçə BMP və tankla silahlanmış quldur dəstəsi martın 12-də və 13-nə keçən gecə Ağstafaya doğru hücuma keçdi. Gözlərini qan örtmüş "OMON"çular rayon polis şöbəsini atəşə tutdular. Bir nəfər yerli polis işçisi öldürüldü, bir neçə mülki adam yaralandı. Öz uğurlarına qürrələnən "OMON"çular Tovuz rayonu səmtindəki "Cavanşir" restoranında qərargah yaratdılar. Xam xəyalları çox idi. Oradan yeni qüvvə ilə Gəncəyə tərəf irəliləməklə yolüstü rayonlarda öz hakimiyyətlərini quraraq Bakıya doğru hərəkət etmək niyyətində idilər.
Vəziyyət son dərəcə gərgin idi. Ölüm-dirim
söhbəti gedir, torpağın taleyi həll olunurdu.
Tale böyük xilaskarı yetirdi
Prezident Heydər Əliyev Danimarkadan yenicə
qayıtmışdı. Elə həmin gün, yəni martın
15-də ulu öndər televiziya və radio ilə xalqa
müraciət edərək hadisələrə
aydınlıq gətirdi. Onun dərin məzmunlu,
aydın və əhatəli çıxışı ürəkləri
riqqətə gətirdi. Xalqımız bir
daha tam yəqinliklə bildi ki, hakimiyyət
sükanının arxasında müdrik və qətiyyətli
rəhbər dayanır. Dövlət
başçısı dedi ki, "martın 12-dən 13-nə
keçən gecə mən Bakıya saat 1-də gəldim. Gecə saat 4-də heç yatmamışdım, gələndən
sonra bir neçə işlə məşğul idim. Pakistana getməyə hazırlaşırdım.
Saat 4-də mənə telefonla zəng etdilər
ki, Xüsusi Təyinatlı Polis Dəstəsi Qazaxda və
Ağstafada icra hakimiyyəti orqanlarını zəbt edib,
Ağstafada döyüş gedib, qan tökülüb. Bu işlə məşğul olmağa
başladım. Aydınlaşdırdıq
ki, bəli, onlar Qazax rayon polis idarəsini tamamilə zəbt
ediblər. Orada olan bütün
silahları ələ keçiriblər. Rayon
icra hakimiyyətini zəbt ediblər, icra hakimiyyəti
başçısını qovublar, gətirib oraya öz dəstələrini
qoyublar və heç kimi buraxmırlar. Rabitəni
ələ keçiriblər, rabitə yoxdur. Ağstafa rayonunda da vəziyyət belə idi".
Ulu
öndər sonra münaqişənin həlli yollarından
söz açdı: "Mən bu işlə səhərə
qədər məşğul oldum, məsələni sülh yolu ilə həll etmək
istədim. Daxili işlər nazirinin birinci
müavini Zahid Dünyamalıyevi, Müdafiə Nazirliyinin rəhbər
vəzifəli işçisi İsa Sadıqovu oraya göndərdik.
Rövşən Cavadovun özünə də
təklif edildi ki, oraya getsin - çünki bu adamların
hamısı onunla bağlıdır - danışıqlar
aparsın. Ancaq danışıqlar o yana qalsın, məlumat
verdilər ki, gəlib Ağstafa ilə Tovuz arasındakı
"Cavanşir" restoranı deyilən yeri zəbt ediblər,
oranı tamamilə ələ keçiriblər, postlar
qoyublar, heç kəsi buraxmırlar, hakimiyyəti devirirlər".
Bəlli olduğu kimi, Bakıda Xüsusi Təyinatlı
Polis Dəstəsinin yerləşdiyi 8-ci kilometr qəsəbəsində
də vəziyyət son dərəcə gərgin idi. Burada hadisələrə
birbaşa Rövşən Cavadov rəhbərlik edirdi. R.Cavadov Qazaxda "OMON"çularla
görüşən kimi özbaşına çıxıb
Bakıya- XTPD yanına getdi. Belə
düşünürdülər ki, Qazaxdan gələn
qüvvə ilə Bakıda görüşəcək və
genişmiqyaslı dövlət çevrilişi edəcəklər.
Ulu
öndər dedi ki, "Rövşən Cavadov Bakıya
qayıdandan sonra bizim nümayəndələr orada
üç dəfə danışıq aparıblar. Bu danışıqlar nədən ibarət
olmuşdur? Yaxşı, cinayət eləmisiniz,
bunu sonra aydın edərik. Silahları
qaytarın. Yerinizə qayıdın.
Sizin bazanız Qazaxdadır. Ancaq
nə yerlərinə qayıdırlar, nə də
silahları qaytarırlar. Nəhayət,
dünən axşam söz veriblər ki, səhər saat 9-da
bütün silahları qaytaracağıq. Bizimkilər də deyiblər ki, səhər saat 9-a
qədər dözürük. Amma gecə
yarısı onlar Tovuzdakı hərbi hissəyə hücum
ediblər. Şübhəsiz ki hərbi hissə
də cavab verib, döyüş başlanıb".
Qiyamçıların
son niyyətlərinə bələd olduqlarına görə
ətraf rayonların heç biri "OMON"çulara nəinki
rəğbət bəsləmir, sözün tam mənasında
onlara nifrət
edirdilər. O gərgin günlərdə xalq Prezident Heydər
Əliyevin mövqeyini müdafiə etməklə dövlətçiliyimizə
qarşı çıxanları və onların
havadarlarını susdurmaq üçün hər şeyə
hazır idi.
Sözün qüdrəti silahdan
güclü idi
YAP Ağstafa rayon təşkilatının
sədri Ramiz Tatarlı o zaman sovxoz direktoru işləyirdi.
Deyir ki, yerlərdə hamı bir nəfər
kimi ulu öndər Heydər Əliyevi dəstəkləyir,
ona ümid bəsləyirdi. Onun xalqa
müraciəti dillər əzbəri idi. Adamlar
çox yaxşı bilirdilər ki, elin yenilməz oğlu
Heydər Əliyev ölkəni bu bəladan xilas edəcəkdir.
Qazaxda, Ağstafada və Bakıda baş verən
iğtişaşlar zamanı Azərbaycanın bütün
sağlam qüvvələri həmişə bir mövqedən
- respublika Prezidenti Heydər Əliyevi və Azərbaycan
dövlətçiliyini müdafiə mövqeyində
çıxış edirdilər.
Xüsusən Qazax-Bakı yolunun üstündə mərdanə
dayanan hünərvər Şəmkir
alınmaz qalaya bənzəyirdi. Rayon icra hakimiyyətinin
o zamankı başçısı Aslan Aslanovun qətiyyətli
mövqeyi hadisələrə sağlam istiqamət verirdi.
O gərgin günlərdə dəfələrlə icra
başçısının Prezident Heydər Əliyevlə
telefon söhbətlərinin şahidi olmuşam. Cinayətkar dəstəsinin dəf olunması
üçün dövlət başçısının
tapşırığı ilə sağlam qüvvələr
yola salınırdı. Xarakterik haldır
ki, mart hadisələri zamanı Şəmkirdə mənzərəli
bir yerdə Koroğlu at belində, siyirmə qılınc əlində
igidləri düşmən üzərinə mübarizəyə
çağıran heykəli qoyulmuşdu. Bu, həm də
o deməkdir ki, müstəqil Azərbaycan dövlətinə
və dövlətçiliyinə əl qaldıranlar
Koroğlunun qılıncından keçə bilərlər...
Əsl sərkərdə qüdrətli Heydər Əliyevin
qətiyyətli səyi ilə qiyamın dəf olunması
üçün sistemli surətdə tədbirlər
görülürdü. Qərb bölgəsinə ezam olunmuş
hökumət rəhbərlərinin nümayəndələri
saatlarla danışıqlar apardılar. Dövlət
çevrilişinin qeyri-mümkünlüyü, onsuz da
gün-güzəranı o qədər də xoş olmayan bu
camaatı Novruz bayramı ərəfəsində vətəndaş
müharibəsinə sürükləməyin əbəs
olduğunu başa salmağa çalışdılar. Qardaş qanı tökülməməsi naminə
kompromis variantlar, məsləhətlər təklif olunurdu.
Hökumət nümayəndələri ilə aparılan beş saatlıq danışıqlar nəşəli,
xumarlı gözlərə, dumanlı başlara, qardaş
qanı ilə oynayan quldurlara təsir etmədi, onlar ipəsapa
yatmadılar. Dövləti devirmək - yeni hakimiyyət qurmaq,
Azərbaycanı parçalamaq niyyətlərini heç kimdən
gizlətmədilər... Qan tökməmək, sərhəd
bölgəsində təzə-təzə bərqərar olan
sabitliyi pozmamaq, məsələnin atəşsiz həlli
üçün onlara çox məsləhətlər, təkliflər
edildi... Gözləri qanla
örtülmüş qiyamçılar hökumətin tələblərinə,
təkliflərinə məhəl qoymayaraq yenidən Milli
Ordunun əsgərlərinə qarşı silah işlətdilər.
Quldurların atdığı mərmi
Qırlı kəndində bir evi darmadağın etdi, digəri
isə kəndin yaxınlığına düşdü,
xoşbəxtlikdən insan tələfatı olmadı.
Müstəqillik min bir sınaqdan
keçirdi
Qiyamçıların iç
üzü tamamilə açılmışdı. Daha dözmək olmazdı. Son
anda Milli Ordunun əsgərləri atəş açmalı
oldular. Bir neçə saatın içində dövlətin
gücünə tab gətirə bilməyən
"OMON"çuların qərargahı darmadağın
edildi. Bəziləri gizli yollarla Kür
çayından keçərək Gürcüstana, oradan da
hara gəldi qaçdılar. Hadisələr zamanı
120 nəfərdən çox cinayətkar qismində adam tutuldu. Təxminən on nəfərə
kimi başçıları isə qaçıb gizləndilər.
Tez-tez soruşurlar: "Qazax-Ağstafa hadisələri olmaya
bilərdimi?" Bəli, qiyamın
qarşısını vaxtında almaq mümkün idi. Çoxsaylı hüquq-mühafizə
qurumlarından və yerli hakimiyyət orqanlarından tutmuş
ən sadə zəhmət adamlarına kimi hamı neçə
ay idi ki, bu bəlanı duyur, görür, daha doğrusu, qarətçilərin
bəd əməllərindən əzab-əziyyət çəkirdi.
Lakin biri laqeyd dayanıb, digəri qorxusundan dinməyib,
başqa birisi, xüsüsən, belə hallara qarşı
bilavasitə mübarizə aparmağa borclu olan inzibati orqanlar
müəmmalı halda susub, onlardan bəziləri hətta təslimçi
mövqeyini tutaraq qiyamçılara tərəf meyilləniblər.
Dövrün ixtiyar sahibləri isə qiyamın gur
çağında ön hissədən, yəni Gəncə-Tovuz
səmtində çox qətiyyətli hərəkət
etdikləri halda, nədənsə, qiyamçıların
Gürcüstan istiqamətindəki arxa tərəfi bir
növ boş buraxılmış və nəticədə
"əsas adamlar" yaraqlı-yasaqlı,
köçlü-külfətli qaça bilmişdilər.
Həmin
günlərdə Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev Qazax, Ağstafa və Tovuz rayonlarında ictimayyətin
nümayəndələrinin, hüquq-mühafizə
orqanları işçilərinin, müharibə və əmək
veteranlarının, idarə və təsərrüfat rəhbərlərinin
geniş müşavirəsini keçirdi. Müşavirədə
bu hadisələrin fonundakı bir çox mətləblər
aydınlaşdı. Vəziyyətin
nizamlanması üçün müəyyən təşkilati
tədbirlər görüldü. Həmin müşavirə
zamanı cənab Ramiz Mehdiyevin dediyi müdrik sözləri bu
yerlərdə indi də ehtramla xatırlayırlar: "Həftələr,
aylar keçəcək, qiyamçıların iç
üzü tam açılacaq, onda hamı - hətta qeyri-ixtiyari
olaraq nankorların təsirinə düşənlər, indi tərəddüd
edənlər, sadəcə aldananlar da görəcəklər
ki, nə qədər ağır cinayətə yol verilib. Onda hamı tam aydınlığı ilə dərk
edəcək ki, respublika Prezidentinin cəsarəti, qətiyyəti
yenicə dirçəliş yoluna qədəm qoymuş
müstəqil ölkəmizi necə böyük bəladan
xilas edib. Heydər Əliyev kimi müdrik
bir şəxsiyyətlə zor gücünə
danışmaq olmaz, əsla olmaz!"
Həyat bu sözlərin reallığını dönə-dönə
təsdiq etdi.
Bir azdan "OMON"çuların Bakı
qiyamına da son qoyuldu. Ulu öndər Heydər
Əliyev silahlı qiyamçı dəstələrə
müdrik sözlə, real siyasətlə, vətənə,
xalqa məhəbbətlə üstün gəldi. Ümummilli liderin gücü, qüvvəti də məhz
elə bunda idi.
Ulu
öndər Heydər Əliyevin gərgin əməyi ilə
1993-cü il iyun, 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri
və digər xəyanət cəhdləri
qansız-qadasız həll edildi. Ölkədə tədricən
əmin-amanlıq yaranmağa başlandı.
İndi
Qazax o Qazax deyil
O vaxtdan illər keçir. Ulu öndər Heydər Əliyevin
və onun yolunu uğurla davam etdirən İlham Əliyevin
qayğısı və diqqəti ilə Qazax-Ağstafa
rayonları qərb bölgəsinin alınmaz qalasına
çevrilib. İqtisadiyat ilbəil yüksəlir. Məhsul
buraxılışı sürətlə artır, yeni-yeni
müəssisələr tikilir, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülür. Bölgənin
qədirbilən sakinləri o qanlı-qadalı illərdə
xalqı xilas edən ulu öndərə əməli işlərlə
dərin ehtiramlarını bildirirlər. Hər yerdə
olduğu kimi, burada da Heydər Əliyev mərkəzləri
yaradılıb. Ulu öndərin adına prospektlər və
xatirə parkları salınıb, abidələr
ucaldılıb. Ən əsası isə xalqımızın
ümummilli lideri Heydər Əliyevin müqəddəs
ideyalarına əbədi sədaqət hissi hamının həyat
amalına çevrilib.
Narahat, nigaran günlər tarixin arxivinə verildi. Qazax o Qazax
deyil. Qədim diyar qərb bölgəsinin qapısı
olaraq həmişə müstəqil dövlətçiliyimizin diqqət mərkəzindədir.
Dövlət başçısı İlham Əliyev bu yerlərə
səfəri zamanı demişdir: "Azərbaycanda Qazax
rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var. Bu
rayonun inkişafı əlbəttə ki, çox
böyük məna daşıyır. Bütün
rayonların inkişafı çox vacibdir. Amma
xüsusilə sərhəd bölgələrinin, paytaxtdan
uzaqda yerləşən rayonların inkişafına daha da
böyük diqqət göstərilir... Mən
çalışacağam ki, bundan sonra da Qazax rayonunun
inkişafı üçün səylərimi göstərim...
rayon daha da inkişaf etsin, gözəlləşsin".
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 7 iyun.- S.8.