Birinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri elan olunmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun birgə elan etdikləri birinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanmışdır.

Fonddan AzərTAc-a bildirmişlər ki, EİF beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir və birgə qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Bu baxımdan ötən illərdə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı ilə əməkdaşlıq uğurlu olmuşdur.

2012-ci il sentyabrın 28-də Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanmışdır. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 2012-ci ildə keçirilmiş yeddinci  iclasının protokoluna daxil edilmişdir.

Sazişə əsasən Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə imkan yaratmaq məqsədilə Elmin İnkişafı Fondu, tərəflər arasında razılaşdırılmış elmi prioritetlərə uyğun olaraq, birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan etmişdir.

Müsabiqənin keçirilməsi haqqında qərar 2012-ci il dekabrın  28-də internet səhifəsində və Kütləvi İnformasiya Vasitələrində elan olunmuşdur. Müsabiqə müddətində EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları təşkil etmiş, müraciətlərə cavab vermiş,  suallara aydınlıq gətirmişdir.

Müsabiqəyə daxil olmuş müştərək layihələr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmiş, daimi və müstəqil elmi ekspertlər tərəfindən bu layihələrin texniki və elmi ekspertizası təşkil edilmişdir. Eyni zamanda Belarus Respublikası Fundamental Tədqiqatlar Fonduna daxil olmuş layihələrin də ekspertizası təşkil olunmuşdur.

2013-cü il iyunun 6-da Elmin İnkişafı Fondu və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun birgə keçirdikləri  birinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanmış, müsabiqə üzrə yeddi fundamental-tətbiqi xarakterli layihə qalib elan edilmişdir. Bu müsabiqə üzrə Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmənin həcmi 490.000 manat nəzərdə tutulmuşdur. Fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə edən layihələr Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcəkdir.

Belarus tərəfdən birgə elmi-tədqiqat layihələrində Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları iştirak edəcəklər.

EİF-də müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç və səfirliyin əməkdaşları  iştirak etmişlər.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycan-Belarus əlaqələrinin dinamik inkişafından, iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən elm sahəsində  əməkdaşlığın genişlənməsindən və yeni dövrün tələblərinə uyğun  şəkildə qurulmasından danışmışdır.

Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda Belarus alimlərinin elmi nailiyyətlər sərgisinin və Fondun maliyyələşdirdiyi qrant layihələri üzrə birgə Azərbaycan-Belarus elmi konfransının  keçirilməsi təklif olunmuşdur. 

Səfir N.Patskeviç iki ölkə arasında siyasi, iqtisadi və humanitar münasibətlərin gündən-günə dərinləşdiyini qeyd etmişdir. Səfirlik tərəfindən Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlığın inkişafına hər cür köməyin göstəriləcəyi qeyd olunmuşdur.

Tədbirdə birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın genişləndirilməsi, onun perspektivləri və konkret sahələri müzakirə olunmuşdur.

Bildirilmişdir ki, Azərbaycan alimləri üçün tətbiqi xarakterli cihazlar - atmosfer tədqiqi üçün nəzərdə tutulmuş lidar sistemlər, ekoloji tədqiqatlar aparmağa imkan verən qamma-spektrometrlər, arxeoloji və tarixi nümunələri təmizləyən lazer qurğular və digər oxşar cihazlar daha çox maraq doğurur.

Birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsində böyük əhəmiyyəti qeyd olunmuşdur. 

Vurğulanmışdır ki, Elmin İnkişafı Fondu yaxın vaxtlarda Koreya Milli Tədqiqatlar Fondu, Rusiya Fundamental Tədqiqatlar Fondu, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, Almaniyanın Berlin Humboldt Universiteti, Ukrayna Milli Texniki Universiteti, Türkiyənin Erciyes Universiteti və digər qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.

 

Azərbaycan.-2013.- 7 iyun.- S.9.