Azərbaycanla həm dostluq,
həm tərəfdaşlıq etmək xoşdur
Tədbir
iştirakçılarının hamısı bu fikirdədir
Öz işini yekunlaşdırmaqda olan 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi köhnə dostlar, tərəfdaşlar üçün görüş yerinə, yeni iştirakçılar üçün isə maraqlı, faydalı tanışlıq vasitəsinə çevrildi.
Artıq
dörd gündür Bakıdakı "EXPO CENTER"də
işgüzar söhbətlər aparılır, əməkdaşlıq
imkanları müzakirə edilir. İstər dünya
şöhrətli şirkət və qruplar, istərsə də
sərgidə "debüt"ünü edən, lakin öz
gücünə və səriştəsinə inanan gənc
müəssisələr nəyə qadir olduqlarını
söyləyir, göstərirlər. Beləliklə, sərgi
yenə də əməkdaşlıq körpüsü,
dünya neft-qaz sənayesindəki nailiyyətləri yayan məlumat
mənbəyi olaraq qalır.
Lakin bu tədbir yaranmış ənənələrinə sadiq olmaqla yanaşı, hər dəfə yeniliklərə də imza atır. Bu il də belədir. Müsahibimiz olan sərgi iştirakçıları onun tarixindən və bugünündən, dünyada həyata keçirilən qlobal neft-qaz hasilatı və nəqli, kəmər çəkilişi, emal, satış və digər layihələrə müsbət təsirindən söhbət açdılar.
1994-cü ildən üzü bəri bütün sərgilərin iştirakçısı olan BP tədbiri məzmunlu və faydalı etmək üçün bu dəfə daha bir yol tapıb. Şirkət ənənəyə çevrilməkdə olan "Alıcı ilə tanış ol" sərgisini də neft və qaz, neftayırma və neft kimyası sərgisinin pavilyonuna "gətirib".
BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bu barədə belə dedi:
- BP Azərbaycanda böyük neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin nəqli layihələrinin operatoru kimi həyata keçirilən işlərə həmişə yerli şirkətlərin yaxından cəlb olunmasına çalışır. "Alıcı ilə tanış ol" tədbiri də yerli şirkətlərə imkan verir ki, öz məhsullarını və xidmətlərini potensial alıcılara təqdim etsinlər. Beləliklə, neft-qaz sərgisinin keçirildiyi bu günlərdə onlar təchizat prosesində fəal iştirak edən aparıcı beynəlxalq və yerli şirkətlərlə görüşürlər. Biz tədbirdə iştirak etməyə və öz gələcək təchizatçıları ilə görüşməyə təxminən 400 potensial alıcı dəvət etmişik. Bu, faktiki olaraq yeni təcrübədir və ilk dəfədir ki, BP özünün təchizat-tədarük işlərinə başlamazdan əvvəl yerli müəssisələri dəstəkləyərək onların şirkətin tələblərinə cavab verəcək şəkildə inkişaf etdirilməsinə imkan yaradır. Tədbirin məhz neft-qaz sərgisinin keçirildiyi günlərdə təşkil edilməsi isə mümkün qədər daha çox beynəlxalq və yerli şirkəti bir-biri ilə tanışlığa cəlb etməkdir.
Bu səyin nəticəsidir ki, BP-nin bir çox qlobal layihələrin yerinə yetirilməsi üçün elan olunmuş tenderlərində qalib gələn dünya şöhrətli podratçıları sırasında yerli "Azfen" də var. Səngəçal və Supsa terminallarının, Qərb İxrac Boru Kəmərinin, Xəzərin Azərbaycan sektorundakı platformaların və neçə-neçə digər nəhəng obyektin adı gələndə "Azfen" yada düşür. Başqa sözlə, bu mühəndislik, tikinti, quraşdırma, emalat şirkətinin Azərbaycanın yeni neft strategiyasında öz dəst-xətti var. "Azfen" neft-qaz sərgisinin də daimi iştirakçılarındandır. Şirkətin inzibati işlər müdiri Şəhla Kərimova məhz bu barədə danışdı:
- "Azfen" ARDNŞ ilə Türkiyənin aparıcı podratçısı olan "Tekfen"in təsis etdikləri birgə müəssisədir. O, Azərbaycanın inşaat bazarına uğurla uyğunlaşa bilib və burada 17 ildir müxtəlif həcmli layihələrə imza atır. Müəssisənin peşəkar və ixtisaslı kadrları sifarişçilərin daim dəyişən tələblərini yüksək səviyyədə ödəməyə çalışırlar. İşçi qüvvəmiz adətən iş yükündən asılı olur. İndiyə qədər layihələrə subpodratçılarımız da daxil olmaqla 10 min nəfərə qədər işçi cəlb etmişik. Onların hamısı səmərəli təlim proqramları keçib. Bizim Türkiyənin "Tekfen", Böyük Britaniyanın AMEC, İtaliyanın "Saypem" şirkətləri, neçə-neçə digər xarici və yerli müəssisə ilə alyans quraraq işləmək təcrübəmiz var. "Azfen" daim öz səriştəsini artırır, yeni tenderlərdə çıxış etməyə, partnyorlar tapmağa, obyektlər tikməyə can atır. Hər il neft-qaz sərgisinə böyük həvəslə gəlməyimiz də bu istəkdən yaranır. Sərginin pavilyonları "Azfen" üçün gələcək planların cızıldığı, işgüzar söhbətlərin aparıldığı, uğurlu başlanğıcların qoyulduğu məkandır.
Hər il sərgi pavilyonlarında onlarca Rusiya şirkəti də yer alır. Bu ölkədən olan iştirakçılar sırasında "LUKoyl", "RussNeft" kimi nəhənglərlə yanaşı ölkənin ayrı-ayrı şəhər və vilayətlərində fəaliyyət göstərən digər müəssisələr də var. Bunlar neft-mədən avadanlığı, sahə üçün çoxçeşidli cihazlar buraxan müəssisələrdir. Bu il də həmin sıraya yeni iştirakçılar qoşulub. Onlardan biri "Uralelektrotyajmaş"dır. Müəssisənin satış üzrə meneceri Yevgeni Smaxtin sərgiyə gəlməkdə məqsəd və məramlarını açıqladı:
- Zavodumuz 1934-cü ildən Yekaterinburq şəhərində fəaliyyət göstərir. Yüksək gərginlikli cihazlar, güc transformatorları istehsal edirik. Sovet dönəmində zavodun Azərbaycanla sıx istehsalat əlaqələri olub. Sonralar məlum səbəblərdən əlaqələr kəsilib. Biz çoxdandır əməkdaşlığı bərpa etmək istəyirik. Təxminən 5 il əvvəl Azərbaycandan bir sifariş də aldıq və onu yerinə yetirdik. Lakin sifarişlər davamlı olmadı. Ona görə də bir-birimizi yaxından tanımaq üçün Xəzər neft-qaz sərgisinin imkanlarından istifadə etməyi qərara aldıq. Qısası, biz daimi, etibarlı partnyorlar axtarır, davamlı əməkdaşlıq qurmaq istəyirik. Şübhəsiz ki, sərgiyə gəlməkdə yanılmamışıq. Məhsullarımızla artıq bir neçə yerli şirkət maraqlanıb. Şəhərinizin müsbət aurası da ümid və xoş duyğular oyadır. Fikrimizcə, bunun başlıca səbəbi insanların istiqanlı olmasıdır.
Sərgi
günlərində həmsöhbət olduğumuz bir
çox xarici iştirakçılar da belə söylədilər.
Azərbaycanla həm dostluq, həm də tərəfdaşlıq
etməyin xoş olduğunu dedilər.
Flora SADIQLI
Azərbaycan.-2013.- 7 iyun.- S.11.