Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Şairlər Günü qeyd edilmişdir

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Şairlər Gününə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirin böyük şair Mikayıl Müşfiqin doğum günündə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Natiq ölkəmizdə Nizami, Sabir, Vurğun poeziya günlərinin keçirildiyini xatırladaraq, bu günün Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsində böyük rol oynayacağını bildirmişdir.

Azərbaycan Gənc Şairlər Birliyinin (AGŞB) sədri Xəyal Rza unudulmaz şairimiz M.Müşfiqin xatirəsinə həsr edilmiş bu tədbirin ölkəmizdə artıq 3 ildir ki, keçirildiyinibuilki mərasimin məhz şairin 105 illik yubileyinə təsadüf etdiyini söyləmişdir.

Bildirilmişdir ki, Azərbaycan Şairlər Günündə həmişə olduğu kimi, bu dəfə də ölkəmizin, habelə dünyanın 7 ölkəsindən, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, UkraynaRusiyadan elm, incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar iştirak edirlər.

Tədbirdə ölkəmizin və qardaş xalqlar ədəbiyyatının təmsilçiləri olan şairlər həyat, dünyayainsana məhəbbət hissindən yaranmış şeirlərini oxumuşlar.

Mərasimdə xarici ölkələri təmsil edən şairlərə AGŞB-nin "Mikayıl Müşfiq" diplomu və böyük şairin "Xalq Bank"ın dəstəyi ilə nəfis tərtibatla dərc olunmuş "Seçilmiş əsərləri" hədiyyə edilmişdir. Bir neçə azərbaycanlı qələm sahibinə də mükafat verilmişdir. Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.- 7 iyun.- S.11.