Tərtər gəncləri fəallıqları ilə seçilirlər

 

İnkişafının yeni mərhələsini yaşayan Tərtər rayonu abadlığı, təmizliyi, yaşıllığı ilə göz oxşayır. Hansı səmtə üz tutursan, qarşında əlvan rəngli bahar tablosu canlanır. Elə bil yaz günlərində bu cənnətmisal bölgəyə yağış əvəzinə  gül-çiçək yağıb. Dağla aranın qovuşduğu bu məkan elə yaranışından gözəl olub. Ana təbiətin səxavəti, bu yurdu canından artıq sevən oğulların odlu ürəyi, qayğıkeş əlləriylə bu gözəlliyə hər gün yeni  naxışlar vurulur.

Tərtərin təbiəti gözəl olduğu kimi, övladları da cəsur, hünərvər və əməksevərdir. Qarabağ savaşında ər oğullar itirən, çox sayda şəhid verən Tərtər rayonu düşmənə bir qarış torpaq da güzəştə getməyib. Əksinə, ermənilər uzun illərdən bəri istifadə etdikləri əzəli Azərbaycan torpağı olan bir neçə  yaşayış məntəqəsindən qovulub. Hələ bitməyən Qarabağ savaşında tərtərli gənclər sözün həqiqi mənasında əsl qəhrəmanlıq nümunəsi göstəriblər. İndi də Tərtər gəncləri vətənin keşiyində ayıq-sayıq dayanmaqla yanaşı, bu gün əmək cəbhəsində hünər göstərir, siyasi həyatda fəal iştirak edirlər. Ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən dövlət gənclər siyasətinin uğurları Tərtər gənclərinin fəal həyat mövqeyində özünü daha qabarıq şəkildə göstərir. İstər müqəddəs vətən torpaqlarının  müdafiəsində, istərsə də ana yurdun abadlaşdırılmasında, ölkə iqtisadiyyatının gündən-günə möhkəmləndirilməsi uğrunda vüsət alan mübarizədə Tərtər gənclərinin örnək olan nümunəsi göz önündədir. Azərbaycan gəncliyinin ən böyük hamisi olan respublika Prezidenti İlham Əliyev də tərtərli gənclərin yenilməz iradəsinə, xalqımızın  ümummilli lideri Heydər Əliyevin siyasi kursuna olan sarsılmaz sədaqətlərinə, əmək və siyasi fəallıqlarına böyük dəyər verir. Dövlət başçısının bölgə gənclərinə xüsusi qayğı və diqqətinin ifadəsi hər kəsin görüb qiymətləndirdiyi gerçəklikdir. Bu isti münasibətin göstəricisidir ki, respublika Prezidenti İlham Əliyev keçən il oktyabrın 7-də bölgəyə səfəri zamanı Tərtər Gənclər Mərkəzinin açılışında iştirak etdi. Rayon gənclərinin asudə vaxtlarını səmərəli keçirmələri, öz intellektual səviyyələrini artırmaları, hərbi-vətənpərvərlik ruhunda tərbiyə almaları üçün mərkəzdə yaradılan şəraitlə tanış oldu, burada bölgə gənclərinin  iştirakı ilə keçirilən müsavirədə proqram xarakterli çıxış etdi, gənclərə dəyərli tapşırıq və tövsiyələrini verdi.

Mərkəzdə ulu öndər Heydər Əliyevin  mənalı ömür yolunun müxtəlif məqamlarını əks etdirən fotoguşə, gənclər kafesi, diskoteka, virtual rinq, xarici dil otaqları, tir atıcılığı zalı, fotostudiya, 50 və 114 yerlik iclas zalları yaradılmışdır. Burada rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsini öyrənməsi, eləcə də öz bilik və bacarıqlarını artırmaları, xarici dillərə yiyələnmələri üçün geniş imkanlar açılmışdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ictimai-siyasi həyatda gənclərin fəal iştirakı barədə fikirlərini bizimlə bölüşür:

- Tərtər gəncləri siyasi fəallıqları, əzmkarlıqları ilə ölkədə seçilirlər. Respublika Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasi xəttə uyğun olaraq rayonumuzda gənclərə böyük etimad göstərilir. Gənclər isə, öz növbəsində, idarəetmədə, siyasətdə, təsərrüfat işlərində, elmdə, təhsildə, səhiyyədə, müxtəlif xidmət sahələrində əzmkarlıqla çalışırlar. Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı 5158 nəfər siyasi həmfikri birləşdirir. İndi rayonda Yeni Azərbaycan Partiyasına üzv olanların 1268 nəfəri gənclərdir. Bu, kifayət qədər böyük qüvvədir. Onların gücü  ilə dağı dağ üstə qoymaq olar. Ötən ay "Ulu öndər Heydər Əliyev gənclərin himayədarıdır" mövzusunda keçirilən gənclərin  ümumrayon toplantısında bu gücün qüdrətli və yenilməz olduğu bir daha parlaq şəkildə nümayiş etdirildi. Bu gün tərtərli gənclər respublika Prezidenti İlham Əliyevin ətrafında sıx cərgələrlə birləşərək dövlət başçısının müdrik daxili və xarici siyasətini birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir əmri ilə Tərtər gəncləri silaha sarılıb düşməndən qisas almağa hazırdırlar.

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər rayonunda gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir. Rayonda bu məsələyə dövlət gənclər siyasətinin mühüm tərkib hissəsi kimi baxırlar. Ümumtəhsil məktəblərində vaxtaşırı keçirilən "Cəsurlar" və "Şahin" hərbi idman yarışlarında tərtərli yeniyetmələr həmişə qaliblər sırasında yer alırlar. Qarabağ müharibəsi veteranları ilə orta məktəb şagirdlərinin xüsusi qrafik əsasında keçirilən görüşləri artıq bir ənənəyə çevrilmişdir. Məktəblərdə fəaliyyət göstərən hərbi kabinetlərin işi də müasir tələblər səviyyəsinə qaldırılmışdır. Bu hərbi kabinetlər uşaqların silahla elementar davranış qaydalarına yiyələnməsində, bütövlükdə ibtidai hərbi hazırlıq keçməsində mühüm rol oynayır.

Əhatə olunduqları hərtərəfli qayğı və diqqətdən ruhlanan rayon gəncləri doğma yurdun abadlaşdırılması uğrunda vüsət alan mübarizənin ön cərgəsindədirlər. Tərtər-Bərdə istiqamətində yeni və müasir formalı giriş qapısının quraşdırılması davam etdirilir. Heydər Əliyev prospektində Bayraq meydanının 650 metr genişləndirilməsi işində gənclər xüsusi fəallıq göstərirlər. Abadlıq, tikinti-quruculuq işlərinin  miqyası kifayət qədər böyükdür. Rayon mədəniyyət evində yüksək zövqlə əsaslı təmir işləri görülür. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində 6 mərtəbəli, 54 mənzilli yaşayış evinin, Tərtər Qaz İstismarı Sahəsi üçün inzibati binanın tikintisi davam etdirilir. Mərkəzi rayon xəstəxanasının, Təcili tibbi yardım şöbəsinin binasında əsaslı təmir işləri, yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpusun və 220 şagird yerlik Qapanlı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi başa çatdırılmışdır. Heydər Əliyev prospektində 1500 metr məsafədə divarlar yeni formada aqlay, yaraşıqlı mədən daşları ilə üzlənmişdir. Şəhərin prospekt və küçələrində Türkiyədən gətirilmiş  230 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır.

Rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit, bölgənin ictimai-siyasi həyatında gənclərin fəal vətəndaş mövqeyindən iştirakı qazanılan uğurların əsas təminatçısıdır. Babaların qəhrəmanlıq ənənəsini şərəflə yaşadan tərtərli gənclərin bu gün ən böyük arzusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan  torpaqlarımızı azad etməkdir. Həvəslə tikib-quran, gerçək gözəllik yaradan, istehsal etdiyi bol kənd təsərrüfatı məhsulları ilə ölkədə ərzaq təhlükəsizliyinin təminatına sanballı töhfələr verən vətənpərvər gənclər hər an işğal altında olan torpaqları azad etmək üçün silaha sarılmağa, düşməndən layiqli qisas almağa hazırdırlar.

 

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 7 iyun.- S.10.