Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr genişlənir

 

İyunun 7-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fəaliyyət müddətinin başa çatması münasibətilə Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobia ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir onun diplomatik fəaliyyəti dövründə respublikamızın Avropa İttifaqı və bu mötəbər beynəlxalq quruma daxil olan dövlətlərlə əməkdaşlığının daha da genişləndiyini qeyd etmiş, bu işdə R.Kobianın rolunu xüsusi vurğulamışdır.

Daxili işlər naziri ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində köklü demokratikhüquqi islahatların həyata keçirildiyini, dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşməsi prosesinin uğurla davam etdiyini bildirmişdir.

Ölkəmizin Avropa strukturlarına uğurla inteqrasiya etdiyini xatırladan Ramil Usubov Daxili İşlər Nazirliyinin digər hüquq-mühafizə orqanları ilə birlikdə respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması  məqsədilə BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini və həmin əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq sənədlərin imzalandığını diqqətə çatdırmışdır. Daxili işlər naziri səfirin nəzərinə onu da çatdırmışdır ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativobyektiv şəkildə araşdırılır, nəticələri müzakirə olunurmüvafiq tədbirlər görülür. Təkcə son  5 ildə və cari ilin ötən dövrü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş  cəzalandırılmış, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunmuş, 100 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 19 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Roland Kobia ətraflı məlumata görə minnətdarlığını bildirmiş, diplomatik fəaliyyəti dövründə bir sıra ölkələrdə olduğunu, respublikamızda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd etmiş, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.-2013.- 8 iyun.- S.6.