Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının
sədri Şamaxıda vətəndaşları qəbul
etmişdir
Prezident
İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin bölgələrdə vətəndaşların
qəbulu ilə əlaqədar verdiyi tapşırıqlara
müvafiq olaraq Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə
iyunun 7-də Şamaxı şəhərində vətəndaşları
qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, Heydər Əliyev Mərkəzində
keçirilən qəbulda TQDK-nın sədri
Şamaxıdan, habelə Qobustan və İsmayıllı
rayonlarından olan vətəndaşların müraciət və təkliflərini dinləmişdir.
Komitə sədri Məleykə Abbaszadə bir sıra müraciətləri yerindəcə həll etmiş, bəzi məsələlərin araşdırılaraq mümkün variantlarının tapılması üçün lazımi tədbirlərin görüləcəyini və bu barədə vətəndaşlara ətraflı məlumat veriləcəyini bildirmişdir.
Qəbul zamanı aparılan müzakirələrdə TQDK-nın sədri ana dilinin daha mükəmməl öyrədilməsinin, xüsusilə riyazi biliklərin müasirləşdirilməsinin, bunun üçün proqramların sadələşdirilməsinin və istiqamətinin dəyişdirilməsinin zəruriliyini qeyd etmişdir. Bunun məktəblilərdə informasiya texnologiyalarının asanlıqla mənimsənilməsi üçün vacib olduğu diqqətə çatdırılmışdır.
Vətəndaşlar
qəbula və habelə sərbəst fikir mübadiləsi
üçün yaradılan şəraitə görə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2013.- 8 iyun.- S.8.