Kaliforniya senatorları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişlər

 

ABŞ-ın Kaliforniya Ştatı Senatının bir sıra üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmiş və bu münasibətlə xalqımıza öz təbriklərini çatdırmışlar.

Qəbul edilən 739 saylı qətnamədə Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğu, heç bir ayrı-seçkilik olmadan hamının səsvermə hüququnu, eləcə də ABŞ-dan da əvvəl qadınların kişilərlə bərabər siyasi hüquqlarını tanıdığı bildirilir. Həmçinin Azərbaycanın müstəqilliyinin o dövrün aparıcı demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. ABŞ Prezidenti Vudrou Vilsonun 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən xoş təəssüratlarla ayrılması xüsusilə vurğulanır.

Ştatın senatorları strateji əhəmiyyət daşıyan Xəzər bölgəsində yerləşən Azərbaycanı ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edirlər. Onlar dövlət müstəqilliyinin bərpasından ötən 22 ilə yaxın müddət ərzində Azərbaycanın öz suverenliyini, müstəqilliyini daha da möhkəmləndirdiyini və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini qeyd edirlər. Bundan əlavə, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın verdiyi töhfələr xüsusi olaraq vurğulanır. Həmçinin Əfqanıstanda Azərbaycanın və ABŞ-ın əsgər və zabitlərinin çiyin-çiyinə xidmət etdikləri diqqətə çatdırılır.

Qətnamənin sonunda Azərbaycanın Kaliforniya ştatı ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və ölkəmizin 2006-cı ildən etibarən bu ştatda baş konsulluq ilə təmsil olunduğu qeyd edilir.

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.8.