Ermənistan tərəfindən işğal edilmiş daha bir Azərbaycan şəhəri
Macarıstan şəhəri ilə
qardaşlaşmışdır
Macar və Azərbaycan xalqları arasında qardaşlıq bağları iyunun 6-da daha bir tarixi qərar ilə möhkəmlənmişdir. Azərbaycanın Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıxovun rəhbərlik etdiyi nümayəndə heyəti Tissavaraşarvari şəhəri meriyasının dəvəti ilə bu şəhərə səfər etmişdir. Nizami Sadıxov və Macarıstan şəhərinin meri Erik Fyulop səfər zamanı Ağdam ilə Tissavaşarvari şəhərlərinin qardaşlaşması barədə sənəd imzalamışlar.
Xatırladaq ki, Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 21-ci ildönümündə Şuşa və Cöncöş şəhərlərinin qardaşlaşmasına dair memorandum imzalanmışdır. Sənədi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Cöncöş meri Laslo Faraqo imzalamışlar.
Beləliklə, Macarıstan bütün dünyaya bəyan edir ki, Azərbaycanın işğal edilmiş rayonlarının ərazisində legitim hakimiyyətin yeganə nümayəndələri kimi yalnız Azərbaycan dövlətinin rəhbərinin təyin etdiyi şəxsləri, Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun ərazisində fəaliyyət göstərən yeganə hüquqi qüvvə kimi Azərbaycan Respublikasının Konstitusiyasını tanıyır.
Gördüyümüz kimi, daşnakların həmişə zəruri olması barədə danışdıqları "dağlıq qarabağ respublikasının" beynəlxalq aləmdə tanınması "tam sürətlə" gedir.
Şübhə yoxdur ki, bu xəbər işğalçıları daha da məyus edəcəkdir. Macarıstanın erməni icması Şuşa və Cöncöşün qardaşlaşması xəbərindən sonra Yerevandan isteriyanı şişirtmək və Macarıstan tərəfinə təzyiq göstərməyə başlamaq komandası almışdır. Lakin macarıstanlı həmkarlar ləyaqətlə hərəkət edərək, ermənilərin imzalanmış sənədlərin qanuniliyini şübhə altına alan bütün cəhdlərini qətiyyətlə rədd etmişlər. Məsələn, erməni "elçilərinin" Macarıstan tərəfinə Şuşanın "əsl" merini təqdim etmək təklifinə cavabında bildirilmişdir ki, Macarıstan qanuni hakimiyyətin istənilən nümayəndələri ilə iş görməyə hazırdır, amma ermənilər Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ərazisində işğal edilmiş heç olmazsa bir şəhərin azərbaycanlı merini gətirə bilərlərmi?! Güman edirik ki, ermənilər onları nokauta salan belə cavabdan sonra hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.
Ağdamın
iyunun 6-da Macarıstan şəhərləri ilə
qardaşlaşmış işğal edilmiş Azərbaycan
şəhərləri siyahısına qoşulması Azərbaycanın
Qarabağ üzərində suverenliyinin qardaş macar
xalqı tərəfindən
tanınmasının növbəti təsdiqi
olmuşdur.
Pərvanə QARAYEVA,
AzərTAc -ın xüsusi
müxbiri
Tissavaşarvari
Azərbaycan.-2013.- 8 iyun.- S.9.