Beynəlxalq Akkreditasiya
Gününə həsr olunmuş seminar keçirilmişdir
İyunun 7-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Dövlət Akkreditasiya Xidmətinin təşkilatçılığı ilə Beynəlxalq Akkreditasiya Gününə həsr olunmuş seminar keçirilmişdir.
SMPDK yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Ramin Babayev bu günün tarixi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, məqsəd akkreditasiyanın əhəmiyyətini, onun dünya iqtisadiyyatının inkişafında, keyfiyyətin idarə olunmasında, keyfiyyət infrastrukturunun formalaşmasındakı rolunu ictimaiyyətə çatdırmaqdır.
R.Babayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın mühüm rolu olduğunu qeyd etmişdir.
Məlumat verilmişdir ki, Dövlət Akkreditasiya Xidmətinin yaradılmasından keçən 1 il ərzində beynəlxalq standartların tələbləri əsasında 13 məhsul və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən orqan akkreditasiya edilmişdir. Son bir ildə ölkədə 10 idarəetmə sistemi, 3 personalın sertifikatlaşdırılmasını həyata keçirən orqan, 10 inspeksiya orqanı, o cümlədən 163 sınaq və 18 kalibrləmə laboratoriyası akkreditasiya olunmuşdur.
R.Babayev vurğulamışdır ki, bu sahədə əldə edilən uğurlardan biri xidmətin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır.
Bu
müddət ərzində komitə akkreditasiya sahəsində
əməkdaşlıq üzrə İordaniya, Türkiyə,
Türkmənistan, Tacikistan və digər ölkələrdə
ikitərəfli sazişlər imzalamışdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin növbədənkənar yaz sessiyasında "Ölçmələrin vəhdəti haqqında" qanun layihəsinin qəbul ediləcəyinin gözlənildiyini demişdir. O bildirmişdir ki, standartlaşma xidmətinin yaxşılaşması sahəsində mühüm addımlar atılacaqdır. Komitə sədri məhsulun keyfiyyətini artırmaq üçün yüksək standartlara malik laboratoriyaların yaradılmasının zəruriliyini vurğulamışdır.
Milli
Məclisin deputatları Sabir Rüstəmxanlı və Zahid
Oruc isə ekoloji standartların
yaxşılaşdırılması, geni modifikasiya olunmuş
məhsulların istehsalı ilə mübarizə istiqamətində
daha geniş işlərin görülməli olduğunu
bildirmişlər.
Tədbirdə
akkreditasiya sahəsində səmərəli fəaliyyətinə
görə Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına
fəxri fərman təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.9.