Miloş Zeman Azərbaycan
barədə Karel Şvartsenberqin
sözlərini pisləmişdir
Çexiya Televiziyasının yaydığı məlumata görə, Çexiya Prezidenti Miloş Zeman Azərbaycanın guya "sanballı ailə diktaturası" tərəfindən idarə olunmasını bəyan etmiş xarici işlər naziri Karel Şvartsenberqin sözlərini pisləmişdir.
Rus dilində çıxan "Prajski ekspres" nəşrinin yazdığına görə, Bakı guya "ifrat diplomatik tədbirlərə" əl atmağa, hətta Çexiyadakı səfirini geri çağırmağa, üstəlik, öz bazarlarını Çexiya firmaları üçün bağlamağa hazır idi.
"Prajski ekspres" yazır ki, Miloş Zeman iyunun 6-da Azərbaycan səfiri Tahir Tağızadə ilə görüşmüşdür. M.Zeman görüşdə son illər iki ölkə arasında ticarət balansının artmasını, 200 milyon kronadan 32 milyard kronaya çatmasını yüksək dəyərləndirmişdir. M.Zeman ilə T.Tağızadə münasibətlərin yaxşılaşmasının və münaqişənin "yoluna qoyulmasının" bütün imkanlarını müzakirə etmişlər. M.Zemanın K.Şvartsenberqin mövqeyini şəxsən Çexiya XİN-in başçısı ilə müzakirə edəcəyi istisna deyildir. Hər halda o, AzərTAc-a müsahibəsində belə demişdir.
"Prajski ekspres" vurğulayır ki, M.Zeman ilə K.Şvartsenberqin münasibətləri çox gərgindir. Miloş Zeman Çexiyanın sabiq prezidenti Vatslav Klausun xanımı Liviya Klausovanı Slovakiyaya səfir təyin etmək istəyir. Çexiyanın xarici işlər naziri buna qarşı çıxır. K.Şvartsenberq öz növbəsində Miloş Zemanın başqa ölkələrdə səfir vəzifələrinə onun namizədləri ilə razılaşacağı təqdirdə Rusiyada səfir vəzifəsinə Kommunist Partiyasından Avropa deputatı və Çexoslovakiyanın birinci kosmonavtı Vladimir Remekin namizədliyini bəyənməyə hazırdır.
Çexiya XİN-in başçısı hiyləyə əl atıb səfir vəzifələrinə öz namizədlərini müvəqqəti işlər vəkilləri təyin etdikdən (bunun üçün Prezidentin imzası tələb olunmur) sonra Prezident M.Zeman münaqişəni birbaşa Baş nazir Peter Neças ilə həll etmək niyyətindədir.
Daha əvvəl P.Neças bildirmişdir ki, "səfirlərlə bağlı münaqişəyə" müdaxilə etmək niyyətində deyildir. K.Şvartsenberq öz növbəsində söz vermişdir ki, əgər bu, baş verərsə, onun "TOP 09" partiyası koalisiyanı tərk edəcəkdir.
Çexiya
Prezidenti ilə xarici işlər naziri arasında
münaqişənin necə nəticələnəcəyi
yaxın günlərdə məlum
olacaqdır.
Pərvanə
QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Praqa
Azərbaycan.-2013.- 8 iyun.- S.11.