Bəli, məhz İLHAM ƏLİYEV!

 

Çünki...

 

 

 

Həyatının həlledici məqamlarında insan seçim etməli olur!

Adətən belə seçim onun xəyalında qurduğu, gələcəkdə reallaşdırmağa çalışdığı istəklərinin gerçəkləşdirilməsinə xidmət edir!

Vaxtaşırı aşağıdan başlayan seçim isə yuxarıyadək uzanır...

 

 

Geyinəcəyi pal-paltarı...

Oxuyacağı ali məktəbi...

İşləyəcəyi yeri...

Ömrü boyu birlikdə olmaq istədiyi yarı tayını...

Yaşayacağı mənzili...

Məzuniyyətini keçirmək istədiyi ölkəni və yeri... və s. və i.a.

 

BÜTÜN BUNLAR FƏRDİ SEÇİMLƏRDİR!

 

Fərdi seçimdə insanlar arzularının, şəxsi rahatlıqlarının və məişətdəki ehtiyaclarının dolğun ödənilməsi imkanlarını əsas tuturlar.

BİR DƏ İNSANLARIN İCTİMAİ SEÇİMLƏRİ OLUR!

Bu seçimi minlər, yüz minlər və milyonlar edir!

Bəzən çalışdığın şirkətin başçısının, üzvü olduğun siyasi partiyanın liderinin, parlamentdə yaşadığın ərazini təmsil edəcək deputatın seçkisində iştirak etməli olursan.

BELƏ SEÇİMLƏRDƏ İSƏ FƏRDİ MARAQLA İCTİMAİ MARAQ BİRLƏŞİR!

Ən böyük, ən çətin və ən məsuliyyətli seçki isə demokratik cəmiyyətlərdə müəyyən olunmuş müddətdə dövlətə başçılıq edəcək rəhbərin seçilməsidir!

BUNA ALİ SEÇİM DESƏK, YƏQİN Kİ, YANILMARIQ!

Ali seçimin məsuliyyəti isə daha böyük və ağırdır!

Adətən belə seçimdə insanları səhv etməkdən qoruyan və seçiminin dəqiqliyinə, doğruluğuna və obyektivliyinə imkan yaradan məqamlar da olur!

Söhbət hansı məqamlardan gedir?

Əgər seçiləcək insan sənin, ailənin, millətinin, xalqının və dövlətinin inkişafını, cəmiyyətdəki sabitliyi və təhlükəsizliyi, müstəqilliyinin əbədiyaşarlığını təmin edən siyasi kursun təmsilçisidirsə;

Əgər səs verəcəyin insan dəfələrlə etimadı doğrultmaqla həmin vəzifəyə layiq olduğunu dönə-dönə sübut edibsə;

Əgər onun dövlət başçısı kimi gördükləri işlərin davamlılığını istəyirsənsə;

Əgər yaşadığın ölkənin daxili firavanlığının və beynəlxalq nüfuzunun durmadan yüksəlməsini həmin insanın fəaliyyətində görürsənsə;

Ən nəhayət, əgər sınadığına və yoxladığına yenidən etimad göstərirsənsə, deməli, seçimin doğrudur, nə məsuliyyətdən qorxmalısan, nə də uğursuzluq ehtimalından!

Əslində təcrübə və məntiq də belə tələb edir:

Əgər özünün, ailənin və xalqının bugününü, sabahını, bütövlükdə gələcəyini etibar edəcəyin, sınaqlardan uğurla çıxmış namizəd varsa, düşünməyə yer qalmır!

 

 

 

TƏRƏDDÜD ETMƏDƏN SINADIĞINA VƏ YOXLADIĞINA SƏS VERMƏLİSƏN!

 

 

 

İlham Əliyev müstəqil Azərbaycana on illik rəhbərliyi dövründə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olduğunu sübuta yetirib!

İlham Əliyev Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olub!

İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın ən güclü, müasir və modern dövlətinə çevirib!

İlham Əliyev ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edib!

İlham Əliyevin iradəsi nəticəsində Azərbaycanın bütün bölgələrinə fasiləsiz elektrik enerjisinin verilməsi, yol infrastrukturunun yaradılması, əhalinin içməli su ilə təchizatı qaydaya salınıb, ölkənin başdan-başa qazlaşdırılması, kənd yollarının təmiri və yenilənməsi, rayon mərkəzlərində kanalizasiya şəbəkəsinin qurulması isə sürətlə davam etməkdədir!

İlham Əliyevin göstərişi və tövsiyələri əsasında hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müstəqil dövlətimizin uzunmüddətli, dayanıqlı və tarazlı inkişafını bundan sonra da təmin edəcəkdir!

 

Cənubi Qafqazın ən böyük siyasi partiyası, öz sıralarında 600 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası V qurultayını keçirdi. 2013-cü ilin prezident seçkiləri ilinə təsadüf edən bu qurultayda YAP yekdillik və mütəşəkkilliklə prezidentliyə namizədini irəli sürdü!

 

 

 

BU, HAMININ GÖZLƏDİYİ VƏ İSTƏDİYİ NAMİZƏD - CƏNAB İLHAM ƏLİYEV OLDU!

 

 

 

Əslində bu seçim bütövlükdə Azərbaycan xalqının seçimidir!

 

İndiyədək ölkədəki ən nüfuzlu və kütləvi təşkilatların - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, respublika Ağsaqqallar Şurasının, Qızıl Aypara Cəmiyyətinin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun (ASAİF), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ali məclislərində irəli sürdükləri namizəd də məhz İlham Əliyev olmuşdur!

"Azərbaycan" qəzeti olaraq ilin əvvəlindən bəri ölkə paytaxtı və bölgələrdə keçirdiyimiz 14 "dəyirmi masa"nın iştirakçıları təmsil etdikləri qurum və təşkilatların adından danışarkən artıq seçimlərini etdiklərini və prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini qətiləşdirdiklərini söyləyirdilər!

Bütün bunlar həm də YAP-ın namizədinin xalqın namizədi olduğunun sübutudur!

 

NİYƏ MƏHZ İLHAM ƏLİYEV? - sualının cavabı isə qısa və konkretdir:

 

BƏLİ, MƏHZ İLHAM ƏLİYEV!

 

Bu cavabın açılması isə lap qısa şəkildə belədir:

 

ÇÜNKİ...

 

 İLHAM ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYİ DÖVRÜNDƏ İQTİSADİ SAHƏDƏ:

 

 

 

Əvvəlcədən vacib bir məqamı xüsusi vurğulayaq ki, iqtisadi sahədəki uğurlar "faiz"lərlə yox, "dəfə"lərlə ölçülür! Belə ki:

 

 

- Ölkə iqtisadiyyatı 3 dəfə yüksəlmişdir;

 

- Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur;

 

- Dövlət başçısının düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında hazırda dünyanın maraqla öyrəndiyi "İnkişafın Azərbaycan modeli" formalaşmışdır;

- İnkişaf etmiş ölkələr sırasına qoşulmaq hədəfə alınmışdır;

- İqtisadiyyatın diversifikasiyasına başlanılmış, bu sahədə nəzərəçarpacaq uğurlar qazanılmışdır;

 

- Azərbaycan investisiya qoyulan ölkədən xaricə investisiya yatıran dövlətə çevrilmişdir;

 

- Qeyri-neft sektorunda ÜDM istehsalı 2,4 dəfə artmışdır;

- Adambaşına düşən ÜDM istehsalının həcmi 2,7 dəfə artmışdır;

- Sənaye məhsulunun ümumi həcmi 2,6 dəfə artmışdır;

- Qeyri-neft sənayesinin artımı 1,8 dəfə təşkil etmişdir;

 

- Tikinti sektorunda artım tempi 3,8 dəfə olmuşdur;

- Ticarətdə artım tempi 2,9 dəfə təşkil etmişdir;

 

- Turistlərin yerləşdirilməsi və ictimai iaşədə artım 8,5 dəfədir;

- Nəqliyyatda bu rəqəm 2,4, rabitədə 7,4 dəfə təşkil etmişdir;

- Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 4 dəfə artmışdır;

 

- Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində isə artım 13,6 dəfə olmuşdur;

- Əsas kapitala qoyulan daxili investisiyaların həcmi 12,9, xarici investisiyaların həcmi 1,1 dəfə artmışdır;

- Kredit qoyuluşları 19 dəfə artmışdır;

- Dövlət büdcəsinin gəlirləri 14,2, xərcləri 13,9 dəfə çoxalmışdır;

- Pərakəndə əmtəə dövriyyəsi 2,8, o cümlədən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,3 dəfə artmışdır;

- İqtisadiyyatda işləyənlərin orta aylıq nominal əməkhaqqı 5,1, əhalinin gəlirlərinin nominal artım tempi 6,1 dəfə çoxalmışdır;

- Əhalinin əmanətlərinin nominal artım tempi 20,3 dəfə olmuşdur;

- Yoxsulluğun səviyyəsi 7,5, işsizliyin səviyyəsi 1,9 dəfə azalmışdır;

- Xarici ticarətdə ixrac 9,2, idxal isə 3,7 dəfə artmışdır.

- Strateji valyuta ehtiyatları 29,1 dəfə çoxalmışdır;

Azərbaycanın bütün bu uğurlarının təsdiqi və yekunu olaraq Dünya iqtisadi forumu sonuncu iclasını bu ilin aprel ayında Bakıda keçirmişdir!

 

 

 

SİYASİ SAHƏDƏ:

 

 

Bir zamanlar ulu öndər Heydər Əliyev deyirdi: "Bizim xarici siyasətimiz sanki nazik tükün üzəri ilə aparılır".

Azərbaycanın daxili və xarici siyasəti bu gün də eyni ustalıq, səriştəlilik, uzaqgörənlik və qətiyyətlə yeridilir. Uğurlarımızın göstəricisi isə ölkəmizin sürətli və davamlı inkişafı, gündən-günə güclənməsi və beynəlxalq nüfuzunun artmasıdır.

 

Artıq Azərbaycan Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrilmişdir!

 

Ən böyük uğurumuz, şübhəsiz, ötən il 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir;

 

Azərbaycanda demokratikləşmə prosesi uğurla davam edir, dövlət siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına qanun əsasında yardım göstərir;

 

Əhalinin 65 faizindən çoxu internet istifadəçisidir;

 

İlham Əliyev tərəfindən imzalanmış KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında yaradılan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mətbuata mütəmadi və müxtəlif formada maddi dəstək verilir;

İki mühüm transmilli layihə - Bakı-Tbilisi-Qars dəmiryol xətti və Avropaya təbii qaz ixracını reallaşdıracaq TANAP layihəsi İlham Əliyevin qətiyyətli və prinsipial siyasi qərarı ilə həyata vəsiqə qazandı;

Keçmiş SSRİ məkanında ən qısa müddətə və ən yüksək əmsalla əhalinin batmış əmanətləri dövlət vəsaiti hesabına əmanətçilərə qaytarıldı;

 

İnsan indeksinin inkişafına görə Azərbaycan dünya üzrə öncüllər sırasındadır;

 

Dövlət başçısı gənclərin yaxın dostu və hamisidir;

 

Neft kapitalı uğurla insan kapitalına çevrilir;

Sahibkarlığın inkişafına daim maddi və mənəvi dəstək verilir;

Orbitə peykini çıxaran Azərbaycan dünya kosmik klubunun üzvü oldu;

 

Azərbaycan Ordusu yeni texnologiyaya əsaslanan silahlara sahib olmaqla Cənubi Qafqazın ən güclü ordusuna çevrilib;

Ölkəmizdə müasir hərbi-sənaye kompleksi var və artıq xarici dövlətlərə silah satışına başlanılıb;

Ölkə tarazlı, öncədən hazırlanmış dövlət proqramları əsasında inkişaf etdirilir, regionlar heç də paytaxt Bakıdan geri qalmır;

Beynəlxalq qurumlar ölkəmizin kredit reytinqini durmadan artırırlar;

Azərbaycan rəqabətədavamlılığa görə dünyada 46-cı yerdədir;

Ən gözəl Bayraq meydanına və ən uca bayrağa malik olan Azərbaycan bu göstəriciyə görə Ginnesin rekordlar kitabına düşüb!

 

 

 

MƏDƏNİYYƏT SAHƏSİNDƏ:

 

 

 

Azərbaycan xalqı qədim mədəniyyətə, zəngin milli-mənəvi dəyərlərə malikdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu dəyərlərin ən alisidir. Cənab İlham Əliyevin bu sahədəki siyasəti də böyük uğurlarla yadda qalır. Artıq Novruz bayramı BMT səviyyəsində bütün dünyada qeyd olunur. Aşıq musiqimiz, muğam sənətimiz, tar ifaçılığımız, İçərişəhər və Qobustan milli memarlıq qoruğu UNESCO-nun maddi-mənəvi irs siyahısına salınmışdır.

 

 Azərbaycan dörd dəfə Avropanın "Avroviziya" mahnı müsabiqəsində iştirak etməklə onun qalibinə çevrildi, Bakıda ən möhtəşəm və yaddaqalan yarışma keçirməklə böyük nüfuz qazandı;

 

Əsrlər boyu sivilizasiyadan kənarda qalan Xınalıq kəndinə yol çəkildi, bu qədim yaşayış məskəninə il boyu avtomobil vasitəsilə gedib-gəlmək üçün şərait yaradıldı;

Azərbaycan dilinin inkişafına daim qayğı göstərilir, onun saflığının qorunması və geniş işlədilməsi üçün tədbirlər görülür;

İlham Əliyev verdiyi sərəncamla dünya və Azərbaycan klassik ədəbiyyatı nümunələrinin dövlət hesabına yenidən nəşrini və kitabxanalara paylanmasını təmin etdi, bu zəngin xəzinədən ölkə vətəndaşlarının dolğun bəhrələnməsinə imkan yaratdı;

İlham Əliyevin sərəncamı ilə Oğuzdan Bakıya böyük su kəməri çəkilərək ölkə paytaxtının içməli suya tələbatı fasiləsiz şəkildə ödənildi;

Azərbaycandakı bütün teatr binaları və konsert salonları, muzeylər və kitabxanalar müasir şəkildə təmir edilərək yeni həyatını yaşayır;

Ölkəmizin hər bir guşəsində parklar və xiyabanlar, ailəvi istirahət guşələri, uşaq meydançaları, gənclər mərkəzləri tikilərək xalqın istifadəsinə verilib;

Ölkədə sərbəst şəkildə çoxlu sayda özəl radio və televiziya kanalları, internet klubları, kabel televiziyaları fəaliyyət göstərir;

Azərbaycan beynəlxalq humanitar tədbirlərin keçirildiyi ən əlverişli və qonaqpərvər məkana çevrilib;

İndiyədək beş mindən çox gənc dövlət hesabına xarici ölkələrin tanınmış universitetlərində təhsil alıb;

Dünyaya tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanda son illərdə təkcə məscidlər deyil, bütün dindarların ibadət etmələri üçün kilsələr, sinaqoqlar və məbədlər tikilib.

 

 

 

İDMAN SAHƏSİNDƏ:

 

 

Dövlət başçısı cənab İlham Əliyev ilk dəfə rəhbərlik məharətini Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi nümayiş etdirdi. Bu vəzifəyə əvvəlki iqtidarlardan çox ağır "miras" qalmışdı: idman qurğuları və meydançaları sıradan çıxmış, idman zalları və stadionlar baxımsız qalaraq xaraba vəziyyətinə düşmüş, məşqçilər və idmançılar "bekar" qaldıqlarından başqa ölkələrə köçmüşdülər.

Azərbaycan olimpiya, dünya, Avropa və beynəlxalq yarışlara komanda, hətta bəzən bir neçə idmançı və məşqçi belə göndərmək üçün vəsait tapmırdı!

Respublikanın ən böyük idman arenası - Tofiq Bəhramov adına respublika stadionu işbazlara verilərək "tolkuçka"ya çevrilmişdi!

 

 

İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanda idman siyasətini dövlət siyasəti səviyyəsinə qaldırdı;

Dövlət başçısının səyi ilə indiyədək ölkə üzrə qırxadək müasir olimpiya idman kompleksi tikilərək istifadəyə verilib;

Azərbaycan idmançısı hər cür qayğı ilə əhatə olunub: müxtəlif ranqlı yarışlarda qalib gələnlərə və onların məşqçilərinə yüksək məbləğdə pul mükafatları, orden və medallar, mənzillər verilir, müntəzəm məşq etmələrinə və yarışlara getmələrinə hər cür şərait yaradılır;

Artıq Azərbaycanda Avropa, dünya səviyyəli yarışların keçirilməsi adi hala çevrilib! Elə ay yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman tədbiri, yarışma baş tutmasın;

İndi Azərbaycan idmançıları olimpiya oyunlarında ciddi rəqib sayılırlar! Yarışdan-yarışa qazanılan medalların sayı və əyarı da yüksəlir. Belə ki: XXVII Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc (Paralimpiya Oyunlarında isə 1 qızıl, 1 gümüş), XXVIII Yay Olimpiya Oyunlarında 1 qızıl, 4 bürünc (Paralimpiya Oyunlarında isə 1 qızıl, 4 bürünc), XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 2 gümüş və 4 bürünc (Paralimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc), XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 6 bürünc (Paralimpiya Oyunlarında isə 4 qızıl, 5 gümüş və 3 bürünc) medal qazanılmışdır;

 

2003-2013-cü illərdə Azərbaycan idmançıları olimpiya oyunları, dünya və Avropa çempionatları və digər beynəlxalq yarışlarda təxminən 4600 medal almışlar. Bunlardan 1650-si qızıl, 1250-si gümüş, 1700-ü bürüncdür!

Həmin dövrdə ölkəmizdə 300-dən çox beynəlxalq yarış keçirilmişdir!

Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə (MOK) prezident seçildikdən sonra Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda 5500-ə yaxın medal əldə etmişlər. Bunlardan təxminən 2000-i qızıl, 1500-ü gümüş, 2000-i isə bürüncdür;

 

Bu gün dünyanın tanınmış idmançıları Azərbaycan bayrağı altında yarışlara çıxmağı özlərinə şərəf bilirlər;

İlk dəfə keçiriləcək Avropa İdman Oyunlarının da ünvanı bəllidir: Azərbaycan, Bakı şəhəri!

 

 İLHAM ƏLİYEV HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ PREZİDENTİ OLDU:

 

 

Bunu cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi on ildə hər bir ölkə vətəndaşı yaxından hiss etdi.

Azərbaycan xalqı dövlət başçısı cənab İlham Əliyevi sözünün sahibi olan, dediyini edən insan kimi tanıyır. Prezidentliyinin müxtəlif dövrlərində bir çox problemləri həll edəcəyini xalqa vəd etmişdi. Vədləri daima şərəflə, həm də vaxtından da qabaq yerinə yetirdi! Bu həm də dövlət başçısının azərbaycanlılara məxsus zəngin mənəvi keyfiyyətlərindən xəbər verir.

İlham Əliyev Azərbaycanın ən ucqar kəndlərinə belə fasiləsiz elektrik enerjisi veriləcəyini söyləmişdi.

İndi hər bir kənddə daimi işıq vardır!

İlham Əliyev bütün bölgələrdə mavi qazın alovlanacağını bildirmişdi.

Artıq ölkə üzrə qazlaşdırma prosesi başa çatmaq üzrədir!

İlham Əliyev "Bir nəfər də olsun çadırda yaşayan məcburi köçkün qalmayacaq" demişdi.

Çadır şəhərcikləri çoxdan ləğv edilərək tarixin arxivinə verilib!

İlham Əliyev "Bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik" vədini verib.

Danışıqlar prosesindəki bütün gərginliklərə və çətinliklərə baxmayaraq daim sözünün üstündə durur!

İlham Əliyev Ali Baş Komandan kimi daim ordu ilə sıx təmasdadır, müntəzəm olaraq cəbhə bölgəsinə səfərlərə çıxır, əsgərlərlə döyüş səngərlərində görüşür, onlarla söhbətləşir, mükafatlandırır, əsgər yeməkxanasında bir süfrə arxasında əyləşərək nahar edir.

İlham Əliyev 50 illik yubileyini "ailə üzvləri hesab etdiyi" məcburi köçkünlərlə birlikdə yeni salınan qaçqın şəhərciyində qeyd etdi!

İlham Əliyev qaçqınların və məcburi köçkünlərin ən yaxın dostu və həmdəmi, arxalandıqları insandır. İndiyədək bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunmuşdur.

İlham Əliyevin tapşırıqları əsasında indiyədək 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 78 qəsəbə salınmış, 31 min ailənin (140 min nəfərədək qaçqın və məcburi köçkünün) mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılmışdır.

İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədinə fəaliyyətinin bütün dövrlərində və məqamlarında əməl edib, ölkədəki hər bir insanın dövlətin mövcud imkanlarından dolğun bəhrələnməsinə lazımi şərait yaradıb. Hətta hansı səbəbdənsə ölkədən kənarda olan vətəndaşlarının problemlərini də həll edib:

- Düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan gizir Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədləri yağı əlində qalmışdı. Uzun çalışmalardan sonra cənazələr vətənə gətirildi, böyük hörmət və ehtiramla dəfn edildi. Mübariz İbrahimov ölümündən sonra dövlət başçısının sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına, Fərid Əhmədov isə yüksək dövlət mükafatına layiq görüldü.

- Düşmən zabitinin nalayiq hərəkətlərinə dözməyən Ramil Səfərov onu Macarıstanda qətlə yetirərək həbs olunmuşdu. Məcburi köçkün ailəsi kimi Qarabağ müharibəsində əzizlərinin bir qismini itirən azərbaycanlı zabitə verilən cəza əmələ adekvat deyildi! Onun ekstradisiyasına nail olundu. Təyyarə limanında sərhədi keçən kimi cənab İlham Əliyev Ramil Səfərovu ömürlük həbs cəzasından azad etdi! Zabitimizin hərbi rütbəsi bərpa olundu, ona vəzifə və mənzil də verildi!

Üzü seçkiyə doğru gedən Azərbaycan xalqının "Niyə məhz İlham Əliyev" sualına yekdil cavabı məhz belədir:

 

 

 

BƏLİ, MƏHZ İLHAM ƏLİYEV! ÇÜNKİ...

 

 

- İlham Əliyev Azərbaycanda bütün siyasi qüvvələrin və partiyaların birmənalı şəkildə qəbul və etiraf etdikləri, ən çətin sınaqlardan mətanətlə və üzüağ çıxmış liderdir!

- Beynəlxalq və nüfuzlu qurumlar tərəfindən dəfələrlə keçirilən rəy sorğularında daim yüksək reytinqə sahib olduğu sübuta yetirilib!

- Bu sorğuların iştirakçıları Azərbaycan xalqının müxtəlif zümrələrinin təmsilçiləridir. Və həm də bütövlükdə xalqın rəyinin ifadəçiləridir!

 

 

Azərbaycan xalqı hələ 1993-cü ilin qanlı-qadalı iyun günlərində Heydər Əliyevin siyasi kursunu seçib! Bu kursun ən layiqli davamçısının İlham Əliyev olduğunu onun on illik prezidentliyi dövründə yəqinləşdirib və qətiləşdirib!

Növbəti dəfə də Heydər Əliyevin siyasi kursuna və İlham Əliyevin Azərbaycana rəhbərlik müddətinin uzadılmasına mütəşəkkilliklə səs verəcəyi şəksizdir!

ÇÜNKİ GÖRÜNƏN DAĞA BƏLƏDÇİ LAZIM OLMUR!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2013.- 9 iyun.- S.1,2.