Heydər Əliyev Fondunun
dəstəyi ilə Sarayevoda görmə
qabiliyyəti məhdud
olan uşaqlar və gənclər üçün mərkəz
açılmışdır
İyunun
8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə kor və zəif görən uşaqlar və gənclər
üçün mərkəzin yenidənqurmadan sonra
açılışı olmuşdur.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Bosniya və
Herseqovinanın dövlət rəsmiləri
açılış mərasimində iştirak etmişlər.
Xüsusi
qayğıya ehtiyacı olan uşaqların müdafiəsi hər
zaman Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.
Bu baxımdan getdikcə fəaliyyət dairəsini genişləndirən
fond digər ölkələrin problemlərinin həllinə
qayğı göstərir, xaricdə uşaqlarla bağlı
layihələr reallaşdırır. Bu dəfə Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif
görən uşaqlar və gənclər üçün mərkəz
əsaslı təmir edilmişdir. Bu mərkəz Bosniya və
Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin
biliklərə yiyələnmələri məqsədini
daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə
yaradılan mərkəz görmə qabiliyyətini itirən
uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət
göstərir.
Mərkəzin
direktoru Damir Ovçina Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevaya məlumat verdi ki, iki korpusdan ibarət
mərkəz müasir standartlara uyğun surətdə yenidən
qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə
həyata keçirməyə imkan yaradır.
Leyla
xanım Əliyeva mərkəzin əvvəlki
görüntülərini əks etdirən stendə baxdı.
Bildirildi ki, bina 1990-cı illərin əvvəlində bu
torpaqlarda gedən müharibə vaxtı ciddi zərər
görmüşdü. Qeyd edildi ki, mərkəzdəki
müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya müraciətindən
sonra layihəyə əlavə olunub və buna görə
Damir Ovçina onun təşəkkürlərini Azərbaycanın
birinci xanımına çatdırmağı xahiş etdi.
Üzgüçülük hovuzu da yüksək səviyyədə
qurulub. Burada uşaqların və gənclərin
reabilitasiyası üçün hər cür şərait
yaradılıb.
Mərkəzlə
tanışlıq zamanı uşaqlar hazırladıqları
musiqi proqramını Leyla xanım Əliyevaya təqdim etdilər.
Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin
ibtidai təhsili təşkil edir və həyata keçirir,
kor və zəif görən uşaqların hər hansı sənətə
yiyələnmələri üçün onları tərbiyələndirir.
Bu qəbildən olan gənclər burada təhsil prosesi,
sonradan görmə qabiliyyətini itirən tələbələr
isə reabilitasiya mərhələsini keçirlər. Heydər
Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz
kor və zəif görən gənclərin təhsilə və
müxtəlif peşələrə yiyələnmələri
üçün tamamilə yeni standartlar təklif edir.
Mərkəzin
açılışına həsr olunan mərasimdə
çıxış edən müəssisənin direktoru
Damir Ovçina bildirdi ki, cəmi bir neçə ay əvvəl
yararsız vəziyyətdə olan binada indi tədris
üçün yüksək şərait vardır. Buna
görə Heydər Əliyev Fonduna təşəkkür edən
Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma
işlərinin təhsilin səviyyəsinə təsirsiz
ötüşməyəcəyini diqqətə
çatdırdı. Kor və Zəif Görən Uşaqlar
Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər
və şagirdlər adından Heydər Əliyev Fonduna dərin
təşəkkürünü bildirdi. Qeyd etdi ki, Heydər Əliyev
Fondunun nəcib təşəbbüsü sayəsində bu mərkəz
indi nəinki məktəb, həm də bir çox şagirdlər
üçün doğma evə çevrilib. Bosniya və
Herseqovinanın elm və təhsil naziri Damir Maşiç
ölkəsinin baş naziri Nermin Nikşiçin adından
Heydər Əliyev Fonduna minnətdarlıq etdi. Damir
Maşiç Sarayevoda bir çox layihələr
reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin
yenidən qurulmasındakı əməyinin bu qəbildən
olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə
imkan verdiyini diqqətə çatdırdı. Bosniya rəsmisi
Leyla xanım Əliyevaya tərifnamə və xatirə hədiyyəsi
təqdim etdi.
Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışdı. Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi.
Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla xanım Əliyevaya hədiyyə etdilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış edərək dedi:
- Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Leyla xanım Əliyeva dedi ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.
Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla xanım Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə etdi.
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılmışdır. Leyla xanım Əliyeva öz təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşmüşdür.
Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayırlar. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir. Vurğulandı ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərkəzin həyətində ağac əkdi. Sonra uşaqları Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev Fondunun vitse-prezidenti onlarla söhbət etdi.
Sarayevoya səfəri çərçivəsində Leyla xanım Əliyeva Dostluq parkında oldu və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdi, həlak olmuş insanların xatirəsini andı.
Kor və
zəif görən gənclər üçün mərkəzin
təmiri Heydər Əliyev Fondunun Bakı ilə 1972-ci ildən
qardaşlaşmış Sarayevoda həyata keçirdiyi ilk
layihə deyildir. Dövlətin siyasətinə həmişə
dəstək olan fondun belə layihələri ölkələr
arasında əlaqələrin inkişafına və
sözsüz ki, Azərbaycanın xarici ölkələrdə
təbliğinə xidmət edir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2013.- 9 iyun.- S. 4.