Bakıda «Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları – 2013» mövzusunda Beynəlxalq konfrans işini davam etdirir

 

İyunun 8-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Botanika İnstitutunun və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf  üçün fotosintez tədqiqatları-2013" mövzusunda Beynəlxalq konfrans işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, konfransın bölmə iclaslarında Azərbaycan ilə yanaşı, ABŞ, İsveçrə, Estoniya, Almaniya, İtaliya, Yaponiya, Avstraliya, Rusiya və digər ölkələrdən alim və mütəxəssislər iştirak etmişlər.

ABŞ-ın Tennessi Universitetinin professoru Barri Brus, Estoniyanın Tartu Universiteti nəzdindəki Fizika İnstitutunun bölmə rəhbəri Arvi Frayberq, İsveçrənin Cenevrə Universitetinin molekulyar biologiya şöbəsinin professoru Jan-David Roşe, Yaponiyanın Kyoto Universitetinin professoru Fumihiko Sato, Rusiyanın "KORVET" Tədqiqat və İstehsalat Mərkəzinin əməkdaşı Eldar Qasımov, ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin professoru Tərlan Məmmədov və başqaları mövzuya dair məruzələrlə çıxış etmişlər. 

Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində iştirakçıların hazırladıqları posterlərə baxış keçirilmişdir.

Sonra "Gənc istedadlar" və "Ən yaxşı posterlər" nominasiyaları üzrə mükafatlandırma mərasimi olmuşdur. Hər nominasiya üzrə dörd qalib müəyyənləşdirilmiş, konfransın təşkilat komitəsi adından  onlara qiymətli hədiyyələr və sertifikatlar təqdim edilmişdir.

Konfrans iyunun 9-da öz işini başa çatdıracaqdır.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 5.