«Qələbə yolları ilə» adlı Beynəlxalq avtoyürüşün iştirakçıları Qəbələdə olmuşlar

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim ümumi qələbəmiz" adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə təşkil edilən "Qələbə yolları ilə" Beynəlxalq avtoyürüşünün iştirakçıları iyunun 8-də Qəbələdə olmuşlar.

AzərTAc xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Qəbələ şəhərində ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Qonaqlarla rayon icra hakimiyyətində müharibə veteranları və gənclərin iştirakı ilə keçirilən görüşdə məlumat verilmişdir ki, Rusiyanın Gənclərlə üzrə Federal Agentliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən bu avtoyürüşə bu il mayın 6-da Sankt-Peterburq şəhərində start verilmişdir.

"Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün məqsədi gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsinə və Vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.

Avtoyürüşdə iştirak edən 24 rusiyalı gənc müxtəlif bayraqşüarlarla bəzədilmiş 8 avtomobil vasitəsilə Qəbələ şəhərini gəzmişlər. Onlar Böyük Vətən müharibəsinin veteranları ilə görüşlər keçirərək onların qəhrəmanlıqla dolu döyüş yolu, maraqlı xatirələri, şücaətləri, ayrı-ayrı şəhərlərdə qazandıqları qələbənin tarixi barədə məlumatlar toplamışlar.

Bildirilmişdir ki, İkinci Dünya müharibəsində Qəbələ rayonundan 6000 nəfər iştirak etmişonlardan 2500 nəfəri sağ-salamat geri qayıtmışdır. Hazırda isə rayonda 6 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Layihənin iştirakçıları yerli gənclərə Qəbələdə yaşayan Böyük Vətən müharibəsi veteranları ilə söhbətlər aparmağı, onların xatirələrini videomaterial şəklində arxivləşdirməyi tövsiyə etmişlər. Bu işi həyata keçirmək üçün Qəbələdən olan 5 gəncə videokamera hədiyyə edilmişdir. Veteranlardan alınan videomüsahibələr əsasında hazırlanacaq 40 dəqiqəlik film layihə ilə əlaqədar yaradılmış www.41-45.su saytına yüklənəcəkdir.

"Bizim ümumi qələbəmiz" layihəsinin koordinatoru Tatyana Romanova tədbirdə çıxış edərək bildirmişdir ki, veteranlarla bağlı keçirilən bu avtoyürüş həm də rusiyalı gənclərin Azərbaycanla yaxından tanış olmasına, bölgələrdə gedən inkişaf prosesini izləməyə, istehsal müəssisələrini, turizm obyektlərini, tarixi abidələri ziyarət etməyə imkan verir. Qəbələ və Qubada gördüklərimizə əsasən onu deyə bilərəm ki, həqiqətən də ölkənizin bölgələri sürətlə inkişaf edir. Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan neftininigid oğullarının böyük rolu olmuşdur. Bu gün isə Azərbaycan beynəlxalq arenada mühüm rola malik olan bir ölkədir. Azərbaycan oğullarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərməsi və möhtəşəm qələbənin qazanılmasında onların tarixi xidmətlərinin olması barədə məlumatları veteranların öz dilindən eşitmək bizə çox xoş oldu. Biz bildik ki, Vətən uğrunda gedən döyüşlərdə azərbaycanlılar çox itki versə də, son damla qanlarınadək döyüşmüşlər.

Tatyana Romanova qeyd etmişdir ki, "Bizim ümumi qələbəmiz" layihəsi çərçivəsində təşkil edilən "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün iştirakçıları 2011-ci ildə Moskva-Berlin marşrutu üzrə hərəkət edərək Polşa, Ukrayna, Litva, Belarus və Almaniyanın müxtəlif şəhərlərində veteranlarla görüşlər keçirmişlər. Beynəlxalq avtoyürüş 2012-ci ildə Moskva-Murmansk-Novosibirsk marşrutu üzrə təşkil edilmişdir.

Sonra qonaqlar "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləmiş, burada istehsal olunmuş məhsullardan ibarət sərgiyə baxmışlar.

Qəbələnin tarixi-mədəni abidələri ilə də yaxından maraqlanan rusiyalı gənclər rayon tarix-diyarşünaslıq muzeyiniNic qəsəbəsindəki Alban məbədini də ziyarət etmişlər. Sonra qonaqlar beşulduzlu "Qafqaz Resorte", "Qafqaz Riverside", "Qafqaz Sporte" hotelləri, digər turizm və istirahət məkanları ilə tanış olmuşlar. Rayonla tanışlıqdan zövq alan nümayəndə heyəti Qəbələnin gözəl bir məkan olduğunu bildirmişlər.

"Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 9-da Qəbələdən Bakıya yola düşəcəklər. Yürüş iştirakçıları iyunun 12-də Dərbənd şəhərində keçirilən bayram tədbirində iştirak edəcək və oradan da Moskvaya tərəf istiqamət götürəcəklər.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 6.