Milyonların dəyişməz seçimi
Hər bir sivil cəmiyyətdə geniş əhali kütlələrinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar. Siyasi partiyaların tarixinin tədqiqi həm də onu göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkmir. Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi də həmişə mümkün deyildir.
Xalqın inam ünvanı
Tarix sübut edir ki, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi ilk növbədə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən "Heydər Əliyev partiyası" adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
Fikrimizcə, Yeni Azərbaycan Partiyasının qurultaylarının, adətən, ölkə əhəmiyyətli seçkilərdən əvvələ təsadüf etməsi də təşkilatın mövcud imkanları səfərbər edərək təşkilatlanmaq, elektorata mesaj verərək onu hazır vəziyyətə gətirmək, partiyanın gələcək seçki texnologiyasını, taktika və strategiyasını müəyyənləşdirmək məqsədinə xidmət edir. Bu qurultaylar, bir növ, seçkidən-seçkiyə keçilən yolun hesabatını verir, uğur və çatışmazlıqları üzə çıxarır, gələcək fəaliyyət prioritetlərinin dəqiq müəyyənləşdirilməsinə imkan yaradır. Partiyanın xüsusən də prezident seçkilərinə qatılacaq namizədi məhz bu qurultaylarda müəyyənləşir, eyni zamanda rəhbər orqanların tərkibcə yenilənməsi YAP-ın fəaliyyətindəki dinamizmi, səmərəliliyi artırır, onun cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirir.
Bu və digər reallıqlar fonunda YAP-ın sayca V qurultayının 2013-cü ilin iyunun 7-də - növbəti prezident seçkiləri ərəfəsində keçirilməsi də qətiyyən təsadüfi deyildir. Ali tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin də bəyan etdiyi kimi, partiyanın qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Qurultay ilk növbədə göstərdi ki, sıralarında 600 mindən çox insanı birləşdirən partiya nəinki Azərbaycanda, eyni zamanda bölgədə çox böyük siyasi qüvvədir. Ötən il 20 illik yubileyini qeyd etmiş partiyanın siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.
Qurultayda dərin məzmunlu nitq söyləyən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, YAP-ın tarixi ölkəmizin müstəqillik tarixi ilə üst-üstə düşür: "Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. 1992-ci ildə bu tarixi hadisə, bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirmişdir. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır".
Ali
partiya tədbirinin iştirakçısı olan nümayəndələrin
yeganə təklifi əsasında qurultayın baş qərarının
qəbulu - Azərbaycan Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri, möhtərəm İlham Əliyevin
2013-cü ilin oktyabrında keçiriləcək növbəti
seçkilərə namizədliyinin irəli sürülməsi
isə son günlərin ən əlamətdar hadisələrindən
biri kimi tarixiləşmişdir. Şübhəsiz, bu qərar,
əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi
qənaətin partiyanın ali forumunda etiraf edilməsi, yaxud təsdiqlənməsidir.
Əlbəttə, Azərbaycanda bəzi ölkələrdə
olduğu kimi, prezidentliyə namizədi müəyyən etmək
üçün ilkin seçimin keçirilməsi ənənəsi
yoxdur. Lakin ağı qaradan fərqləndirməyi bacaran
xalqımıza əvvəlcədən, həm də heç
bir səhvə yol vermədən dürüst seçim etmək
müdrikliyi xasdır. Bu seçim hər bir ailənin, fərdin, vətəndaşın daxili
inamından qaynaqlanır və məhz buna görə də
onun ictimai dəyəri "praymeriz" adlandırılan
ilkin seçimlə müqayisəygəlməz dərəcədə
güclü və şəffafdır. Bəli, möhtərəm
Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin
irəli sürülməsi məhz belə bir seçimin təcəssümü
kimi tariximizə düşmüşdür. Yeni Azərbaycan
Partiyasının V qurultayının nümayəndələri
isə mütləq əksəriyyətin rəyini rəsmiləşdirmək
kimi şərəfli bir missiyanı həyata keçirməyin
onlara nəsib olmasından kifayət qədər məmnundurlar.
Niyə
məhz İlham Əliyev
Danılmaz
reallıqdır ki, vətəndaşların ölkəyə
layiqli rəhbər seçmək haqqı xalqın öz
taleyinə sahib çıxmaq hüququnun təməlində
dayanır. Azərbaycan xalqı indiyədək 2003-cü və
2008-ci illərin prezident seçkilərində daxili
inamına söykənərək, cənab İlham Əliyevin
prezidentliyə namizədliyini dəstəkləməklə
siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə
ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə
bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın
dövlət müstəqilliyinin ən bariz təcəssümü
Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil
siyasətdir.
Azərbaycan
cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək
seçki əhval-ruhiyyəsi xalqın öz Prezidentinə -
cənab İlham Əliyevə dərin və sarsılmaz
inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə
dövlət başçısının son 10 ildəki gərgin
əməyinə və bunun möhtəşəm nəticələrinə
söykənir. Bu inam hər addımda müşahidə
etdiyimiz bir əlahiddə amildən - Prezidentlə xalqın
sarsılmaz mənəvi bağlılığından
qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda
idarəçilik fəlsəfəsinə yeni məna
çalarları gətirmiş "Mən hər bir azərbaycanlının
prezidenti olacağam" çağırışından
qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev
sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət
alır.
YAP-ın
növbəti prezident seçkilərində cənab İlham
Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə
ən yeni tariximizin möhtəşəm nailiyyətləri
ilə bağlı şərtlənmir. Bu seçim, eyni
zamanda, növbəti illərdə Prezident İlham Əliyevin
Azərbaycanın tərəqqi və inkişafına,
uğurlu gələcəyinə daha çox töhfələr
verəcəyinə olan dərin və səmimi inamdan
qaynaqlanır. Ölkə başçısının
qurultayda söylədiyi nikbin fikirlər hər birimizdə bu
inamı daha da möhkəmləndirmişdir: "Biz on il ərzində
iqtisadi islahatların aparılması ilə dünyanın ən
sürətli iqtisadi inkişafına nail ola bilmişik.
İkinci belə ölkə tapılmaz ki, on il ərzində
iqtisadiyyat üç dəfədən çox artsın və
bütün başqa statistik göstəricilər də ən
yüksək səviyyədə olsun. Hər bir ölkə
üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə,
işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən
çox yeni iş yeri açılmışdır. Xarici
dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil
edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın
kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə
görə dünya miqyasında 46-cı yerdədir. Çox
böyük iqtisadi təşəbbüslər irəli
sürülür. Çox böyük islahatlar
aparılır. Bu, reallıqdır. Əlbəttə, bu
reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə
baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi
planlaşdırırıq. Artıq biz "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq.
Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda
icra edilən layihələr gələcəyə yönəldilibdir.
Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində
ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin
edilsin. Şübhə etmirəm ki, biz buna nail
olacağıq".
Növbəti
prezident seçkiləri ərəfəsində cəmiyyətdə
mütləq əksəriyyətin seçiminin dəyişməz
qalması - cənab İlham Əliyevin alternativsiz lider kimi qəbul
olunması ilk növbədə möhtərəm Prezidentin
fenomenal liderlik keyfiyyətlərindən qaynaqlanır. Eyni
mövqeyə, statusa iddia edən opponentlərindən fərqli
olaraq, cənab İlham Əliyevin ölkənin bugünü
və gələcəyi ilə bağlı baxışlar
sisteminin institutlaşmış xarakter daşıması, bu
baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər
Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən
əsası, ulu öndərin siyasət məktəbində
yetişmiş peşəkar diplomat kimi təmiz
keçmişə, müasir lider imicinə malik olması onun
ictimai rəydə önə çıxmasını şərtləndirən
başlıca məqamlar sırasında xüsusi vurğulana
bilər.
Bir
sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, cənab
İlham Əliyevin siyasətçi kimi formalaşmasına təsir
göstərən amillər sırasında siyasi romantizm, psevdovətənpərvərlik
və arxaik siyasi elementlər yoxdur. Bu baxımdan ölkə vətəndaşları
Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi
seçdiyi kimi, qarşıdakı beş ildə Azərbaycanın
taleyini də ulu öndərin layiqli davamçısı - Azərbaycan
Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Bu
yüksək etimad ilk növbədə cənab İlham Əliyevin
səmərəli fəaliyyətindən, ən əsası,
öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə
almasından qaynaqlanır.
2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyətimiz üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Elə bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı ağır cinayətlər törədən və bir neçə illik cəza müddəti dövründə öz səhvindən səmimi peşmançılıq keçirən insanlar azadlığa buraxılmış, o cümlədən siyasi iğtişaşların təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edilmişlər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir.
YAP-ın son qurultayında həmin dövrü bir daha xatırladan Prezident İlham Əliyev Azərbaycanın böyük uğurlardan üzüağ çıxdığını demişdir: "2003-cü ildə, demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir".
Dövlət
başçısı seçildikdən sonra hökumət
üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti
əsas tələb, vəzifə kimi müəyyənləşdirən
cənab İlham Əliyevin irəli sürdüyü bu
prinsip indi də öz qüvvəsindədir. "Xalq
prezidenti seçir, prezident də xalqın
qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini
dəstəkləyirsə, ona inanırsa, bu, ən
böyük mükafatdır" - bu sözlərin müəllifi
cənab İlham Əliyevin xarizmasına olan kütləvi
inam da məhz onun belə idarəetmə prinsiplərinə
yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara
xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli
gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan
üçün gerçəkdən nə qədər
böyük önəm daşıdığı indi daha
qabarıq görünür. Cənab İlham Əliyevin
liberal baxışlar sistemi, xarakterinə xas olan humanistlik və
xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda
yüksək qətiyyət, prinsipiallıq göstərmək
məharəti onun qısa müddətdə cəmiyyətdə
ulu öndər Heydər Əliyevin layiqli
davamçısı kimi dəstəklənməsini təmin
etmişdir.
İnkişafın hədəfləri
Cənab
İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi
həm də onun nəzəriyyəçidən daha çox
praktik olması ilə şərtlənir. O, inkişafa xidmət
edən mütərəqqi fikir və ideyalarını ictimai
rəyə hesablanmış hansısa populist bəyanatlar
üzərində deyil, reallıqda təsdiqini tapmış
müddəalar üzərində qurur. Auditoriyanın
xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti
insanlarla bütün ünsiyyət anlarında müstəqil
dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər
haqqında fikir və düşüncələrini aydın
şəkildə çatdırır.
Müstəqil
Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
altında ciddi uğurlara imza atması, sürətli iqtisadi
inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub
saxlaması da məhz dövlət idarəçiliyinin uzun
illər ərzində formalaşmış mükəmməl
mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur. Bu dövrün reallıqları həm
də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin
siyasi illüziyalara deyil, real nəticələrə
ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə
deyil, faktlara qiymət verir.
Prezident
İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin
ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan,
sözün əsl mənasında, tam müstəqil siyasət
yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan
dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik
siması, inkişaf yolu vardır. Ölkə
iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi
inkişaf və demokratikləşdirmə, hüquqi dövlət
quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl
və məqsədyönlü fəaliyyəti də məhz
milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini
təmin etmişdir. Modernləşmə xəttinin lideri olan
cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi
bilik və informasiya cəmiyyətinə gətirib
çıxaracaqdır.
Son
illər dövlət başçısının
imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət
proqramlarında bu hədəflərin
reallaşdırılması üçün yerinə yetirilməsi
zəruri vəzifələr müəyyənləşdirilmişdir.
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının təsdiqlənməsində
məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri
daha da sürətləndirmək və mövcud potensialı
davamlı inkişaf naminə tam səfərbər etməkdir.
Hazırda icrasına start verilmiş İnkişaf
Konsepsiyası rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə
siyasətinin sürətləndirilməsini, mütərəqqi
təcrübəyə əsaslanan sənaye zonalarının
yaradılmasını, müəssisələrin texnoloji cəhətdən
yeniləşdirilməsini, intensiv metodların tətbiqinin
daha da genişləndirilməsini və digər tədbirləri
nəzərdə tutur.
Diplomatik uğurların təminatçısı
Azərbaycan
son 10 ildə Qərb məkanında yalnız zəngin neft və
qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə,
insan və vətəndaş hüquq və
azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir
sıra konkret addımları ilə tam sübuta
yetirmişdir. Avropa Şurasının tamhüquqlu
üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya
prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla
sıx əməkdaşlığı hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.
Respublikamızın milli inkişaf və tərəqqi
baxımından demokratikləşmə xəttinə səmimi
şəkildə bağlılığı indi Qərb
dövlətlərində də qətiyyən şübhə
və tərəddüd doğurmur.
2011-ci
ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi
atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. 2012-ci ildə Azərbaycan
"Evrovizion 2012" kimi möhtəşəm musiqi
yarışmasını uğurla gerçəkləşdirərək
yüksək mədəni-mənəvi dəyərlərə,
incəsənətə malik olduğunu sübuta
yetirmişdir. Ən nəhayət, 2012-ci ilin dekabrında
Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Bakı şəhərində
keçirilməsi ilə bağlı tarixi qərar qəbul
etmişdir.
Son
illər bir sıra mühüm beynəlxalq tədbirlərin
keçirilməsində Bakı şəhərinin
seçilməsi respublikamızın beynəlxalq nüfuzunu
daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan
sülh və əməkdaşlıq paytaxtı kimi
tanınmağa başlayır və belə bir müsbət
imicin formalaşmasında son illər respublikada keçirilən
beynəlxalq toplantıların əhəmiyyətini xüsusi
vurğulamaq lazımdır. Respublikada müşahidə olunan
dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə
demokratik-hüquqi islahatların da dönmədən davam
etdirilməsi, bu iki təmayülün ümumi strateji
inkişaf kursunun prioritet xətti kimi nəzərdən
keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə çevirmişdir. Məsələn,
bir neçə gün əvvəl respublikamızda Azərbaycan
ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin
yaradılmasının 21-ci ildönümü ilə
bağlı "Gələcəyə baxış" Azərbaycan-ABŞ
Forumunun rəsmi açılışı olmuşdur. Bundan
başqa, İkinci Mədəniyyətlərarası Dialoq
Forumunun Bakıda keçirilməsi respublikamızın
bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi
kimi tanındığını göstərir.
Sonuncu
forum bir daha təsdiqləmişdir ki, tolerantlıq
düşüncə tərzi cəmiyyətin tarixi
inkişafının nəticəsi, müxtəlif mədəniyyət
və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində
əldə olunmuş tarixi nailiyyətidir. Son illər
Bakıda Bibiheybət, Təzəpir və digər məscidlər
əsaslı təmir olunmuş, onların təchizatına
lazımi diqqət ayrılmışdır. Bundan başqa, cənab
İlham Əliyevin göstərişi ilə paytaxtın ən
gözəl guşələrinin birində katolik kilsəsi
inşa edilmiş, habelə pravoslav kilsəsi təmir və bərpa
olunmuşdur. Əhalinin yüksək faizinin müsəlman
olmasına baxmayaraq, Azərbaycanda gürcü pravoslav kilsəsi,
rus pravoslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət
göstərir. Nisbətən yeni anlayış olmasına
baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas
anlayışdır.
YAP rəhbərliyində yeni
missiya - Mehriban Əliyeva
Prezident
İlham Əliyevin ötən 10 illik fəaliyyəti həm
də ölkədə milli-mənəvi dəyərlərə
qayıdış prosesini möhkəmləndirmiş,
qloballaşmanın kütləvi mədəniyyət stereotiplərinin
qarşısına möhkəm sədd çəkmişdir.
Etiraf etməliyik ki, qloballaşma proseslərindən ən
çox ziyan çəkən milli mədəniyyət və
digər milli dəyərlərdir. Çünki bu proses vahid
dünya təsərrüfatı və iqtisadi sisteminin
yaradılmasından başqa, mənəvi, mədəni,
siyasi, ictimai həyatın digər sahələrini də əhatə
edir. Bəzən Qərbin kosmopolit və universal "dəyərləri"
ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm
də cəlbedici şəkildə təbliğ edilir. Beləcə,
milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin
sıxışdırılmasına və milli şüurun
kosmopolitləşdirilməsinə cəhd göstərilir. Bu
reallıqlardan çıxış edən ölkə
başçısı milli-mənəvi dəyərləri
qorumağın vacibliyini xüsusi önə çəkir.
Bu
gün milli özünəməxsusluğu yabançı Qərb
dəyərlərinin dağıdıcı təsirindən
qorumaq istəyən Azərbaycan ilk növbədə cəmiyyətin
təməli olan milli ailə institutunun tarixi ənənələr
üzərində möhkəmlənməsinə
çalışır. Ailəyə bağlılıq azərbaycanlılarda
tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən
rişələnir. Prezident İlham Əliyev ailə dəyərlərinə
qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun
möhkəmlənməsinə çalışır. Ailə
dəyərlərinin mühafizəsi isə ilk növbədə
qadın adının uca tutulmasından, gender siyasətinin
düzgün istiqamətləndirilməsindən
asılıdır.
Müstəqil
respublikamızda qadın hüquqları etibarlı şəkildə
qorunur, müdafiə edilir. YAP-ın da fəal iştirakı
ilə son illər ölkədə qadınların
ictimai-siyasi fəallığı artmış, dövlət
idarəçiliyi sistemində onların fəal iştirakı
təmin edilmişdir. Azərbaycanda qadın hərəkatının
geniş vüsət almasında, xanımlarımızın nəcib
və xeyirxah məqsədlər naminə sistemli və
ardıcıl fəaliyyətinin genişlənməsində,
onların YAP-a axınının təmin edilməsində Azərbaycanın
birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri
xüsusi vurğulanmalıdır. Azərbaycan qadını
üçün səciyyəvi olan humanizm,
qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi
keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində
daha parlaq təcəssümünü tapır. Heydər Əliyev
Fondunun prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi
dəyərlərə söykənən və intellektual
yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə
daha da zənginləşməsinə və möhkəmlənməsinə
yönəlmişdir. Fond ölkəmizdə elmin, təhsilin,
mədəniyyətin inkişafı, sosial problemlərin həlli
naminə gördüyü fəal işlərlə
yanaşı, gender problemlərinə, qadınlara
qarşı bütün zorakılıqların, ənənəvi
Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan
qaldırılmasına xüsusi diqqət yetirir.
Bu
gün YAP üzvləri Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın sivilizasiyalar arasında mədəni
dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni
dəyərlərinin aşkara çıxarılmasına,
ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın
dərinləşməsinə yönəlmiş fəaliyyətini
yüksək qiymətləndirir və bu prosesə öz
töhfələrini verməyə çalışırlar.
Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi
sağlamlığı, milli-genetik ruhunun qorunması naminə
həyata keçirdiyi sosialyönümlü layihələr
sırasında təhsil və səhiyyəyə yardım,
bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri
mühüm yer tutur. Bu baxımdan "Yeniləşən Azərbaycana
yeni məktəb", "Təhsilə dəstək",
"Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" və digər layihələr
cəmiyyətdə böyük rəğbətlə
qarşılanır. Fondun 9 illik fəaliyyətinin ən
mühüm nəticələrindən biri də respublikada
xeyriyyə fəaliyyətinin canlandırılmasıdır.
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri haqlı
olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji
ab-havanın yaxşılaşmasına şərait
yaradır, insanlar arasında münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi və həssas olmasına
müsbət təsir göstərir. Çətin məqamda
başqalarından dəstək almış insan imkanı
daxilində başqalarına kömək göstərməyə
daha çox meyil edir. Beləliklə, cəmiyyətdə
xeyirxah işlərin dairəsi genişlənir,
qarşılıqlı kömək və dəstək sistemi
yaranır.
Bu da
təsadüfi deyildir ki, partiya üzvlərinin siyasi iradəsi
və istəyi ilə Heydər Əliyev Fondunun rrezidenti, Milli
Məclisin deputatı Mehriban Əliyeva YAP-ın sədr
müavini seçilmişdir. Bu seçim ilk növbədə
Azərbaycanın birinci xanımının partiyanın cəmiyyətdəki
nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz
töhfələrlə şərtlənir.
İnkişafyönümlü layihələrə
böyük dəstək verən Azərbaycanın birinci
xanımı partiya daxilində qadın hərəkatının
genişlənməsini təmin etmişdir. Bütün sahələrdəki
fəaliyyəti ilə uğur rəmzinə çevrilmiş
Mehriban xanım Əliyevanın sədr müavini kimi
YAP-ın inkişafında mühüm rol
oynayacağını da bəri başdan əminliklə deyə
bilərik.
Sonda
xüsusi vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin
son 10 illik fəaliyyətinin ən böyük
uğurlarından biri də ölkədə milli ideyanın
formalaşmasıdır. Ümumi şəkildə ifadə
etsək, bu gün ölkədə həyata keçirilən
siyasətin başlıca məqsədi modernləşmə mərhələsini
də sürətlə başa vuraraq Azərbaycanı
inkişaf etmiş ölkələr səviyyəsində
yüksəltmək, demokratik idealların cəmiyyətdə
tam möhkəmlənməsinə nail olmaq, yeni
düşüncəli vətəndaş yetişdirməkdir.
Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin
reallığa adekvatlığı isə qətiyyən
şübhə doğurmur. Çünki bu gün Azərbaycana
hər addımda ölkəni inkişaf etdirməyə,
müasirləşdirməyə çalışan, yeni
dünya nizamının tələblərinə cavab verən
siyasət yürüdən müasir menecment təfəkkürlü
və qətiyyətli lider rəhbərlik edir.
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, YAP Xətai
rayon təşkilatının sədri
Azərbaycan.-2013.- 11 iyun.- S.4.