Gürcüstan nümayəndə heyəti
azərbaycanlı qaçqın və məcburi köçkünlərin
yaşayış şəraiti ilə tanış olmuşdur
Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 10-da Bakıda məskunlaşmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
AzərTAc
xəbər verir ki, qonaqlar əvvəlcə Dərnəgül
tələbə şəhərciyindəki Bakı İdarəetmə
və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasına baş
çəkmişlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov məlumat vermişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 78 müasir qəsəbə salınmış, 140 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Yataqxanadakı şəraitlə maraqlanan Gürcüstan nümayəndə heyətinin üzvləri Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmış və onların problemləri ilə yaxından tanış olmuşlar.
Qonaqlar Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün tikilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində də olmuşlar. Məlumat verilmişdir ki, doqquzmərtəbəli altı binada şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşmış və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilmişdir.
Gürcüstan nümayəndə heyəti Xocavənd rayonundan məcburi köçkün Nazilə Abdullayevanın evinə baş çəkmişdir.
Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olmuşlar. Məhəllə ilə tanış olan qonaqların diqqətinə çatdırılmışdır ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilən məhəllə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat vəsait hesabına inşa olunmuşdur.
Gürcüstan nümayəndə heyəti Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq edilmişdir.
Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün ailəsinin üzvləri onlar üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Qonaqlar məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, zəngin təbii sərvətləri ilə məşhur olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini əsas amil seçmişdir.
Gürcüstanın nümayəndə heyəti məktəbin şagirdlərinin hazırladıqları konsert proqramına tamaşa etmişlər.
Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən David Daraxvelidze Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəstəklərini əsirgəməyəcəklərini bildirmişdir. Qeyd etmişdir ki, bu istiqamətdə xalqların dəstəyi vacibdir.
David
Daraxvelidze Azərbaycanın qüdrətli dövlət
olduğunu və tezliklə bu problemin öhdəsindən gələcəyini
diqqətə çatdırmışdır. Vurğulamışdır
ki, xalqlarımız oxşar problemlərlə üzləşdikləri
üçün bir-birini daha yaxşı anlayır.
Azərbaycan.-2013.- 11 iyun.- S.5.