Azərbaycan Mətbuat Şurasının
və «Vergilər» qəzetinin keçirdiyi fərdi jurnalist yazıları
müsabiqəsinin qaliblərinin adları
açıqlandı
Dünən
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat
Şurası və Azərbaycan Respublikası Vergilər
Nazirliyinin "Vergilər" qəzetinin birgə elan etdiyi
"Heydər Əliyev və Azərbaycanda vergi siyasəti"
mövzusundakı müsabiqənin qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbiri
giriş sözü ilə açan Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycanda
müxtəlif istiqamətlərdə əldə olunan
yüksək tərəqqi bilavasitə ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü
siyasi kursun nəticəsidir. Bu baxımdan onun rəhbərliyi
altında aparılmış vergi siyasətini xüsusi
vurğulamaq lazımdır: "Vergi islahatları özünün
dinamizmi və beynəlxalq standartların tətbiqi ilə
böyük uğur qazanıb və hazırda Azərbaycan
çevik vergi modelinə malik ölkədir. Bu model sahəni
tənzimləməyə imkan verir ki, mövcud prosesin idarə
olunmasında Vergilər Nazirliyi özlüyündə olduqca
effektiv sistem kimi çıxış edir. Nazirlik Heydər Əliyevin
müəyyənləşdirdiyi xətti daim rəhbər
tutaraq fəaliyyət göstərir. Bu gün burada
toplaşmağımız da həmin xəttə sadiqliyin bir
nümunəsidir. Nazirliyin "Vergilər" qəzeti Mətbuat
Şurası ilə birgə fərdi jurnalist yazıları
müsabiqəsi keçirib. Həmin müsabiqənin qaliblərinin
adları məlumdur. Belə qərara gəlmişik ki,
müsabiqəyə yazı verən hər kəs
mükafatlandırılsın. Buna görə də mən
hamını təbrik edirəm".
"Vergilər"
qəzetinin baş redaktoru Anar Əliyev
çıxışında müsabiqə ilə
bağlı ətraflı məlumat verib. O bildirdi ki, həyata
keçirilmiş təşəbbüsdə məqsəd Azərbaycanın
müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların
cəmiyyətə çatdırılmasında peşəkar
jurnalist yaradıcılığını
stimullaşdırmaqdan ibarətdir. A.Əliyev müsabiqəyə
ümumilikdə 44 yazının təqdim olunduğunu
vurğuladı.
Üç
istiqamət üzrə birinci,
ikinci və üçüncü yeri tutanlar
mükafatlandırıldı. Sonra 35 jurnalist həvəsləndirici
mükafata layiq görüldü. Qeyd edək ki, "Heydər
Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusundakı
müsabiqədə "Azərbaycan" qəzetinin
"Parlament və Siyasət" şöbəsinin əməkdaşı
Elnur Hacalıyev birinci yerə layiq görüldü.
Azərbaycan.-2013.- 11 iyun.- S.7.