Bakıda İqtisadi
Əməkdaşlıq və İnkişaf
Təşkilatının seminarı keçirilir
Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Çoxmilli müəssisələrin auditi" mövzusunda seminar öz işinə başlamışdır. Seminarda İƏİT katibliyinin, eləcə də Niderland və İsveç Krallıqlarının vergi orqanlarının ekspertləri, Azərbaycan, Türkiyə, Belarus, Niderland, İsveç, Ukrayna və Gürcüstanın vergi orqanlarının əməkdaşlarının nümayəndələri iştirak edirlər.
Seminarın açılış mərasimində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bu tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə etmiş və Vergilər Nazirliyinin bir çox beynəlxalq institutlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, qloballaşan dünyada transmilli şirkətlərin fəaliyyətinin sürətlə genişlənməsi onların vergi öhdəliklərinin düzgün müəyyən olunması üçün auditin aparılması, vergilərin minimallaşdırılması və vergidən yayınma ilə mübarizə sahəsində səylərin gücləndirilməsi kimi məsələlərdə vergi orqanlarının birgə fəaliyyətini, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsini zəruri edir.
Tədbirdə
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
Qlobal Əlaqələr Departamentinin nümayəndəsi
Ubaldo Qonzalez İƏİT Vergi Siyasəti və
İnzibatçılığı Mərkəzinin fəaliyyəti
barədə məlumat vermişdir. Sonra
İsveç Vergi Agentliyinin auditoru Jan Montelius və Niderland Vergi və Gömrük Administrasiyasının auditoru Peter Oostdijk çıxış etmişlər. Açılış mərasimində "Çoxmilli müəssisələrin
xüsusiyyətləri", "Çoxmilli
müəssisələrin vergiyə cəlb edilməsi" mövzusunda təqdimatlar edilmiş,
Vergilər Nazirlyinin Vergi
Siyasəti və Strateji Araşdırmalar
Baş İdarəsinin Strateji
araşdırmalar idarəsinin rəisi İmran
Qarayev tədbir
iştirakçılarını ölkəmizin vergi sistemi və bu sahədə aparılan islahatlarla
tanış etmişdir.
İyun
ayının 14-dək davam edəcək seminarda transmilli
şirkətlərin vergiyə cəlb edilməsi, onlarda
auditin aparılması, vergi planlaşdırması və vergi
orqanları ilə əlaqələrin qurulması istiqamətində
mövcud olan milli və beynəlxalq təcrübələr ətrafında
müzakirələrin aparılması nəzərdə
tutulur.
Azərbaycan.-2013.- 11 iyun.- S.7.