Azərbaycan ilə Fələstin arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyunun 11-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Baş nazir Artur Rasizadə Azərbaycan ilə Fələstin arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə etmişdir.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllində və Fələstin Dövlətinin beynəlxalq hüquq normalarına uyğun tanınmasında qarşılıqlı dəstəyin vacibliyini bildirmişdir.

Nazir Riad Malki Qüds şəhərinin inkişafına dəstək və Fələstin Dövlətinə yardım ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirləri konfransının Bakıda keçirilməsinə görə ölkəsinin hökuməti və xalqı adından Azərbaycan rəhbərliyinə minnətdarlığını çatdırmışdır.

Görüşdə Azərbaycan ilə Fələstin arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan.-2013.- 12 iyun.- S.2.